Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5619/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və ona məxsus əşyaların Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli X7, bina 9-da yerləşən 60 nömrəli 1 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 23 avqust 2019-cu il tarixli bina 740-9/60 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1005 mənzilli X7 9 saylı binada 60 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. 30 dekabr 2021-ci il tarixində X6 vəfat etmişdir. Xüsusi təyinatlı müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Sumqayıt şəhəri üzrə Mənzil Komunal İstismar Sahəsinə təqdim edilməli olduğu halda, aparılan araşdırma zamanı 60 nömrəli mənzildə Cavabdeh qeyri qanuni yaşadığı müəyyən edilmişdir. 60 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyri-qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. O, mərhum babası X6 ilə birlikdə mübahisələndirilən evdə yaşamışdır. O, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Hal-hazırda yaşamağa başqa yeri yoxdur. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Əlavə olaraq göstərdi ki, evin onun istifadəsinə verilməsi ilə bağlı heç bir sənədi yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Mülki iş materiallarında olan: Xüsusi təyinatlı yaşayış sahəsinin 23 avqust 2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mkr X7 1005 Koroğlu küçəsi, 9 nömrəli evin, 60 nömrəli mənzilində yerləşən 1 otaqlı yaşayış sahəsi X2 istifadəsinə verilmişdir. Müqavilənin 1.2-ci bəndindən görünür ki, kirayəçinin ailə üzvləri qrafasında ailə üzvləri qeyd olunmamışdır. Müqavilənin 5.5-ci bəndindən görünür ki, bu Müqaviləyə yaşayış sahəsində tənha yaşayan Kirayəçinin vəfatı ilə əlaqədar xitam verilir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Aktlarından görünür ki, 9(740)-cı binada yerləşən 60 nömrəli mənzildə müqavilə üzrə adı keçən şəxs X6 xx.xx.2021-ci ildə vəfat edib. MKİS-in ərazisində yerləşən 12(738)-ci binada yerləşən 105 nömrəli mənzildə məskunlaşmış nəvəsi Cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, mübahisə predmeti olan mənzil dövlət mənzil fonduna aid olmaqla, xüsusi təyinatlı yaşayış sahəsidir. Cavabdeh həmin yaşayış sahəsində heç bir hüquqi əsası olmadan yaşadığını etiraf etdi. Göründüyü kimi cavabdeh həmin yaşayış sahəsinə sahiblik və istifadə etməsi ilə bağlı qanunverciliklə müəyyən edilmiş qaydada hüquqi cəhətdən təmin edilmiş imkana sahib deyildir. Məhkəmə hesab edir ki, bu hallar işin faktiki və mübahisəsiz hallarıdır. Məhkəmə mübahisənin qanuni həlli ilə bağlı ilk öncə mübahisəli mənzilin hüquqi rejiminin müəyyən edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri;...., 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 92-ci maddənin tələbinə görə xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. İş üzrə toplanmış sübutlara şərh olunan hüquq normalarına istinadən qiymət verərək məhkəmə qeyd edir ki, hüquqi rejiminə görə mübahisə predmeti olan mənzil xüsusi təyinatlı yaşayış sahəsidir. Mübahisələndirilən mənzil dövlət mülkiyyətində olan xüsusi təyinatlı mənzil fonduna aid olmaqla həmin yaşayış sahələri ayrı-ayrı kateqoriyalardan olan şəxslərin sosial müdafiəsi üçün verilir. Kirayəçi ailə üzvlərini yaşayış sahəsinə köçürmək hüququna malik olmaqda, kirayəçinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynlər aiddir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanarkən kirayəçinin ailə üzvləri göstərilməlidir. Məhkəmə qeyd edir ki, müqavələ şərtlərinin görünür ki, 23 avqust 2019-cu il tarixli Kirayə müqaviləsi bağlanarkən kirayəçinin ailə üzvləri göstərilməmişdir. Bu isə belə bir nəticəyə gəlməyə əsas verir ki, yaşayış sahəsi tənha yaşayan Kirayəçinin istifadəsinə ayrılmışdır. Məhkəmə işin faktiki hallarını hüquq normalarına əsasən təhlil edib bu nəticəyə gəlir ki, iddiaçının iddia tələbi əsaslı və qanunidir. Kirayə müqaviləsinin tərəfi olan, kirayə müqaviləsi əsasında tənha yaşayan kirayəçi X2 vəfatı ilə kirayə müqaviləsinə xitam verilmişdir. Cavabdeh heç bir hüquqi əsas olmadan mübahisə predmeti olan sahədə yaşamaqla iddiaçıya əmlak üzərində sahiblik və istifadə hüququnu həyata keçirməyə mane olur. Odur ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli X7, bina 9-da yerləşən 60 nömrəli 1 otaqlı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5619/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5619/2022
28.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver