Məhkəmə qərarları › İş №2(060)-5555/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5555/2022

01.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5555/2022 01.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzili iddiaçının atası Məmmədov Xəlil Avaz oğlu xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının doğma bacılarıdır. 1986-cı ildən iddiaçıya məxsus mənzildə yaşamırlar. Mənzildə cavabdehlərə məxsus heç bir əşya yoxdur.Cavabdehlər daima yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür, cavabdehlərin mənzildə qeydiyyatda qalması formal xarakter daşıyır. Əlavə olaraq bildirir ki, cavabdehlərin mənzildə qeydiyyatda qalması səbəbindən iddiaçı mənzillə bağlı hüquqlarını həyata keçirməyə çətinlik çəkir, əlavə kommunal xidmətlər ödəməyə məcbur olur. Ona görə də, iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət edir. İddiaçı nümayəndəsi-vəkil Nümayəndə məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasında iştirak edə bilmədiyini, məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, baxış iclasının təxirə salınması üçün hər-hansı üzürlü səbəb müəyyən edilmir, belə ki, iş üzrə 4 məhkəmə hazırlıq iclası keçirilib və iddiaçının nümayəndəsi həmin iclasların hamısında iştirak edərək, tərəfindən mümkün sübutların təqdim edildiyini qeyd etmişdir, habelə təqdim olunmuş yazılı materiallarla bağlı izahlar vermək nümayəndəyə təklif edilərək dinlənilmişdir. İzahlar verən zaman nümayəndə hazırda cavabdehlərin harada və hansı yaşayış sahəsində yaşadıqlarını bilmədiyini. Onların 1986-cı ildən mübahisəli mənzili tərk etdiyini göstərmiş, iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş cavabdan görünür ki, Sumqayıt şəhəri, 12 mkr, ev 9, 25 saylı mənzil xx.xx.1972-ci il tarixdə Order əsasında Məmmədov Xəlil Avaz oğlunun istifadəsinə verilmiş, onunla birlikdə Sevda Məmmədovada həmin mənzilə köçmüşdür. 10 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, X2 1972-ci ildən, Cavabdeh2 isə 1978ci ildən ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2012-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzilin ataları X1 adına özəlləşməsinə etiraz etməmişlər. - xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Məmmədov Xəlil Avaz oğlu ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 78,8 kv.m, yaşayış sahəsi 56 kv.m, yardımçı sahəsi 22,8 kv.m olan 4 otaqlı mənzili tam mülkiyyət üzrə İddiaçı bağışlamışdır. Cavabdeh1 və Cavabdeh2 ünvan 1-in bağışlanmasına razılıq vermişlər. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil Kommunal Sahəsinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar 1986cı ildən bu mənzildə yaşamırlar - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın olub-olmaması barədə arayışdan görünür ki, respublika ərazisində ərazi idarələrində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun 3 sentyabr 2020-ci il tarixli 4Ə-1227 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən xx xxxxxx 1971-ci il təvəllüdlü Cavabdeh1 Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886Q yerləşən 0,1627 ha bağ torpaq sahəsi üzərində tam mülkiyyət hüququ 7 sentyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Məktubda qeyd olunan xx xxxxxxxx 1978-ci il təvəllüdlü Cavabdeh2 adına Respublika ərazisində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Sumqayıt şəhəri, 12 mkr, ev 9, 25 saylı mənzil xx.xx.1972-ci il tarixdə Order əsasında Məmmədov Xəlil Avaz oğlunun istifadəsinə verilmiş, onunla birlikdə ailə üzvləri o, cümlədən Sevda Məmmədovada həmin mənzilə köçmüşdür. X2 1972-ci ildən, Cavabdeh2 isə 1978-ci ildən (doğulduğu tarixdən) ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2012-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzilin ataları X1 adına özəlləşməsinə etiraz etməmişlər. Bundan sonra xx.xx.2020-ci il tarixdə cavabdehlərin atası, cavabdehlərin notarial razılığı ilə mənzili cavbdehlərin bacısı hazırki iş üzrə İddiaçı bağışlamıdır və hazırda mənzil İddiaçı məxsusdur. Göründüyü kimi iddiaçı cavabdehlərin harada yaşamaqları və olduqları yer barədə məlumatlı olmadığını, habelə cavabdehlərin qeydiyyatda olduqları mənzildə 1986-cı il tarixdən yaşamadaqlarını qeyd etməsinə baxmayaraq, cavabdehlər mənzilə hüquqlu olduqları üçün xx.xx.2012-ci il tarixdə mənzil özəlləşərkən və xx.xx.2020-ci il tarixdə mənzil bağışlanarkən iddiaçı ilə birlikdə notariat ofisinə gedərək müvafiq sənədləşmədə iştirak etmişlər. Bununla yanaşı cavabdehlərin 1986-cı ildən qeydiyyatda olduqları mənzildə yaşamamalarına dair iddiaçının iddia etməsi və bu halın Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil Kommunal Sahəsinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli aktda qeyd edilməsi ağlabatan deyil, belə ki, həmin tarixdə cavabdehlərin birinin 14, digərinin isə 8 yaşı olmuş və onların valideynləri ilə birlikdə yaşadıqları mənzildən müstəqil olaraq çıxıb getmələri reallığa uyğun deyil. Cavabdehlər iddiaçın bacılarıdır, onların arasında etibarlı ailə əlaqələrinin mövcud olub-olmamasını, cavabdehlərin yaşayış sahəsinə olan ehtiyacını iddiaçının evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olub-olmamalarını iddiaçı sübut edə bilmir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2. maddəsi). "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Cavabdehlərin mübahisəli mənzilə dair yaranmış hüquq münasibətləri 2000-ci ilin sentyabr ayından əvvəlki dövrə təsadüf edir. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunur ki, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Beləliklə Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar