Məhkəmə qərarları › İş №2(060)-5613/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5613/2021

18.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5613/2021 18.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməs» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməs» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 və cavabdehlərin yetkinlik yaşına çatmayan övladı 04.09.2005-ci il təvəllüdlü X4 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzili xüsusi mülkiyyət hüquqi ilə ona məxsusdur. Cavabdehlər keçmiş ev sahibinin ailə üzvləridir. Onlar ona məxsus mənzildə qeydiyyatda olsalar da, bu günə kimi ona məxsus mənzildən qeydiyyatdan çıxmamışlar. Qeyd edir ki, cavabdehlərin yetkinlik yaşına çatmayan övladı 04.09.2005-ci il təvəllüdlü X8 da ona məxsus mənzildə qeydiyyatdadır. Cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır, bu isə, öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, Cavabdeh1 onun anası, digər Cavabdeh2 isə onun qızıdır. Hər ikisi onunla birlikdə kirayədə yaşayırlar. Anası xəstədir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavadehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.11.2017-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bağışova Sevinc Həmzə qızı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, 07.07.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 və cavabdehlərin yetkinlik yaşına çatmayan övladı 04.09.2005-ci il təvəllüdlü X8 Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2858/2018 nömrəli, 23.10.2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş Quliyev Nurəddin Həsi oğlunun Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilmiş, Quliyev Nurəddin Həsi oğlu, Cavabdeh1, Əmrahova Mənsurə Müstəgah qızı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilindən çıxarılmış və qarşılıqlı iddia tələbi rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli, 2(105)-1318/2019 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçılar X1, Əmrahova Mənsurə Müstəgah qızının, Cavabdeh2 və X7 apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2858/2018 nömrəli, 23.10.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia qismən təmin edilərək, ilk iddia üzrə cavabdeh Quliyev Nurəddin Həsi oğlunun Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilindən- yeni qaydalarla Sumqayıt şəhəri, Sverdlov küçəsi 41, M1, m4-dən istifadə hüququ itirilmiş hesab edilmişdir. İlkin iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(102)-7985/2019 nömrəli qərarı ilə ilkin iddia üzrə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh Quliyev Nurəddin Həsi oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli, 2(105)- 1213/2020 nömrəli qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmış, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1318/2019 nömrəli, 06.03.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti mənzildən çlxarılmaya dair hissədə təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2858/2018 nömrəli, 23.10.2018-ci il tarixli qətnaməsi Quliyev Nurəddin Həsi oğlu, Cavabdeh1, Əmrahova Mənsurə Müstəgah qızının Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilindən çıxarılması hissəsində qarşılıqlı iddia üzrə iddiaçılar X1, Əmrahova Mənsurə Müstəgah qızının, X2, Cavabdeh2 və X9 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali məhkəməsinin 2(102)-3924/2020 saylı, 19.08.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 06.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilini rəsmi alqı-satqı müqaviləsi əsasında əldə etmiş, buna baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və cavabdehlərin yetkinlik yaşına çatmayan övladı 04.09.2005-ci il təvəllüdlü X4 həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və cavabdehlərin yetkinlik yaşına çatmayan övladı 04.09.2005-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilinə- yeni qaydalarla Sumqayıt şəhəri, Sverdlov küçəsi 41, M1, m4-ə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar