Məhkəmə qərarları › İş №2(060)-556/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-556/2021

09.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-556/2021 09.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İlkin iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mülkiyyətin naturada müəyyən olunması və cavabdehə müdaxilənin qadağan edilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mənzilin alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsi və mənzilin boşladılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə 09 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 9Q saylı evin 26-cı mənzili və Sumqayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən 0.1 (10 sot) ha torpaq sahəsi üzərində naturada iddiaçıların və cavabdehin paylarının müəyyən olunması və iddiaçılara məxsus daşınmaz əmlaka cavabdeh tərəfindən müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən 0,1 (10 sot) ha torpaq sahəsi üzərində real vəziyyətdə iddiaçıların və cavabdehin paylarının müəyyən olunması və iddiaçılara məxsus daşınmaz əmlaka cavabdeh tərəfindən müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X6 iddiaçılara 04.04.2018ci ildə verdiyi 2v-341 reyestr nömrələri ilə reyestrə saldığı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, miras kütləsinə daxil olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 9Q, 26 saylı mənzilə dair aparılan bütün alqı-satqı (bağışlama) müqavilələrinin, mənzilə dair çıxarışın etibarsız hesab olunması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 iddia tələbini onunla əsaslandırmışlar ki, X13 30 sentyabr 2017-ci ildə vəfat etmişdir. Vəfat edən tarixə mərhum N.B.İsmayılovun mülkiyyətində Sumqayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən 0,1 (10 sot) ha torpaq sahəsi olmuşdur. X17 ölüm tarixinə 4 nəfər qanun üzrə vərəsəsi olmuşdur (İddiaçı3, oğlu, X4, X2 və Cavabdeh). Onlar mərhum N.B.İsmayılovun övladları, Cavabdeh isə onun ikinci arvadı (həyat yoldaşı) olmuşdur. Sumqayıt "ASAN xidmət” Mərkəzinin notariat kontoru tərəfindən 04.04.2018-ci ildə onlara mərhumun əmlakının 3/4 hissəsinin qəbulu barədə "Qanun iizrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir” (Reyestrdə 2v-341 № ilə qeyd edilib). Cavabdehə əmlakın 1/4 hissəsinə 31.03.2018-ci il tarixdə 2v-329 reyestr nömrəsi ilə qeyd olunmuş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda cavabdeh onları bağ torpaq sahəsinə buraxmır. Dəfələrlə bağ torpaq sahəsinə dair hüquqlarını həyata keçirmək istəsələr də, cavabdeh buna imkan verməmişdir. O, özünə və onlara məxsus əmlakları zəbt edərək öz məqsədləri üçün istifadə etmişdir. Bu da onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda göstərdiklərinə əsasən, iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunıa əsaslandırmışdır ki, Seriya RX, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı ümumı sahəsi 0.10 ha torpaq sahəsinin 0.025 ha (250 kv.m) onun qanuni istifadəsindədir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir. Mənzilini 2010-cu ildə sataraq həmin vəsaitlə istifadəsində olan torpaq sahəsində (250km) fərdi yaşayış evi inşa etmişdir. Hazırda ailəsi ilə birgə bu evdə yaşayır. Evə dair 081396 nömrəli lisenziyalı "xxxx" MMC memarlıq-planlaşdırma aparmış və plan-sxemini tərtib və təsdiq etmişdir. Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı torpaq sahəsinin naturada yerində bölünməsi və həmin hissəyə dair (250km) adına ayrıca çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə ekspertiza keçirilmiş və müvafiq rəy əldə edildikdən sonra məhkəmə iddia tələbini qismən təmin etmişdir. Sumqayıt bağ massivi B-3969 saylı, 0,10 ha olan torpaq sahəsinin 1/4 hissəsi yəni 0,025 ha ölçüdə Cavabdeh aid hissədə naturada bölünmüş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. 14.01.2014-cü il tarixdə miras qoyan X14 ilə rəsmi nikaha daxil olmuşdur. X16 30.09.2017-ci ildə rəhmətə getmişdir. Miras qoyan əri - N.İsmayılov rəhmətə getdikdən sonra 3 ay və 6 ay ərzində notariusa müraciət etmiş və 31.03.2018-ci ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzinin xüsusi notariusu X7 miras əmlakdan 1\4 hissədə pay ayırmış və 3\4 hissəni açıq saxlamışdır. Ona verilmiş qanun üzrə şəhadətnaməyə əsasən miras əmlak DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən 02.03.2012-ci il tarixdə X10 verilmiş **********83 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyesterindən çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsindən ibarətdir. Hazırda qarşı tərəf ona məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9Q, 26 saylı mənzili və torpağı bölmək məqsədi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini aldıqdan sonra ona məlum olmuşdur ki, həmin mənzil miras kütləsinə daxil olmasına baxmayaraq nədənsə şəhadətnaməyə salınmamışdır. MİS-dən aldığı 25.09.2020-ci il tarixli, 2071 saylı f-2 arayışından görünür ki, mənzil sahibi X11r və 29.12.2017-ci ildə mənzilə qeydiyyata düşüb. Bununla belə qəti qənaətə gəlir ki, 30.09.2017-ci ildə ölmüş ərindən miras qalan həmin mənzil adı çəkilən şəxsə 19.12.2017-ci ildə satılıb. Yəni əri öldükdən 3 ay sonra alqı-satqı edilmişdir. Miras pay hüququ olan həmin mənzil qanunsuz yollarla özgəninkiləşdirilib. Ona görə də mənzilə dair alqı-satqı (bağışlama) işi notariatdan tələb edilməli və əməliyyatı aparmış notarius işə cavabdeh qismində cəlb olunmalıdır. Miras açılarkən iddiaçılar və notarius mirasın bir hissəsini gizlətmişdirlər. Hazırda məhkəməyə iddia ərizəsi verərək mənzilin də bölünməsini tələb edirlər. Hazırda miras mənzil vərəsə olmayan kənar şəxsin - X8 mülkiyyətində və istifadəsindədir. Odur ki, Sumqayıt “Asan Xidmət’’ mərkəzinin notariat kontorunun xüsusi notariusu X6 iddiaçılara 04.04.2018-ci ildə verdiyi 2v-341 reyestr nömrələri ilə reyestrə saldığı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, miras kütləsinə daxil olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 9Q, 26 saylı mənzilə dair aparılan bütün alqı-satqı (bağışlama) müqavilələrinin, mənzilə dair çıxarışın etibarsız hesab olunması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, ekspert torpaq sahəsinin bölgüsünün mümkün olmaması barədə rəy vermişdir. Belə olan halda onun uşaqlarının həmin torpaq sahəsindən necə istifadə edəcəklərini bilmir. Hazırda Cavabdeh onlara torpaq sahəsinə daxil olmağa imkan vermir. Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsində o öz vəsaiti hesabına ev tikmişdir. Hazırda orada yaşayır. Torpaq sahəsinin bölünməsinə də etiraz etmir. Lakin bölgü zamanı ev olan hissə ona ayrılmalı, boş torpaq sahəsi isə ilkin iddiaçılara verilməlidir. Digər tərəfdən iddiaçıların nümayəndəsi ona qarşı maşın iddiası qaldırmışdır. Nəticədə onun oğlunun istifadəsində olan maşın satılmışdır. Əgər o belə iddia qaldırmasaydı, o ümumiyyətlə bu iş üzrə məhkəmə iclaslarına gəlməyəcəkdi. Lakin maşın məsələsinə görə o da iddiaçılardan mənzil tələb edir. O heç vaxt mərhum N.İsmayılovun uşaqlarına torpaq sahəsinə daxil olmağı qadağan etməmişdir. Həmişə onlarla mehriban olmuşdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Sumqayıt Asan Xidmət Mərkəzinin 04.04.2018-ci il tarixli 2296 nömrəli məktubundan görünür ki, 30.09.2017-ci il tarixdə ölmüş X5 (miras qoyan) miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən 0.1 ha torpaq sahəsinə dair ünvan 3l 26-da qeydiyyatda olan Nümayəndə (etibarnaməyə əsasən İddiaçı3, İddiaçı2 və İddiaçı1 adlarından çıxış edərək) (vərəsə) verilmiş 04.04.2018ci il tarixində 2V-341 reyestr nömrələri ilə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlama müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə göndərilmişdir. İş materiallarında olan 04.09.2018-ci il tarixi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 30.09.2017-ci il tarixdə ölmüş X9 vərəsələri İddiaçı3, İddiaçı2 və İddiaçı1 miras əmlakdan ¾ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumayıt şəhər Ərazi İdarəsi tərəfindən 02.03.2012-ci il tarixdə X10 verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsindən ibarətdir. Əmlakın 1/4 hissəsinə 31.03.2018-ci il tarixdə 22V-329 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 xüsusi mülkiyyət hüququ üzrə X9 adına 47 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 02.03.2012-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan AZ İ 869743 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 30.09.2017-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 07.10.2017-ci il tarixə 287 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 02/10523 nömrəli 25.04.2018-ci il tarixli arayışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 nömrəli torpaq sahəsinin 09.04.2018-ci il tarixinə bazar dəyəri 35000 manat təşkil edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 03.03.2020-ci il tarixli 2(060)- 64/2020 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı X1 cavabehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumayıt şəhər Ərazi İdarəsinə, İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı iddia tələbi qismən təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı, 0.10 ha olan torpaq sahəsinin ¼ hissəsi yəni, 0,025 ha ölçüdə Cavabdeh aid hissədə naturada bölünməsi qərara alınmışdır. İşdə olan AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 11.11.2020-ci il tarixli **********98 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən 26 saylı mənzil Sumqayıt şəhər Xalq Deputatları Soveti tərəfindən verilmiş 24.12.1990-cı il tarixli, 21/2222 nömrəli order, 9 saylı MİS tərəfindən verilmiş 06.02.1991 -ci tarixli 148 nömrəli mənzılə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 N-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri və Sumqayıt Xalq Deputatları Soveti icraiyyə Komitəsınin 19.03.1991-ci il tarixli, M-1/263 reyestr mənzilin əvəzsiz bağışlanması müqaviləsi əsasında X3 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 4 saylı Dövlət notariat kontorunun notariusunun təsdiq etdiyi 15.07.1999-cu il tarixli, 3M-1/79 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil Nümayəndə adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdır. 28.10.2009-cu il tarixdə Nümayəndə idarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi ********** qeydiyyat nömrəli, 31.10.2009-cu il tarixli dövlət reyestrindən çıxarışla əvəz edilmişdir. Sumqayıt şəhər 4 saylı Dövlət notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-1729 reyestr nömrəli 10.11.2017-cı il tarixlı alqı-satqı müqaviləsi əsasında mənzil X8 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 16.11.2017-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2358 nömrəli, 14 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin 3/4 və 1/4 hissədə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər 3 (Mülki Məcəllənin 213.1. və 213.2. maddələri). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.1., 220.2. və 220.3. maddələri). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (Mülki Məcəllənin 220.4., 220.5. və 220.6. maddələri). Məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi paylı mülkiyyətdə olmaqla tərəflərin mülkiyyətindədir. Mübahisəli torpaq sahəsinin 1/4 hissəsi qarşılılıqlı iddiaçının və 3/4 hissəsi isə ilkin iddiaçıların mülkiyyətindədir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Məhkəmə hesab edir ki, torpaq sahəsinin naturada bölünməsinin mümkün olubolmadığının müəyyən edilməsi xüsusi bilik tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101-ci maddəsinə görə ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.2). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.3). Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mübahisə predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin naturada bölünməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və 14 oktyabr 2021-ci il tarixli ekspert rəyi ilə Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin ¾ və ¼ hissədə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki, tədqiqat obyektinə baxış keçirilən torpaq sahəsinin, 1 tərəfdən küçə, 3 tərəfdən isə qonşu sahələrlə əhatə olunduğu, həmçinin həmin torpaq sahəsində, talvar tikilisi, fərdi yaşayış evi və 4.60m x 8.70m ölçüdə köməkçi tikilinin olduğu müəyyən olunmuşdur. Qərardadda ekspert qarşısında mübahisə pedmeti olan torpaq sahəsinin (¾ və ¼ hissə) paylar üzrə naturada bölünməsinin mümkünlüyünün müəyyən edilməsi tələb olunmuşdur. Bununla bağlı qeyd olunur ki, torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Tədqiq olunan həyətyanı torpaq sahəsinin yalnız bir tərəfdən küçə ilə əhatə olunduğunu və həmin torpaq sahəsində tikililərin mövcud olduğunu nəzərə alaraq mübahisə prdemeti olan torpaq sahəsinin paylar üzrə (3/4 və 1/4 hissə) bölünməsi texniki cəhətdən mümkün deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı, torpaq sahəsinin ¾ və ¼ hissədə naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından həmin torpaq sahəsi üzərində real vəziyyətdə iddiaçının və cavabdehin paylarının müəyyən olunması hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ilkin iddiaçılara məxsus daşınmaz əmlaka cavabdeh tərəfindən müdaxilənin qadağan edilməsi hissəsi ilə bağlı hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı torpaq sahəsi 3/4 hissədə ilkin iddiaçılara məxsus olmaqla onların həmin torpaq sahəsindən maneəsiz istifadə etmək hüquqları vardır. Bu səbəbdən ilkin iddia iddiaçılara məxsus daşınmaz əmlakın istifadəsinə cavabdeh tərəfindən müdaxilənin qadağan edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mənzilin alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır. Belə ki, qarşılıqlı iddiaçı tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair ərizəsinə hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə prosesinin gedişində məhkəməyə təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi qarşılıqlı iddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 9Q, 26 saylı mənzilin X17 miras kütləsinə daxil olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarından isə görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 9Q, 26 saylı mənzil X9 öldüyü vaxt Nümayəndə mülkiyyətində olmuşdur. Nümayəndə ilə X13 04.05.2012-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən boşanmış, keçən müddət ərzində (5 ildən çox) N.İsmayılov Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 9Q, 26 saylı mənzilin bölgüsü ilə bağlı hər hansı iddia qaldırmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X6 iddiaçılara 04.04.2018-ci ildə verdiyi 2v-341 reyestr nömrələri ilə reyestrə saldığı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 9Q, 26 saylı mənzilə dair aparılan bütün alqı-satqı (bağışlama) müqavilələrinin, mənzilə dair çıxarışın etibarsız hesab olunması, o cümlədən mənzilin boşaldılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri yoxdur. Bu səbəbdən Cavabdeh İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mənzilin alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsi və mənzilin boşladılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. İlkin iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 məxsus (¾ hissədə) Sumqayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən torpaq sahəsinin istifadəsinə Cavabdeh tərəfindən edilən müdaxilə qadağan edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar