Məhkəmə qərarları › İş №2(060)-5591/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5591/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5591/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh4 iştirakı ilə İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka premetinə tutmanın yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 28.01.2020-ci il tarixli, 01/20SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30.01.2020-ci il tarixli 01-1/20SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 57800,75 AZN, faiz borcu üzrə 5201,71 AZN, cəmi 63002,46 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN , ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 30.01.2020-ci il tarixli 01-1/20SU saylı əlavə kredit müqaviləsi üzrə 63002,46 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilin ilkin satış qiymətinin 130.000 (bir yüz otuz min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh5 çıxarılmaqla, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında 28.01.2020-ci il tarixli 01/20SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30.01.2020-ci il tarixli 01-1/20SU saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 30.01.2022-ci il tarixədək, illik 16% ödəmək şərtilə 60000,00 AZN məbləğində kredit verilmişdir. 28.01.2020-ci il tarixli 01/20SU saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 28.01.2020-ci il tarixli 01İ/20SU saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzil "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 29.01.2020-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (qeydiyyat №**********). Bundan əlavə 30.01.2020-ci il tarixli 01-1/20SU saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış 30.01.2020-ci il tarixli 01-1Z/20SU saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh4 və Cavabdeh3 zamin kimi qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqavilələrinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq X2 ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 17.05.2021-ci il tarixə 30.01.2020-ci il tarixli 01-1/20SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 57 800,75 AZN, faiz borcu üzrə 5201,71 AZN, cəmi 63002,46 AZN təşkil edir. 28.01.2020-ci il tarixli 01İ/20SU saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzil 28.01.2020-ci il tarixli 01-20SU saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 130.000 (bir yü otuz min) manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları, həmçinin cərimə borclu və zaminlərdən iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 bildirdi ki, Cavabdeh1 onun anasıdır. Həqiqətən onlar "xxxx" Kommersiya Bankı ASC-dən 60000,00 AZN məbləğində kredit götürmüş və evlərini ipotekaya qoymuşdur. O və ailə üzvləri iri ticarətlə məşğul olur. Lakin onlar kredit götürdükdən sonra bütün dünyada məlum pandemiya baş vermiş, bununla əlaqədar iş yerləri fəaliyyətini dayandırmışdır. Bu səbəbdən bir neçə ay 3000 manat ödəniş etsə də, sonradan ödənişlərini dayandırmışdır. Bundan əlavə o, ödəniş etdikcə onun əsas borcundan deyil, faiz borcundan çıxılmışdır. Ona görə də o, bir müddət banka ödənişlər etməmişdir. Hazırda iş yerləri yenidən açılmışdır. Bununla əlaqədar banka müraciət edərək, ona yeni ödəniş qrafikinin verilməsini xahiş etsə də, bank yalnız ona yenidən faiz borcu hesablamaqla yeni ödəniş qrafikinin verilməsinə razılıq verir. O isə buna razı deyil. İki dəfə faiz ödəmək istəmir. Belə ki, o, banka 9000 manat ödəniş etmiş və bank isə yenidən ona 60000 manatlıq kredit xətti açmaq istəyir. Ona görə də o, bu təkliflə razılaşmır. Bundan əlavə evin qiymətinə dair Fame Pro-nun rəyi ilə razı deyil. Ev ipoteka müqaviləsi bağlanarkən 130.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilin sahəsi təxminən 160 kv.metrdir. Bu ölçüdə təmirli mənzilin dəyəri isə təxminən 160000 manatdır. Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə əsasən), iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 28.01.2020-ci il tarixli 01/20SU saylı əsas kredit müqaviləsi və həmin müqavilə əsasında bağlanmış 30.01.2020-ci il tarixli 01-1/20SU saylı əlavə kredit müqaviləsinə əsasən borclu Cavabdeh1 "xxxx" Kommersiya Bankı ASC tərəfindən 24 ay müddətinə 30.01.2022-ci il tarixədək, illik 16% ödəmək şərtilə 60000,00 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 30.01.2020-ci il tarixli 01-İZ/20SU saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh3 və Cavabdeh4 kreditor qarşısında borclu Cavabdeh1 30.01.2020-ci il tarixli 01-1/20SU saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdürlər. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, 01İ/20SU saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 28.01.2020-ci il tarixli 01/20SU saylı əsas kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 254 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 14.11.2014-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Çıxarışın surətindən görünür ki, Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzil "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 07 nömrəli,13.01.2018-ci il tarixli daşınmaz əmlakın qiymələndirilməsi barədə ekspert rəyindən görünür ki, Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqdan ibarət 67 nömrəli mənzil 130000 manat məbləğində qiymətləndirilmişdir. 28.01.2020-ci il tarixdə Cavabdeh2 və X4 notariat kontoruna ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə etiraz etmədikləri, həmin mənzilə tutma yönəldiləcəyi təqdirdə əmlakı qeyd-şərtsiz tərk edəcəklərinə dair öhdəlik götürmüş, bu barədə ərizələri Sumqayıt Asan Xidmət mərkəzində müvafiq olaraq 8İ-642 və 8İ-643 nömrələri ilə qeydiyyata alınaraq təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş 17.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" KB ASC-yə 17.05.2021-ci il tarixə 57800,75 manat əsas, 5201,71 manat faiz olmaqla, ümumilikdə cəmi 63002,46 manat məbləğində borcu vardır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/21-453 nömrəli 16 sentyabr 2021-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatından görünür ki, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilin 16.09.2021-ci il tarixə olan bazar dəyəri 128000 (yüz iyirmi səkkiz manat) manat, likvid dəyəri 109000 (yüz doqquz min) manat məbləğində qiymətləndirilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 28.01.2020-ci il tarixli kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehlərə bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsini təmin etməmişdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlərin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Beləliklə, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 57800,75 manat əsas borcun, 5201,71 manat faiz borcunun əsas borclu və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan tələbin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka predmetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş 40-cı məhəllə, ev 21A ünvanında yerləşən 67 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər razılaşmalarını təqdim etmədiklərindən məhkəmə baxışı zamanı qiymətləndirilmə təyin edilmiş və qiymətləndirici tərəfindən ipoteka predmeti olan mənzilin bazar qiymətinin 128000 manat, likvid qiymətinin isə 109000 manat olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində (2.3-cü bənd) ipoteka predmeti olan mənzil daha yüksək qiymətləndirildiyindən mənzilin ilkin satış qiyməti 130000 manat, likvid qiyməti isə 109000 manat müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, «İpoteka haqqında» Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddənin dispozisiyasından da göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi orada qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas hesab olunmur. Həmin Qanunun 59.2-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən 67 saylı mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh5 ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan mənzildən çıxarılaraq mənzilin boşaldılması hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqı da cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 28.01.2020-ci il tarixli, 01/20SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30.01.2020-ci il tarixli 01-1/20SU saylı əlavə kredit müqaviləsi üzrə 57800,75 (əlli yeddi min səkkiz yüz manat yetmiş beş qəpik) manat əsas kredit borcu, 5201,71 (beş min iki yüz bir manat yetmiş bir qəpik) manat faiz borcu, cəmi 63002,46 (altmış üç min iki manat qırx altı qəpik) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat məbləğində pul müştərək qaydada tutulsun. Tutma ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilə yönəldilsin. Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzil açıq hərracdan satılsın və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına "xxxx" ASCyə ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilin ilkin satış qiyməti 130.000 (bir yüz otuz min) manat, likvid qiyməti 109.000 (bir yüz doqquz min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh5 həmin yaşayış sahəsindən çıxarılmaqla, mənzil boşaldılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar