Məhkəmə qərarları › İş №2(060)-5538/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5538/2022

06.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5538/2022 06.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 9cu mikrorayonda yerləşən 38A saylı evin 35 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 38A saylı evin 35 saylı mənzili onun mülkiyyətindədir. Cavabdeh onun qızıdır. Cavabdeh ailə həyatı quraraq başqa ünvanda yaşayır. Cavabdehin mənzildə qeydiyyatda olması onun mənzil hüquqlarının pozulması deməkdir. Cavabdehin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, həmçinin, bildirdi ki, cavabdeh onun sözünə baxmır, hörmətsiz davranır, ona görə də bir mülkiyyətçi kimi cavabdehin mənzilində qalmasını istəmir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o ailə həyatı qurmamışdır, subaydır. Mübahisəli mənzildə 34-35 il daimi yaşamışdır. Həmin mənzildən ailə münaqişəsi səbəbindən xx.xx.2022-ci ildə çıxıb getmək məcburiyyətində qalmışdır. Hal-hazırda rəfiqəsinin evində yaşayır. Bütün mübahisələr atası vəfat etdikdən sonra yaranmışdır. Qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki iş materiallarında olan: - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2018-ci ildə vəfat etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 38A saylı evin 35 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 85 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və aidiyyəti məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 38A saylı evin 35 saylı mənzilində qeydiyyatdadır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil Kommunal Səhəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 38A saylı evin 35 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq yaşamır. Aktın doğruluğunu Mehbara Baxışova, Fəridə Hümbətova və Zenfira Rzayeva öz imzaları ilə təsdiq etmişdirlər. - xx.xx.1993-cü il tarixli, 71/539 saylı orderdən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 38A saylı evin, 3 otaqlı, sahəsi 39.6 kv.m olan 35 saylı mənzilinin icarədarı İddiaçıdır - Həmin orderdən görünür ki, İddiaçı icarədər, Kamandar Hüsənov - İddiaçı həyat yoldaşı, Cavabdeh - İddiaçı qızıdır. - AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəmənin soruğusuna əsasən göndərilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən 35 saylı mənzil Sumqayıt şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 0102.1993-cü il tarixli, 71/539 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti MTİİB 9 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 119 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. - Həmin məktubla göndərilən Azərbaycan Respublikası Sumqayıt şəhəri Mənzil Təsərrüfat İstehsalat İstismar Birliyi 9 saylı Mənzil İstismar Səhəsinin 120 №-li, xx.xx.2009cu il tarixli arayışından görünür ki, Cavabdeh 2003-cü ildən Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 38A saylı evin 35 saylı mənzilinə qeydiyyata düşmüşdür. - Həmin məktubla göndərilən Cavabdeh xx.xx.2009-cu il tarixli ərizəsindən görünür ki, Cavabdeh mübahisəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə razı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli mənzil orderlə iddiaçıya ayrılmış, xx.xx.2009-cu ildə isə onun adına özəlləşdirilmişdir. Cavabdeh iddiaçının qızıdır və həmin orderdə ailə üzvü kimi adı yazılmaqla, 2022-ci ilin may ayının axırlarınadək sözügedən mənzildə yaşamışdır. O, ailə daxilindəki münaqişəli vəziyyət səbəbindən evi tərk etmək məcburiyyətində qalaraq, hazırda rəfiqəsinin evində yaşayır. Onun daimi yaşayış yeri mövcud deyildir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Həmin Qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin bu qərarlarda ifadə olunmuş hüquqi mövqeyinə görə yaşayış sahəsinin mülkiyyət forması dəyişdirildikdə, yəni xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqda həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququ ilə bağlı məsələlərin həlli zamanı 2009-cu ilin oktyabr 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə, sözügedən Qərarda keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadəsinin mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri tərəfindən mümkünsüz edilməsi barədə hüquqi mövqeyinin, eyni zamanda ailə üzvünə də şamil olunduğu qənaətindədir. Belə ki, burada vurğulanan amil istifadə hüququ mümkünsüz hala gətirilən şəxslərin xitam verilə bilən və ya bilinməyən ailə üzvü statusuna malikliyi deyil, ona iradəsinə zidd olaraq yaşayış sahəsindən istifadə imkanının verilməməsidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququna malikdir. Belə ki, o, həmin mənzilin mülkiyyətçisi İddiaçı qızı olmaqla, onun ailə üzvüdür. Cavabdeh ehtiyacı olmasına baxmayaraq mülkiyyətçi ilə birlikdə sözügedən yaşayış sahəsində yaşamaması ilə bağlı məhkəmə hesab edir ki, bu hal onun iradəsinə uyğun baş verməmiş, mülkiyyətçi cavabdehin mübahisəli mənzildən istifadəsini mümkünsüz etmişdir. Bunu tərəflərin izahatı, işin faktiki halları və təqdim olunmuş sübutlar təsdiq edir. Belə olduqda, cavabdehin, mülkiyyətçinin mübahisəli yaşayış sahəsindən istifadə etmək ehtiyacı olan ailə üzvü kimi həmin mənzildən istifadə hüququna kompensasiyanın ödənilməsi şərtilə xitam verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və AR MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 38A saylı evin 35 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar