Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-556/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Əliyeva Ruhiyyə Ağacan qızına qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əliyeva Ruhiyyə Ağacan qızının Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 8 saylı evin 24 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, 77.36 m2 ümumi sahəsi olan 24 saylı mənzil Sumqayıt şəhər Xalq Deputatları şurasının icra komitəsinin 31.08.1979-cu il tarixli qərarı əsasında ataları X3 verilmişdir. Ataları 25.04.2021ci il tarixdə dünyasını dəyişmişdir. Atalarının dünyasını dəyişməsindən sonra indiyədək mənzil dövlət mənzil fondunda olan yaşayış sahəsi olaraq qalmaqdadır, nə yeni kirayə müqaviləsi bağlanmış, nə də özəlləşdirilmişdir. Hal-hazırda onların ailə üzvlərindən başqa sözügedən mənzildə cavabdeh olan bacıları Əliyeva Ruhiyyə Ağacan qızı da qeydiyyatdadır. Hər ikisi ailə üzvlərilə birgə həmin mənzildə daimi qeydiyyatda olmaqla yanaşı həm də faktiki olaraq yaşayırlar. Lakin cavabdeh də həmin mənzildə qeydiyyatda olsa da 1997-ci ildən orada yaşamır, ailə qurub çıxıb getmiş və daimi olaraq başqa ünvanda yaşayır. Cavabdehin hazırki faktiki ünvanı onlara bəlli deyildir. Cavabdehin mübahisə predmeti olan mənzildə pasport qeydiyyatının qalması formal xarakter daşıyır, onlarla heç bir birgə təsərrüfat idarə etmir, mənzilin saxlanmasına dair kommunal xərclərdə iştirak etmir. Belə ki, onlar, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olmuşdurlar. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. İddiaçı2 və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, İddiaçı1 nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 17 saylı Mənzil-Kommunal Səhəsinin 13.10.2021-ci il tarixli, 850 nömrəli arayışından görünür ki, ünvan 1, mənzil 24-də sahəsi 77.36 m2 olan 10/2672 saylı orderə əsasən 5 otaqlı mənzil 13.09.1979-cu ildə X3 verilmişdir. Mənzil Dövlət Mənzil Fonduna aiddir. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 17 saylı Mənzil-Kommunal Səhəsinin 23.09.2021-ci il tarixli aktından görünür ki, Əliyeva Ruhiyyə qızı ünvan 1, mənzil 24-də qeydiyyatda olmasına baxmayaraq, 1997-ci ildən həmin mənzildə yaşamır. Qeyd olunanları X7, X2 və X1 öz imzaları ilə təsdiq etmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi 05.05.2021-ci il tarixli, 174446 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 25.04.2021-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının verdiyi 26.05.2021-ci il tarixli, 374 №-li arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 77.36 m2 ümumi sahəsi olan 24 saylı mənzil Sumqayıt şəhər Xalq Deputatları şurasının icra komitəsinin 31.08.1979-cu il tarixli qərarı əsasında X3 verilmişdir. - Azərbaycan Respublikası DİN-nin ******* saylı, 11.01.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı2, 16.09.2006-cı il təvəllüdlü X9, 11.07.2002-ci il təvəllüdlü X4, Əliyeva Ruhiyyə Ağacan qızı, 21.07.2008-ci il təvəllüdlü X5 və 24.05.2010-cu il təvəllüdlü Əliyev Hüseyn Fuad oğlu Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 8 saylı evin 24 saylı mənzilində qeydiyyatdadırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən, 77.36 m2 ümumi sahəsi olan 24 saylı mənzil Sumqayıt şəhər Xalq Deputatları şurasının icra komitəsinin 31.08.1979-cu il tarixli qərarı əsasında tərəflərin mərhum atası X3 verilmişdir. O, 25.04.2021-ci il tarixdə vəfat etmişdir. Əliyeva Ruhiyyə Ağacan qızı mənzildə pasport qeydiyyatında formal olmasına baxmayaraq, 1997-ci ildən həmin mənzildə yaşamır, bu da iddiaçıların mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsi ilə nəticələnir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki,tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən əvvəl yaranmışdır. Cavabdehin mubahisəli mənzildə istifadə hüququ yarandığı vaxt mübahisəli mənzilin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilirdi. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəi başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin daha uzun müddət saxlanıldığı aşağıdakı hallar müəyyən olunmuşdur: - müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; - işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; - uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); - qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; - müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; - müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; - həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; - cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Əliyeva Ruhiyyə Ağacan qızı 6 aydan artıq müddətdə sözügedən mənzili başqa ünvana köçməsi ilə əlaqədar könüllü tərk etdiyindən cavabdehin bu yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Odur ki, iddia əsaslıdır. Belə ki, cavabdehin başqa ünvana müvəqqəti getməsi, həmçinin yaşayış sahəsinin daha uzun müddətə saxlanılmasını nəzərdə tutan qanunvericilik normalarına əsasən müəyyən edilmiş halların mövcud olması işin faktiki halları və tutarlı sübutlar ilə təsdiqlənmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Əliyeva Ruhiyyə Ağacan qızının Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 8 saylı evin 24 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-556/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-556/2022
01.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver