Məhkəmə qərarları › İş №2(060)-57/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-57/2025

05.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-57/2025 05.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Əliyev Suliddin Lətif oğlu, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsi və üzərində inşa edilmiş evdən çıxarılma tələbinə dair və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Suliddin Lətif oğlunun İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmmdəd qızı və Cavabdeh3 Sulidin oğluna qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 241C saylı torpaq sahəsi və üzərində inşa edilmiş evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Qarşılıqlı iddia tələbi:

2. Cavabdeh Əliyev Suliddin Lətif oğlu İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 20000 manat pulun alınıb ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun da ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İlkin iddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon ünvanında yerləşən 241C saylı həyətyanı torpaq sahəsi üzərində xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə onun mülkiyyətindədir. Həmin torpaq sahəsini atası X15 xx.xx.2010-cu ildə vətəndaş X1 alqı-satqı müqaviləsi ilə almış və xx.xx.2013-cü ildə bağışlama müqaviləsi ilə ona bağışlanmışdır. Cavabdehlərdən Əliyev Suliddin Lətif oğlu qaynatası, Cavabdeh2 qaynanası və Cavabdeh3 isə həyat yoldaşıdır. Cavabdehlərdən Cavabdeh3 ilə 2010-cu ildə faktiki, xx.xx.2013-cü ildə isə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X18 oğlu və xx.xx.2024-cü il təvəllüdlü X7 adlı iki övladı olmuşdur. Mülkiyyətində olan torpaq sahəsi və üzərində inşa edilmiş evi ailə həyatı qurduğu üçün atası ona görə almışdır. Belə ki, cavabdehlər kirayədə yaşayırdılar. Atası evi aldıqdan sonra cavabdehlərlə birgə yaşamağa başlamışdır. Hal-hazırda cavabdehlərdən Cavabdeh3 ilə münasibətləri pozulmuş və cavabdehlərin təzyiqi nəticəsində mülkiyyətində olan torpaq sahəsindən və evindən çıxarılmışdır. Artıq cavabdehlərlə birgə yaşamaq mümkün deyil. Nikahlarının pozulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İki uşağı ilə birlikdə valideynlərinin evində yaşamaq məcburiyyətindədir. Mülkiyyətindən isə cavabdehlər qeyri-qanuni istifadə edirlər. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur.

Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar:

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi ilə məhkəməyə müradət edərək, onun və digər cavabdehlərin Sumqayıt şəhəri, 21-ci mkr, ev 241C saylı torpaq sahəsi və üzərində inşa edilmiş evdən çıxarılmaqları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbini qarşılıqlı iddia tələbi təmin olunacağı halda qəbul edir və hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edir. İlkin iddia tələbinə dair iddia ərizəsini xx.xx.2024-cü ildə vəkili və nümayəndəsi məhkəmədən almışdır. Sumqayıt şəhəri, 21-ci mkr, ev 241C-də yerləşən sahəsi 0,0168 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ilkin iddia üzrə iddiaçı qarşdıqli iddia üzrə cavabdehə məxsusdur. Belə ki, həmin torpaq sahəsini ona atası bağışlamışdır. Həmin torpaq sahəsində yerləşən fərdi evi isə öz vəsaiti hesabına tikmiş və həmin evdə hazırda ailəsi ilə birlikdə yaşayır. Həmin torpaq sahəsində yerləşən fərdi evi ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin razılığı ilə tikmişdir. Belə ki, həmin vaxt o, oğlu ilə ailəli idi və mənzil şəraitlərini yaxşılaşdırmaq üçün həmin evi tikmişdir. Həmin evin tikintisinə 20000 manat pul vəsaiti xərcləmişdir. Evin tikintisində iştirak edən şəxslər X10, X16, X13 və X21 ojlu olmuşdur və həmin şəxslərin məhkəmə iclasında şahid qismində iştiraklarını təmin edəcək və onlar həmin evin tərəfindən tikildiyini təsdiq edəcəklər. Həmçinin digər şəxslərin də şahid qismində iştiraklarını təmin edəcək. Hazırda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh torpaq sahəsinin onun mülkiyyətində olmasından və hüquqdan sui-istifadə edərək həmin evdən onun və ailə üzvlərinin çıxarılmasını tələb edir. Ona görə də hesab edir ki, evin tikintisi üçün xərclədiyi 20000 manat pul ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehdən alınıb ona verilməlidir.

Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən qarşılıqlı iddia üzrə İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, sözügedən ev sinif yoldaşının ailəsinə məxsus idi. Həmin evi onlardan almışdırlar. Yəni bu ev hər zaman mövcud olub, sonradan tikilməmişdir. Ev alınan zaman olduğu vəziyyətdə qalmışdır. Heç bir dəyişiklik olmamışdır. Sadəcə olaraq evdə kiçik təmir işləri aparılmışdır. Həmin təmir işlərini atasının dayısı oğlu olan ustalar etmişdir. Yalnız evə kombi çəkilmiş, divar kağızı dəyişdirilmiş və həyətə beton tökülmüşdür. Cavabdehlərlə aralarında dəfələrlə problem olmuşdur. Evi qaynatasının adına rəsmiləşdirməyini istəyirdilər. O isə razılaşmamışdır. Bir dəfə qaynatası onu “Asan xidmət”ə aparmış, ev tikmək üçün arayış verməyini istəmişdir. Arayış verilməsinə razı olmuşdur. Lakin “Asan xidmət”in əməkdaşından soruşduğu zaman qaynatasının onu ümumi etibarnamə almaq üçün gətirdiyini öyrənmişdir. Onu aldatmaq istəmiş, lakin alınmamışdır. Cavabdehlər bildirmişdir ki, iddiaçının atası boş torpaq sahəsi olaraq vermişdir. Peyk görüntüsündə isə torpaq sahəsinin alınan zaman üzərində evin olduğunu aşkar şəkildə görünür. Hal-hazırda ona məxsus evdə yaşayışı məhdudlaşmışdır, kirayədə yaşayır.

6. Məhkəmə iclaslarında iştirak edən qarşılıqlı iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, xx.xx.2025-ci ildə tərəflər arasında mövcud olmuş nikah pozulmuşdur. Həmin torpaq sahəsi 2010-cu ildə iddiaçının atası tərəfindən X1 alınmışdır. İddiaçının atası 2013-cü ildənikahdan öncə torpaq sahəsini iddiaçıya bağışlamışdır. Tərəflər ailə həyatı qurandan kirayə yaşadıqları üçün iddiaçının atası öz qızına torpaq sahəsi ilə birlikdə evi bağışlamışdır. Evi alandan sonra dərhal cavabdehlər mübahisə predmeti olan evə köçmüşlər və indiyə qədər də orda yaşayırlar. Bu şəraitdə iddiaçı mülkiyyətindən məhrum olmaqla yanaşı, 2 övladı ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdehlər uzun müddət yaşadıqları evdən çıxmamaq üçün müxtəlif bəhanələr irəli sürürlər. Cavabdehlərin həmin torpaq sahəsi üzərində ev tikdikləri arqumenti isə tamamilə əsassızdır. Məhkəməyə təqdim edilmiş peyk görüntülərinə əsasən demək mümkündür ki, torpaq sahəsi ev ilə birlikdə alınmışdır. İddiaçı, həyat yoldaşı və onun valideynləri birlikdə iddiaçının atasının bağışladığı evə köçmüşlər. Tərəflərin barışması üçün cəhd göstərməyinə baxmayaraq, mümkün olmamışdır. 20000 manata cavabdeh tərəfindən evin alınması barədə iddiası tamamilə əsassızdır.

7. Məhkəmə iclaslarında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 izahatında bildirdi ki, torpaq sahəsini cehiz əvəzinə iddiaçı tərəfin atası almışdır. Torpaq sahəsi veriləndən sonra həmin torpaq sahəsində 4 ay müddətinə ev tikmişdirlər. Tikintiyə 2010-cu ilin iyul ayından başlamışdırlar. Evin tikintisinə 20000 manata yaxın pul xərcləmişdir.

8. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 izahatında bildirdi ki, 2010-cu ildən bəri həmin torpaq sahəsində yaşayırlar. 2010-cu ildə ora köçəndə həmin torpaq sahəsində heç nə yox idi və evi tikib orada yaşamağa başlamışdırlar.

9. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə Cavabdeh3 Sulidin oğlu izahatında bildirdi ki, evi 2010-cu ildə atası tikmişdir, yalnız torpaq sahəsi iddiaçıya məxsusdur.

10. Məhkəmə iclaslarında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, Sumqayıt şəhəri, 21-ci mkr, ev 241C-də yerləşən sahəsi 0.0168 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə məxsusdur. Belə ki, həmin torpaq sahəsini ona atası bağışlamışdır. Həmin torpaq sahəsində yerləşən fərdi evi isə qarşılıqlı iddia üzrə iddiaçı öz vəsaiti hesabına tikmiş və həmin evdə hazırda ailəsi ilə birlikdə yaşayır. Suliddin Əliyev həmin torpaq sahəsində yerləşən fərdi evi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin razılığı ilə tikmişdir. Belə ki, həmin vaxt onunla ailəli idi və mənzil şəraitlərini yaxşılaşdırmaq üçün həmin evi o, tikmişdir. Həmin evin tikintisinə o, 20000 manat pul vəsaiti xərcləmişdir. Evin tikintisində iştirak edən şəxslər X10, X16, X13 və X21 oglu olmuşdur və onlar həmin evin müdafiə etdiyi şəxslər tərəfindən tikildiyini təsdiq edəcəklər. Hazırda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh torpaq sahəsinin onun mülkiyyətində olmasından və hüquqdan sui-istifadə edərək, həmin evdən Suliddin Əliyev və ailə üzvlərinin çıxarılmasını tələb edir. Ona görə də hesab edir ki, evin tikintisi üçün xərclənilən 20000 manat pul ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehdən alınıb müdafiə etdiyi şəxslərə verilməlidir.

Tədqiq olunan sübutlar:

11. AZ-İ 878378 saylı nikah haqqında şəhadətnamənin əslindən görünür ki, Cavabdeh3 Sulidin oğlu ilə İddiaçı arasında bağlanmış nikah 2 saylı Sumqayıt şəhər qeydiyyat şöbdəsində xx.xx.2013-cü il tarixində akt qeydləri kitabında 1375 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir.

12. X3 ilə X14 arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqkarın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Sumqayıt şəhər Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 14/4412 nömrəli arayışına əsasən ona məxsus olan Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0,06 ha sahəsi olan 241 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 0,03 ha torpaq sahəsini alıcı X11 mülkiyyətinə verməyi, qalan 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 102,2 kv.m, yaşayış sahəsi 51,2 kv.m, yardımçı sahəsi 51,0 kv.m olan fərdi yaşayış evi və hamam 25,6 kv.m, tövlə 45,0 kv.m, anbar 28,3 kv.m, saray 82,4 kv.m, hasar 33,2 kv.m ibarət olan həyətyanı tikililər isə X2 mülkiyyətində qalmasını öhdəsinə götürmüşdürlər.

13. X15 ilə X12 arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin bağışlama müqaviləsi”ndən görünür ki, X15 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixdə verilmiş 14/4168 nömrəli arayışına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli, seriya MA N0180215 nömrəli çıxarışına əsasən Sumqayıt şəhəri, 21-ci mikrorayon, 241C-də mülkiyyətində olan 0,0168 ha torpaq sahəsini qızı X6 bağışlamışdır.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanımda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt “Asan xidmət” notariat kontorunun 23 iyul 2013-cü il tarixli 4Ə-376 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Sumqayıt şəhəri, 21-ci mikrorayon ünvanında yerləşən 241C saylı həyətyanı torpaq sahəsi üzərində 03 avqust 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə X5 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanımda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 241C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat aparılmamışdır.

16. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh3 ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat poçt xərci ödəmişdir.

17. “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 241C ünvanı Sumqayıt Qaz İstismar Abonent Bazasında kodu mövcud deyildir.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 241C saylı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9391 nömrəli ekspert rəyindən görünür ki, baxış zamanı tədqiq olunmuş tikilinin koordinatı “Google Yer” proqramı ilə müqayisəli tədqiq olunan zaman 2009-2011-ci illərdə həmin ərazidə tikilinin mövcud olduğu müəyyən olunur.

Məhkəmə baxışının hədləri:

20. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 11.1. mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.2-ci mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);[24] 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

23. Azərbaycan Respublikasının Konstitusiyası

43 (hissə İİ)- dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

24. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir.

25. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hazırki iş üzrə İddiaçı Cavabdeh3 ilə 2010-cu ildə faktiki nikah münasibətlərinə daxil olmuş, xx.xx.2013-cü ildə isə rəsmi nikah qeydiyyatından keçmişlər. 23 iyul 2013-cü ildə iddiaçının atası X15 özünə məxsus olan Sumqayıt şəhəri, 21-ci mikrorayon, 241C ünvanında mülkiyyətində olan 0,0168 ha torpaq sahəsini qızı X6 bağışlamışdır. İddiaçı ilə Cavabdeh3 həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Eyni zamanda onlarla birgə həmin evdə Cavabdeh3 atası Əliyev Suliddin Lətif oğlu və anası Cavabdeh2 da yaşamışlar. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli Qətnaməsi əsasında pozulmuşdur.

26. Hazırda iddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalarını məhkəmədən xahiş edir.

27. Cavabdeh Əliyev Suliddin Lətif oğlu isə sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun tərəfindən inşa edildiyini və tikintisinə 20000 manat xərc çəkdiyini iddia edərək həmin vəsaitin ona qaytarılmasını məhkəmədən xahiş edir.

28. Beləliklə sözügedən torpaq sahəsinin İddiaçı atası tərəfindən bağışlanması işin mübahisə edilməyən halıdır. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə gəldikdə isə, məhkəməyə sorğu əsasında daxil olmuş “Google earth” proqramı vasitəsilə çəkilmiş 2009-2011-ci illərə aid olmuş fotoşəkillər, habelə ekspert rəyi əsasında tərəflərin rəsmi, habelə faktiki nikaha daxil olduğu dövrdən öncə, 2009-cu ildə həmin torpaq sahəsində fərdi yaşayış evinin mövcud olduğu müəyyən edilmişdir. Beləliklə qeyd edilən məlumatlar əsasında cavabdehlərin həmin torpaq sahəsində 2010-cu ildə ev tikmələri ilə bağlı izahatları təkzib olunur.

29. Bundan əlavə Qanuna əsasən, torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır (Mülki Məcəllə, maddə 135.4, ikinci cümlə - § 28).

30. Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər. Hazırki halda torpaq sahəsinin atası tərəfindən notarial qaydada bağlanmış bağışlama müqaviləsi ilə İddiaçı bağışlanması, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini də ona bağışladığı qənəatinə gəlməyə əsas verir. Həmin fərdi yaşayış evinin bağışlama müqaviləsində öz əksini tapmaması, qanunvericiliyin tələbinə uyğun olaraq bağışlanmasına dair notarial qaydada müqavilənin bağlanmaması, bununla bağlı məcburi forma şərtinə riayət edilməməsi həmin fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması səbəbindən mümkün olmamışdır.

31. . Həmin tikilidə hər hansı təmir işlərinin aparılmasını, tikilinin cavabdehlər tərəfindən inşa edilməsini sübutetmə yükü bu dəlilləri irəli sürən cavabdehlərin üzərində olmasına baxmayaraq, onlar bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər.

32. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

33. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

34. İddiaçının mübahisə obyekti olan torpaq sahəsinin və üzərində yerləşən tikilinin qanuni sahibi olduğu və cavabdehlərin hazırda da həmin evdə yaşayıb, iddiaçının tələbinə baxmayaraq, sözügedən torpaq sahəsindən və evdən çıxmadığı, habelə, cavabdehlərin iddiaçının ailə üzvü olmadığı (cavabeh Cavabdeh3 arasında nikahlarının pozulması) və sonuncunun razılığı olmadan evdə yaşadığı işin mübahsisəsiz halı olduğu halda, cavabdehlərin mənzildə yaşamağa davam etmək üçün iddiaçı ilə hər hansı qaydada razılığa gəldiyi (müqavilə bağladığı) və məhz bu əsasla cavabdehin mübahisəli torpaq sahəsi və tikili üzərində hər hansı bir hüququnun olduğu müəyyən edilməmişdir.

35. Cavabdehlərdən Cavabdeh3 iddiaçının keçmiş əri olduğunu nəzərə alaraq məhkəmə tələbin ona aid hisəsinə münasibətdə əlavə olaraq qeyd edir ki, Ailə Məcəlləsinin 32- ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.

36. Göründüyü kimi, nikah müddətində alınmış hər hansı bir əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün əmlak həm də tərəflərin ümumi gəlirləri hesabına əldə edilməlidir.

37. İşin faktiki halları onu göstərir ki, İddiaçı ilə Cavabdeh3 23 avqust 2023-cü tarixdə nikah bağlamışlar, mübahisə predmeti olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə 2009-cu ildə, yəni tərəflər nikah bağlamamışdan, hətta faktiki nikaha daxil olmamışdan öncə inşa edilmiş və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi tərəflər rəsmi nikaha daxil olmamışdan öncə iddiaçıya bağışlanmışdır.

38. Bu baxımdan da cavabdeh Əiyev Elməddin Suliddin oğlunun həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və üzərində yerləşən tikiliyə (tikilinin dəyərinə) dair hər hansı hüququ yoxdur və əmlakın hazırda onların sahibliyində olmasının qanuni əsası mövcud deyil.

39. Həmin fərdi yaşayış evində təmir işlərinin aparılmasına gəlincə isə məhkəmə qeyd edir ki, həmin evdə təmir işlərinin aparılması yalnız İddiaçı məhkəmə iclasında verdiyi izahat həcmində öz təsdiqini tapmışdır. Belə ki, o izahatında həmin evə divar kağızı vurulduğunu, kombi sistemi çəkildiyini və həyətyanı sahəsinin müəyyən hissəsinə beton tökdürüldüyünü və bu işlərin də atasının dayısı oğlu tərəfindən görüldüyünü bildirmişdir. İş materiallarında iddiaçının izahatından əlavə həmin fərdi yaşayış evində həmin evin dəyərini əhəmiyyətli dərəcədə artıracaq hər hansı əsaslı təmir işlərinin görüldüyünü təsdiq edən sübutlar mövcud deyildir.

40. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

41. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, qarşılıqlı iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki iddiaçı qarşılıqlı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

42. İddiçının təmir xərcləri ilə bağlı izahatına münasibətdə məhkəmə qeyd edir ki, həmin təmir işləri cavabdehlər tərəfindən aparılmış olsa belə onlar 2013-cü ildən halhazıradək, yəni 10 ildən artıq müddətdə həmin mənzildən faydalanaraq orada yaşamışlar. Evdə aparılan azsaylı təmir işləri isə həmin evdə yaşayan şəxslərin rahat yaşamaları üçün zəruri şəraitin yaradılmasına yönəlmiş və uzun illər ərzində onların yaşayış üçün olan ehtiyaclarını təmin etməklə, həmin işlərin uzun illər bundan öncə aparılması səbəbindən texniki və vizual baxımdan köhnəlmiş, başqa sözlə desək məhz cavabdehlərin də istifadəsi nəticəsində dəyəri azalmışdır. Məhkəmə qeyd edilən təmir işlərinin həcminin az olması, cavabdehlərin 12 ildən çox müddət ərzində təmənassız həmin evdən və torpaq sahəsindən faydalanmaları, mənzildə əsaslı təmir işlərinin aparıldığını təsdiq edən hər hansı bir mötəbər sübutun məhkəməyə təqdim edilməməsi səbəbindən qarşılıqlı iddianı əsaslı hesab etmir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv,qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

44. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.

45. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun, yaxud qarşı tərəf həmin izahatda ifadə edilən faktiki halları mübahisələndirməsin və bu, işin mübahisəsiz hallarını müəyyən etməyə imkan versin.

46. Halbuki, MPM-in 77-ci sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.

47. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

49. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 241C saylı torpaq sahəsi və üzərində inşa edilmiş evdən çıxarılmalı, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

50. Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(060)- 2886/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olanadək mülki işin icraatı dayandırılmışdır.

51. xx.xx.2025-ci il tarixdə qeyd edilən mülki iş üzrə ekspert rəyi və ekspertiza xərclərinə dair bildiriş məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə əsasən məhkəmə tərəfindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

52. Məhkəmə hesab edir ki, cavabdehlər Əliyev Suliddin Lətif oğlu, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməlidir.

53. Həm ilkin, həm də qarşılıqlı iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddianın təmin, qarşılıqlı iddianın təmin edilməməsi səbəbindən məhkəmə hesab edir ki, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq ilkin iddia üzrə İddiaçı ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu həmin hissədə iddianın təmin edilməməsi səbəbindən qarşılıqlı iddia üzrə iddiaçıların özlərinə aid edilməlidir.

Nəticə:

54. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İlkin iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 241C saylı torpaq sahəsi və üzərində inşa edilmiş evdən çıxarılsınlar. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Əliyev Suliddin Lətif oğlunun İddiaçı qarşı İddiaçı 20000 manat pulun alınıb ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun da İddiaçı aid edilməsinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Cavabdehlər Əliyev Suliddin Lətif oğlu, Cavabdeh3 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Əliyev Suliddin Lətif oğlu, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar