Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5643/2025 21.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh X2 qarşı iddia qaldıraraq, cavabdeh Vəliyeva (Rüstəmova) Afaq Allahverdi qızı və onun iki azyaşlı övladları 2017-ci il təvəllüdlü X14 və qızı 2018-ci il təvəllüdlü X5 xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 7 saylı mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********49-05101-093029 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ ilə adına rəsmiləşdirilmişdir. Halhazırda həmin mənzil xüsusi mülkiyyət hüquq əsasında tam payda ona məxsusdur. Bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Lakin o, öz xüsusi mülkiyyətində olan mənzilindən istifadə edə bilmir. Belə ki, göstərilən mənzil Vəliyeva (Rüstəmova) Afaq Allahverdi qızı tərəfindən zəbt edilərək, iki azyaşlı övladları 2017-ci il təvəllüdlü X14 və qızı 2018-ci il təvəllüdlü X9 ilə birlikdə qanunsuz olaraq həmin mənzildə yaşayırlar. Qeyd edir ki, Afaq Allahverdiyeva ilə oğlu Anar Vəliyev xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin vaxtdan 2020-ci il tarixə kimi ünvan 2 ünvanında kirayədə yaşamış (arayış əlavə edilir), iki övladları olduğuna və kirayə pulunu çatdıra bilmədiklərinə görə o, özü çətin şəraiti olan yataqxanada qalaraq, onları özü üçün aldığı qeyd olunan mübahisəli mənzilə köçürmüşdür. Artıq üç ildən artıqdır ki, müvəqqəti yaşadıqları Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı yataqxananın 97 nömrəli otağından çıxarıldıqlarına görə, hazırda o, Sumqayıt şəhəri, 9-cu mikrorayonda kirayədə yaşayır. Sumqayıt Dövlət Universitetində xadimə işləyir, əmək haqqı 420 manatdır. Aldığı əmək haqqı ilə dolanmağı qeyrimümkündür. Dəfələrlə Cavabdeh mənzilini boşaltmağını tələb etməyinə baxmayaraq, o, həmin mənzildən çıxmır. X15 Afaq arasında bağlanmış nikah qeydi xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4495/2023 nömrəli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X6 anaları Cavabdeh yanında saxlanılmaqla, onların hər ikisinin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər birinə 160 manat olmaqla, ümumillikdə 320 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Aliment vaxı-vaxtında ödəmir. Afaq özü də hazırda özəl bağçada işləyir.
İddia tələbinə cavabdehin etirazı:
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, nə üçün iddiaçı evdən çıxmamış, ev aldıqdan sonra boşanmışdır.
4. Məhkəmə iclaslarında iştirak edən cavabdeh X3 izahatında bildirdi ki, İddiaçı məhkəmədə ona qarşı ünvan 1-da yerləşən 7 saylı mənzildən uşaqları ilə birlikdə çıxarılmağı barədə iddia qaldırmışdır. İddia tələbini qəbul etmir və məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçının oğlu Anar Vəliyev ilə xx.xx.2016-cı ildə rəsmi nikahla ailə həyatı qurmuş və ailəli olduqları vaxt hazırda iddiaçının mülkiyyətində olan, lakin alındığı gündən ailə üzvlər ilə -keçmiş həyat yoldaşı Anar Vəliyevlə və uşaqları xx.xx.2017-ci il təvəllüdlü X14, xx.xx.2018-ci il təvəllüdlü X10 ilə yaşadığı ünvan 1-da yerləşən 7 saylı mənzili almışdırlar. Qeyd olunan mənzil alınan zaman ona toyunda hədiyyə edilmiş, ona məxsus olan 45,8 qramlıq çəkidə olan qızıl-zinət əşyaları dəyər-dəyməzinə 2700 manata iddiaçı ilə birlikdə Sumqayıt şəhər Univermağında işləyən iddiaçının tanışı Zaur adlı şəxsə satmış, anası X12 bankdan 5500 manat pul götürərək vermiş, qardaşı Rüfət Rüstəmov isə 5000 manat köməklik etmişdir. Mənzilin dəyəri 35600 manat olmuş və qalan məbləği də qayınanası Kamil Vəliyev və iddiaçı vermişdir. Bu mənzil alınan gündən onun digər qardaşı Elnur Rüstəmov bütün sənədləşdirmə işlərində iştirak etmiş və mənzildə təmir işləri aparan zaman 3000 manat maddi köməklik göstərmişdir. Alınmış mənzil 1 otaqlıdır və o da bu mənzilin ona və uşaqlarına alındığını düşünərək valideyni və qardaşları tərəfindən mənzilin alınmasına maddi dəstək olmuşdur. İddiaçı bu proseslərdə köməklik göstərsə də, əsas işlər qardaşı Elnur Rüstəmov tərəfimdən aparılmışdır. Mənzili satan şəxs də bu mənzilin alıcısı kimi qaprdaşı Elnuru tanımışdır və rəsmiləşmə zamanı yaranmış etibarlı ailə münasibətlərinə güvənərək bu mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Mənzilin alındığı gündən onun bu mənzildə yaşamağı, təmir işləri aparmağı, ən başlıcası isə bu mənzili tərəfdən bəyənilərək alınması da sübut edir ki, bu mənzilin faktiki alıcısı o olmuş və mənzil onlar üçün alınmışdır. Mənzil alınan zaman belə razılaşmışdırlar ki, iddiaçı bir il ərzində bu mənzili keçmiş həyat yoldaşının adma rəsmiləşdirəcəkdir. Lakin o vədinə əməl etməmiş və hazırda onun uşaqları ilə bu mənzildən çıxarılmaqları barədə iddia qaldırmışdır. Uşaqları ilə yaşamağa başqa bir yaşayış yeri yoxdur. Özü də Qubadlı rayonundan məcburi köçkündür. Qeyd olunan halları nəzərə almaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tədqiq olunan sübutlar:
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X13 Şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil üzərində mülkiyyət hüququ İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4495/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh və X11 arasında 22 oktyabr 2016-cı il tarixində bağlanmış və Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2923 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalmaları, cavabdeh X4 20 iyun 2023-cü il tarixindən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli, AZ-İ seriyalı, 484916 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Cavabdeh nikahı Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 29 yanvar 2024-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024-cü ilin 02-ci ayının 09-cu günündə 56 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Rüstəmova soyadı verilmişdir.
Məhkəmə baxışının hədləri:
1. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
3. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: -1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarı:
Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
5. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
6. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 25 saylı mənzil İddiaçı məxsusdur. Hazırda İddiaçı ona məxsus mənzildə yaşayan X1 iki azyaşlı övladları ilə birlikdə həmin mənzildən çıxarılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir.
7. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
8. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə yaşaması və maneələr yaratması sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir.
9. İddiaçının tələb hüququ, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır.
10. Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
11. Hazırki halda iddianın mənzildən çıxarılma ilə əlaqədar olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, şəxsin həmin mənzildən istifadə hüququnun olub-olmaması məsələsinə də qiymət verilməlidir. 19 mart 2020-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququ 19 mart 2020-ci il tarixdə yaranmışdır. Tərəflər arasında mənzildən istifadə ilə bağlı münasibətlərin 2020-ci ildə yarandığını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin normanın 1-ci bəndinə əsasən maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Hazıki halda cavabdehin iddiaçının ailə üzvü olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun həmin mənzildən istifadə hüququ da mövcud deyildir.
12. Beləliklə məhkəmə iddiaçının mübahisəli mənzilə dair qüvvədə olan çıxarışının mövcudluğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, cavabdehin əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının, o cümlədən onunla iddiaçı arasında bağlanmış kirayə və sair müqavilənin olması müəyyən edilməmişdir. Cavabdehin hazırda iddiaçıya məxsus mənzildən istifadə etməsi iddiaçının, mülkiyyətçi olmasına baxmayaraq, əmlakdan istifadə etmək və ona sahib olmaq hüquqlarını məhdudlaşdırır. Mövcud vəziyyətdə cavabdehin bu hərəkətləri iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur.
13. İddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun mövcudluğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, artıq qeyd olunduğu kimi, iddiaçı mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğu halda, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur və cavabdehin faktiki sahibliyindədir, onun isə mübahisəli əşyaya sahiblik hüququ yoxdur. Cavabdehin mübahisəli mənzildə məskunlaşmalası həmin mənzilin mülkiyyətçisi olan iddiaçının hüquqlarınının pozulmasına səbəb olur.
14. Məhkəmə iddiaçının nəvələri X8 və X6 mənzildən çıxarılmasına dair tələbinə münasibətdə qeyd edir ki, yuxarıda adı qeyd edilən məhkəmə qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqların cavabdehin himayəsində qalması qət edildiyindən və iddia X1 mənzildən çıxarılması hissəsində təmin edildiyindən iddia həmin hissədə də təmin edilməlidir.
15. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X3 övladları - xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X10 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 25 saylı mənzildən çıxarılmalıdır.
Nəticə:
16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh X3 övladları - xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən çıxarılsınlar. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəfa Şirəliyeva