Məhkəmə qərarları › İş №2(060)-5688/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5688/2020

27.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5688/2020 27.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının, Onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 36-cı məhəllə, 6/11 saylı evin, 15 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil xx xxxx 1980-ci ildə, 6/110 saylı order əsasında onun adına verilmişdir. Qeyd edir ki, Cavabdeh onun qardaşıdır. Qardaşı ona məxsus mənzildə qeydiyyatda olsa da, 2 ildən çoxdur ki, ona məxsus mənzildə yaşamır. Cavabdehin harada yaşaması barədə məlumatı yoxdur. Hesab edir ki, cavabdehin 2 ildən çoxdur ki, həmin mənzili tərk edərək daimi yaşamaq üçün başqa yerə getdiyindən cavabdehin həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki, cavabdehin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Həmçinin mənzilin özəlləşdirilməsində cavabdehin də razılığı tələb olunur. Lakin qeyd etdiyi kimi cavabdehin harda yaşaması barədə məlumatı yoxdur. Bütün sadalananlar isə ona çətinliklər yaradır. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçının qardaşıdır. O, 2018-ci ilə kimi qeydiyyatda olduğu mənzildə yaşamışdır. Onun özünə məxsus başqa yaşayış sahəsi yoxdur. Qızının həyat yoldaşı Kanada Respublikasına getdiyinə görə o, bir müddət qızının evində yaşamışdır. O, 2018-ci ildə evə qayıdanda görmüşdür ki, evin açarları dəyişdirilmiş və o, evə daxil ola bilməmişdir. Onun qeyd edilən mənzildən başqa yaşamağa və ya qeydiyyata düşməyə başqa yaşayış sahəsi yoxdur. Hesab edir ki, iddia tələbində qeyd edilənlər həqiqəti əks etdirmir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 6/110 nömrəli, xx.xx.1980-ci il tarixli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, 6/11 saylı evin, 15 nömrəli mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 3 saylı MKS tərəfindən tərtib edilmiş 460 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, cavabdeh Rzayev X3 şəhəri, 36-cı məhəllə, 6/11 saylı evin, 15 nömrəli mənzilində xx.xx.1993-cü il tarixdən qeydiyyatdadır. Məhkəmə, iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, hazırki mübahisə üzrə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin mənasına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İddiaçı tərəfindən Cavabdeh mübahisəli mənzildən daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə, yaxud başqa yaşayış sahəsinə köçüb getməsi, istifadəsində, icarəsində və ya mülkiyyətində hər hansı yaşayış sahəsinin olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş və Cavabdeh mübahisəli mənzildən istifadə hüququnu itirməsi ilə bağlı halı, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitləri ilə sübut etmək vəzifəsi İddiaçının üzərinə düşsə də, o, bunu sübut etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin müəyyən müddətə başqa yerə getməsi, mübahisəli mənzildə yaşamaması, iddia ərizəsinin təmin edilərək, onun mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçının Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçının Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar