Məhkəmə qərarları › İş №2(060)-5671/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5671/2020

26.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5671/2020 26.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçının cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nın ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mkr, 10/8 saylı evin 6 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 3-cü mkr, 10/8 saylı evin 6 saylı sahəsi 17 kv.m olan mənzili şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mənzildə o, atası və anası qeydiyyatdadırlar. Cavabdehlər isə Qubadlı rayonundan məcburi köçkündürlər. Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2004-cü il tarixli, 233222 nömrəli alqı-satqı müqaviləsi əsasında almışdır. Mənzili alarkən cavabdehlər mənzildən çıxacaqlarını bildirsələr də, hazırda müxtəlif bəhanələrlə bundan imtina edirlər, ailə üzvləri ilə birgə mənzildən çıxmırlar və beləliklə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Halbuki cavabdehlərin mənzilə heç bir hüquqları yoxdur. Əvvəlki Sumqayıt şəhər Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və X2 verdiyi Qeydiyyat vəsiqəsinə əsasən onun adına şəxsi mülk kimi qeydə alınmışdır. Cavabdehlərin mənzildən çıxmaması onun qanunla qorunan mülkiyyət hüquqlarını pozur. İddiaçının nümayəndəsi məhkəmə iclasında eyni məzmunda izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərdi ki, məlum hadisələrlə bağlı Qubadlı rayonundan məcburi köçkün düşmüş və ailəsi ilə birlikdə iddiaçıya məxsus mübahisə predmeti olan mənzildə məskunlaşmışlar. Digər cavabdehlər ailə üzvləridir. Onların başqa yaşayış yerləri yoxdur. Əgər başqa yaşayış yeri ilə təmin olunarlarsa iddiaçıya məxsus mənzildən çıxmağa etiraz etmirlər. Bu barədə digər cavabehlər tərəfindən də təsdiq edilmiş ərizəni məhkəməyə təqdim edir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 18 saylı Mənzil Kommunal Sahəsinin 482 saylı, xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Qubadlı rayonundan məcburi köçkün kimi 1993-cü ildən Sumqayıt şəhəri, 3-cü mkr, 10/8 saylı evin 6 saylı mənzilində məskunlaşmışlar. Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və X3 tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mkr, 10/8 saylı evin 6 saylı mənzili Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2004-cü il tarixli, 233222 nömrəli alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Beləliklə, məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, mübahisə predmeti olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavabdehlər həmin mənzildə məcburi köçkün kimi məskunlaşmışlar. Müəyyən edilmiş bu hallar işin faktiki və mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 212-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx xxxx 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Akimova Azərbaycana qarşı» iş üzrə 2007-ci il tarixli qərarında X8 Məhkəməsi qeyd etmişdir ki, «mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 1 saylı Protokolun 1-ci maddəsinin tələbi ondan ibarətdir ki, mülkiyyət hüqüqundan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Məhkəmənin hüquqi mövqeyinə görə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunililik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı «qanun» və «qanuni» anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir və qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Qeyd edilən Qərarda Avropa Məhkəməsi hesab etmişdir ki, şəxsin (məcburi köçkün) şikayətçinin mənzilini tərk etməməsi şikayətçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququna zidd olub. Bu nəticə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsini aydınlaşdırmağı gərəksiz edir. Məhkəmə qərara almışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub. Məhkəmə işin faktiki hallarını hüquq normalarına əsasən təhlil edib bu nəticəyə gəlir ki, iddiaçının cavabdehlərin ona məxsus mənzildən çıxarılması barədə iddia tələbi əsaslı və qanunidir. Cavabdehlər tərəfindən mülkiyyətə müdaxilə edilməklə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Bu isə öz növbəsində daxili qanunvericiliyinin yuxarıda şərh olunan pozuntusu ilə yanaşı, həm də Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə yaşaması ona öz mülkiyyətinə sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirməyə mane olur. Odur ki, iddia tələbi cavabdehlərin əsaslı və qanuni olduğundantəmin olunmalıdır. İddia «ailə üzvləri ilə birgə» hissədə aydın ifadə olunmadığından həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 3-cü mkr, 10/8 saylı evin 6 saylı mənzilindən çıxarılsınlar və həmin mənzil İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində X4 Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar