Məhkəmə qərarları › İş №2(060)-5700/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5700/2021

12.07.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5700/2021 12.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, anası 1944-cü il təvəllüdlü Məhərrəmova Bənövşə Əhməd qızı ünvan 1 ünvanında onunla birgə yaşayıb. Bir neçə gün əvvəl Bakı şəhərində yaşayan qızının evinə gedib. 27 may 2021-ci il tarixdə onun halı pisləşmiş və qızı tərəfindən Təcili və X2 məlumat verilmişdir. Həkimlər gəlib çatana qədər anası vəfat etmişdir. Həmin tarixdə anası Məhərrəmova Bənövşə Əhməd qızını Sumqayıt şəhərinə gətirib, Sumqayıt qəbirsanlığında dəfn ediblər. Anasının ölümünü qonşularında təsdiq edə bilər.Anasının ölüm faktını təsdiq edən sənəd almaq üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmiş, Qeydiyyat Şöbəsi tibb müəssisənin müvafiq sənədi olmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də, məcbur olub məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən anası 1944-cü il təvəllüdlü Məhərrəmova Bənövşə Əhməd qızı 27 may 2021-ci i tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizəyə uyğun eyni məzmunlu izahat verərək bildirib ki, ərizəçi onun həyat yoldaşıdır. Mərhum qaynanası qızıgilə qonaq gedib, xəstələnib, xəstələndikdən 3 gün sonra həkimlər gələnə qədər vəfat etmişdir. Sumqayıtda dəfn etmişlər. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, Ərizəçi qonşuluğunda yaşayırlar, mərhum ilə qapı qonşu olublar, Səhər səs-küy gəlmiş, o da qonşu kimi onların evinə keçərək rəhmətə getdiyini bilmişdir. Mərhum qızının evində vəfat etmiş, onun 2 övladı var, oğlu ilə yaşayırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirdi ki, mərhum X1 ilə qonşudur, tez-tez qızının evinə gəlirmiş və bu səbəbdən mərhumu da tanımışdır. Ayın 26-sı gecə qonşuluqdan səs gəlmiş, onlara keçdiyi zaman mərhumun vəziyyətinin pis olduğunu, can verdiyi görmüşdür. Mərhum yaşlı idi, qəflətən xəstələnmiş və qızı Reyhanın evində dünyasını dəyişmişdir. Sonradan mərhumun meyiti oğlunun evinə Sumqayıta aparmışlar və Sumqayıtda dəfn etmişlər. Məhkəmə, ərizəçinin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. İş materiallarında olan, Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 08.06.2021-ci il tarixli ərizəçinin nümayəndəsinə ünvanlanmış məktubundan görünür ki, ərizəçinin anası Məhərrəmova Bənövşə Əhməd qızının ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə qətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra hakimiyyəti Mənzil-Kommunal İstehsalat birliyi Vətəndaşlara xidmət idarəsinin 07 iyun 2021-ci il tarixli arayışından görünür ki, Məhərrəmova Bənövşə Əhməd qızı 27.05.2021-ci ildə Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi anası 1944-cü il təvəllüdlü Məhərrəmova Bənövşə Əhməd qızı 27.05.2021-ci il tarixdə ölmüş, Sumqayıt Şəhər Qəbristanlığında dəfn olunmuşdur. Ərizəçi nümayəndəsi Nümayəndə, qaynanası 1944-cü il təvəllüdlü Məhərrəmova Bənövşə Əhməd qızı ölümünün qeydə alınması barədə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, 1944-cü il təvəllüdlü Məhərrəmova Bənövşə Əhməd qızının 27 may 2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1944-cü il təvəllüdlü Məhərrəmova Bənövşə Əhməd qızının 27 may 2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar