Məhkəmə qərarları › İş №2(060)-5607/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5607/2025

19.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5607/2025 19.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1965-ci ildə Ermənistan SSR, Krasnoselski rayonu, Çaykənd kəndində anadan olmuşdur. X2, X1dur. 1988-ci ildə Ermənistan Respublikasından məcburi köçkün kimi Sumqayıt şəhərinə yerləşən zaman ərizəçinin doğum haqqında şəhadətnaməsi orda qalmışdır. Hal-hazırda ona bu sənəd lazım olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 15 noyabr 1989-cu ildə nikaha daxil olmuş və Salmanova soyadını götürmüşdür. Göstərilənlərə əsasən ərizəçinin Aliyeva Yaylaq Fərhad qızının xx.xx.1965-ci ildə Ermənistan SSR, Krasnoselski rayonu, Çaykənd kəndində doğulma faktının müəyyən edilməsi, ata qrafasında "X6”, ana qrafasında “X10” yazılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, ərizəçi doğum aktı qeydinin bərpa olunması üçün müraciət etmişdir. Lakin şəxsin arxivdə qeydiyyatı olmadığı üçün imtina məktubu göndərmək məcburiyyətində qalmışlar.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs qismində cəlb olunan Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun qaynı arvadıdır. xx.xx.1965-ci ildə Ermənistan SSR, Krasnoselski rayonu, Çaykənd kəndində doğulmuşdur. Soyadı Alıyevadır. X1, anası X10 olmuşdur.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun baldızıdır. xx.xx.1965-ci ildə Ermənistan SSR, Krasnoselski rayonu, Çaykənd kəndində doğulmuşdur. Soyadı, adı Alıyeva Yaylaq olmuşdur. X1, anası X10 olmuşdur.

10. İş materiallarında olan AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə doğulmuşdur.

11. İş materiallarında olan Sumqayıt şəhər Nikah evi tərəfindən 15 noyabr 1989-cu il tarixində verilmiş V-JQ № 302252 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və X8 xx.xx.1989-cu il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1681 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Salmanova soyadı verilmişdir.

12. İş materiallarında olan Krasnoselski rayonu Çaykənd kənd soveti tərəfindən 28 iyul 1972-ci il tarixində verilmiş İ-ЗЖ № 245409 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 17 iyun 1972-ci il tarixində Krasnoselski rayonu Çaykənd kəndində anadan olmuş, X1, anası X5r.

13. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 31 iyul 2025-ci il tarixli məktubdan görünür ki, doğum haqqında şəhadətnamə almaq istəməyi barədə ərizəyə cavab olaraq bildirilit ki, müraciətə əsasən Maraqlı şəxs arxivində saxlanılan ilkin və doğum bərpa akt qeyidləri eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğumunuz haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən doğumu təsdiq edən tibbi sənəd olmadıqda doğum faktı məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə doğum faktın müəyyən edilməsi haqqında işlərə baxır. Doğum faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuz olmağı izah edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselski rayonu, Çaykənd kəndində anadan olmuş, X1, anası isə X5r. Ərizəçi Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Maraqlı şəxs bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

16. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

18. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir.

19. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.

20. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

21. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir.

22. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

23. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

24. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1965-ci il il tarixdə Ermənistan Respublikası, Krasnoselski rayonunun, Çaykənd kəndində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunmalı, doğum haqqında akt qeydləri kitabında adının “Yaylaq”, soyadının “Alıyeva”, ata adının “Fərhad”, doğum tarixinin “xx.xx.1965-ci il”, doğum yerinin “Ermənistan Respublikası, Krasnoselski rayonu, Çaykənd kəndi”, atasının adının “X6”, milliyyəti “azərbaycanlı”, anasının adı “X10”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1965-ci il il tarixdə Ermənistan Respublikası, Krasnoselski rayonunun, Çaykənd kəndində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunsun. Doğum haqqında akt qeydləri kitabında adının “Yaylaq”, soyadının “Alıyeva”, ata adının “Fərhad”, doğum tarixinin “xx.xx.1965-ci il”, doğum yerinin “Ermənistan Respublikası, Krasnoselski rayonu, Çaykənd kəndi”, atasının adının “X6”, milliyyəti “azərbaycanlı”, anasının adı “X10”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunsun. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar