Məhkəmə qərarları › İş №2(060)-5603/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5603/2021

01.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5603/2021 01.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli 05.09.2014-cü il tarixli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 65,3 m2-dən ibarət olan 24 saylı mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehlər – Cavabdeh1 onun qardaşının baldızı və Cavabdeh2 isə onun oğludur. 2018-ci ildə ondan xahiş etmişlər ki, müvəqqəti olaraq onun mülkiyyətində olan mənzilə qeydiyyata düşsünlər. O da qardaşının xatirinə razılıq vermişdir. Lakin artıq 2 ildən çoxdur ki, mənzilində qeydiyyatda olsalar da, qeydiyyatdan çıxmırlar. Cavabdehlərin pasport qeydiyyatı formal xarakter daşıyır. Belə ki, Cavabdeh1 və Cavabdeh2 2018-ci ildən qeydiyyatda olsalar da, həmin ünvanda bir gün də olsun yaşamamışlar. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 05.09.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü mikrorayon 24/8 saylı evin 24 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 250 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı MKS tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli 58 saylı 2 №-li forma üzrə arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildə müvəqqəti qeydiyyatdadırlar, mənzilə hüquqları yoxdur. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı MKS tərəfindən təsdiq, qonşular və sahə ustası tərəfindən tərtib edilmiş 25 noyabr 2020-ci il tarixli aktdan görünür ki, mənzildə müvəqqəti qeydiyyatda olan cavabdehlər həmin mənzildə bir gün belə olsun yaşamamışlar. Məhkəmə qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 19.02.2021-ci il tarixli 2- 1(118)-610/2021 saylı qərarına əsasən İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı «Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri 4-cü mikrorayon 24/8 saylı evdə yerləşən 24 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməmişdir. Qərarda qeyd olunmuşdur ki, iddiaçı həmin iş üzrə 3-cü şəxslərin onun mülkiyyətçisi olduğu mənzildən qeydiyyatdan çıxarılmasını tələb etsə də, bunun üçün əsas ola biləcək yuxarıda sadalanan hallardan heç biri («Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan – o cümlədən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) mövcud deyildir. Digər sözlə ifadə etdikdə, həmin şəxslərin mənzildən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsinin olmaması müəyyən edilmişdir. İddiaçıya izah edilmişdir ki, iddiaçı həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia ilə ümumi məhkəməyə müraciət etməlidir, daha sonra inzibati orqan – Sumqayıt şəhər Polis İdarəsi həmin şəxsi qeydiyyatdan çıxarmaqdan imtina etdiyi təqdirdə onun hərəkətləri ilə bağlı inzibati-iqtisadi məhkəməyə müraciət etməlidir. Bu səbəbdən, İddiaçı hazırkı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. İş materiallarından göründüyü kimi, mülkiyyətçi olan iddiaçı qohumlarını müvəqqəti olaraq mülkiyyətindəki mənzilə qeydiyyata aldırmış, cavabdehlər həmin mənzildə yaşamamış və qeydiyyat formal xarakter daşımışdır. Hazırda müvəqqəti qeydiyyata alınmış şəxslərin qeydiyyatda qalmaları iddiaçının hüquqlarını pozduğundan, o, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Cavabdehlərin qeyd olunan mənzildə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır, iddiaçının qanunla qorunan bu hüquqları pozulduğundan, o, məhkəmədə haqlı olaraq iddia qaldırmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilindən istifadə hüquqları xitam edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilindən istifadə hüquqları xitam edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar