Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5659/2024 12.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X4) dair mülki işə, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cabavdeh Cavabdeh ünvan 3, 25 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Lakin Cavabdeh yaşadığı mənzili ələ keçirmək və iddiaçını yaşadığı mənzildən məhrum etmək üçün qanunsuz olaraq mənzilə daxil olmuş və bir otaqdan ibarət olan otaqda iddiaçıyla yaşamağa başalamışdır. Dəfələrlə yaşadığı mənzildən onu küçəyə atmışdır. İddiaçı məcbur olub Sumqayıt şəhərində din evində qalmaq məcburiyyətində olmuşdur. Hazırda o, acınacaqlı vəziyyətdədir və iddiaçının həyatı təhlükədədir. 2019-cu il tarixdə cavabdeh X3 rayonu Xudat şəhərində yaşadığı müddətdə yaşadığı ünvana gəlmiş və iddiaçıya xəsarət yetirmişdir. Onun barəsində Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə cinayyət işi qaldırılaraq, 9 ay müddətində Sumqayıt şəhər məhkəməsinin hökmü ilə azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda isə cavabdeh əməllərini davam etdirir. Məhkəmənin verdiyi cəza onu islah etməmişdir. İddiaçı hesab edir ki, məhkəmə iddiaçının vəziyyətini nəzərə alaraq cavabdeh X5 mənzildən çıxarılması barədə qətnamə qəbul edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 bildirdi ki, mübahisəli mənzil ona məxsusdur, order əsasında ona verilmişdir, o, qızı Cavabdeh həmin mənzildə yaşamasına razıdır. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli 35 saylı arxiv çıxarışından görünür ki, Sumqayıt şəhəri xalq deputatları soveti icra hakimiyyəti iclasının xx.xx.1969-cu il tarixli 26 saylı protokolu ilə Sülh küçəsi , ev 1 ünvanında yerləşən kooperativ binasındakı 29,24 kv.m sahəli 25 saylı boşaldılmış mənzil X2 təqdim edilməsi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli 3-48-DA-10F/2-518-2023 saylı arxiv çıxarışından görünür ki, Sumqayıt şəhəri xalq deputatları soveti icra hakimiyyəti iclasının xx.xx.1988-ci il tarixli protokolu ilə ünvan 3, 25 saylı mənzilin qeydiyyata alınması Sumqayıt şəhəri texniki inventarlaşdırrma bürosuna həvalə olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-21-3-31/2- 3623/2024 sorğuya cavab məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən ünvan 3 ünvanında yerləşən 25 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. - xx.xx.1987-ci il tarixli aktdan görünür ki, ünvan 3, 25 saylı mənzil üzrə X4 qeydiyyadadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 Sumqayıt şəhəri xalq deputatları soveti icra hakimiyyəti iclasının xx.xx.1969-cu il tarixli 26 saylı protokolu ilə X2 verilmişdir, iddiaçı və cavabdeh X1 övladlarıdır. X4 cavabdehin mənzildən çıxarılmasına razı deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən - Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən - Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən - Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon,Sülh küçəsi, bina 1, 25 saylı mənzil üzrə İddiaçı qeydiyyatda olmasına baxmayaraq ona məxsus olmayan əmlak üzrə subyektv hüququ məhduddur. Həmçinin iş üzrə X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. X4 Cavabdeh mənzildən çıxarılması tələbi ilə razı deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı ünvan 3, 25 saylı mənzildən çıxarılmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5659/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5659/2024
12.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver