Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5711/2023 17.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüquqlarının tanınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, D/Y, Y/M 5 saylı evin 4 otaqlı 37 saylı mənzilinin gəlini olaraq köçdüyü 2 otağına köçürülməklə bu otaqdan iki azyaşlı övladı ilə birlikdə istifadə etmək hüququnun təsdiqənməsi və həmin mənzilin giriş, hamam, sanitar qovşağı, mətbəx hissəsinin ümumi istifadədə qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, D/Y yaşayış massivi, 5 saylı evin 37-ci mənzilində həddi-büluğa çatmamış uşaqları ilə birgə yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və iddia ərizəsində göstərdiyi otaqlara həddi-buluğa çatmamış uşaqları ilə birgə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, D/Y, Y/M 5 saylı evin 4 otaqlı 37 saylı mənzili qaynatası Cavabdeh2 mülkiyyətindədir. 2005-ci ildən həmin ünvanda ailənin gəlini olaraq yaşayır və xx.xx.2006-cı ildə bu ünvanda Rövşən adlı birinci, xx.xx.2007-ci ildə isə Emil adlı ikinci övladı doğulmuşdur. İkinci övladı Emil bu ünvanda qeydiyyatdadır, lakin birinci övladı Rövşən onun valideynlərinin mənzilində onunla birlikdə pasport qeydiyyatındadır. O, hazırda iki azyaşlı övladları ilə valideynlərinin himayəsində yaşayır. Həyat yoldaşı Cavabdeh1 ilə xx.xx.2009-cu il tarixdə bağlanmış nikahlarının pozulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Şəxsi əşyaları və cehiz əşyaları Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, D/Y, Y/M 5 saylı evin 37 saylı mənzilindədir. Cavabdeh2 mülkiyyətində olan mənzil onun və övladlarının yeganə yaşayış sahəsidir. Cavabdeh1 ilə nikahları xx.xx.2009cu ildə qeydə alınsa da, faktiki ər-arvad münasibətləri 2005-ci ildən başlanmışdır. 2005-ci ildə Cavabdeh1 ilə toyları olmuş və mənzil istifadəçilərinin razılığı ilə mübahisəli evə gəlin köçmüşdür. Yaşayış sahəsi 4 otaqdan ibarət olan mənzilin bir yataq və bir qonaq otağına cehiz əşyalarını yerləşdirməklə, ailə üzvü kimi 2023-cü ilin yanvar ayınadək orada yaşamış və yaşadığı 18 ilə yaxın müddətdə icarədarla ailə üzvü kimi ümumi təsərrüfat aparmışlar. Birgə yaşadıqları bütün müddətdə əri Cavabdeh1 dəmir yolu idarəsində maşinist işləmiş, aldığı əmək haqqı evin ümumi təsərrüfatının idarə edilməsinə xərclənmişdir. Həmçinin, son iki ildə o özü qadın salonunda işləmiş və qazancı ailənin ümümi büdcəsinə daxil edilmişdir. Birgə yaşadıqları müddətdə ərinin qazancı da daxil olmaqla ailənin birgə gəliri hesabına mənzil şəraitinin yaxşılaşdırılması üçün bir neçə dəfə mənzildə təmir işləri aparılmışdır. Əri Cavabdeh1 ilə ailə münasibətləri pozulduğu və evdən qovulduğu üçün 2023-cü ilin əvvəlindən həddi-büluğa çatmamış, 16-17 yaşında olan iki uşağı ilə məcburi surətdə mənzili tərk etmişdir. Hazırda o, valideynləri, kiçik bacısı və iki övladı olmaqla 6 nəfər bir otaqlı, darısqal mənzildə, valideyinlərinin himayəsində yaşayırlar. Hər iki övladım mübahisəli evdə doğulmuş və hazırda Emil adlı ikinci övladı həmin evdə, Rövşən adlı birinci birinci övladı isə onunla birlikdə valideynlərinin evində qeydiyyatdadır.Hazırda valideynlərinin bir otaqlı, darısqal evində, 6 nəfərin birgə yaşaması mümkün deyildir və həddi-büluğa çatmamış övladları ilə birgə qanuni yaşayış sahəsinə köçüb yaşamaq istəyir. Cavabdehlər məhkəməyə iddia tələbinə etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdırlar ki, iddiaçı ilə Cavabdeh1 arasında yaranmış ailə münasibəti qeyri-rəsmi olaraq 2005-ci ildən, rəsmi olaraq isə 2009-cu ilin sentyabr ayından olduğundan, iddiaçının yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr AR MM-nin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Mübahisəli mənzil, iddiaçı ilə Cavabdeh1 münasibətləri yaranmamışdan öncə, yəni iddiaçı o evə gəlin göçməmişdən illər qabar iddiaçının qayınatası Cavabdeh2 işlədiyi dəmiryol müəssisəsi tərəfindən verilmişdir. Yəni, nə iddiaçının, nə də ki, Cavabdeh1 həmin mübahisəli mənzilə hər hansı bir aidiyyəti yoxdur. Qeyd edilənlərdən başqa, mübahisəli mənzilin bütün kommunal xərcləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilmişdir. İddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadəsinin əmələ gəlməsi, həyata keçirilməsi və sair şərtlərlə bağlı İddiaçı ilə cavabdeh, yəni mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh2 arasında hər hansı bir notarial qaydada təsdiqlənən yazılı razılaşma olmamışdır. Mübahisəli mənzil bağışlanma müqaviləsi əsasında Cavabdeh2 qızı X2 adına qeydə alınmışdır və hazırda mübahisəli mənzilin mülkiyyətçisi X3r. Bütün bu qeyd edilənlər bir daha ona əsas verir ki, iddiaçının iddiası qeyri-qanuni və əsassızdır, ona görə də həmin iddia əsassız olduğundan rədd edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında göstərdi ki, onun mənzilə olan mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə çıxarış verilmişdir. Evdə valideynləri, o və övladı yaşayırlar. 10 ildir ki əri vəfat etmişdir. O, eyni zamanda iddiaçının mənzildən köçdüyünü, iddiaçının mənzildə yaşamağa hüququnun olmadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, Cavabdeh1 ilə X4 arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində, xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1238 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Ziyayi soyadı verilmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X10 atası Cavabdeh1, anası X1r. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X15 və xx.xx.2006-cı il təvəllüdlü X13 adlı övladları vardır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 23 saylı Mənzil-Kommunal Səhəsinin 679 №-li, xx.xx.2023cü il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi Dəmir yol yaşayış massivində yerləşən 5 saylı binanın 37 saylı mənzili 4 otaqlıdır, yaşayış sahəsi 50.15 kv/m-dir. xx.xx.1985-ci ildə Cavabdeh2 adına verilmiş order əsasında mənzil xx.xx.2016-cı ildə adına özəlləşmişdir. Ev sahibi Cavabdeh2 özüdür. Cavabdeh2 və həyat yoldaşı X6 xx.xx.1985-ci ildə, oğlu Cavabdeh1 və qızı X7 xx.xx.1994-cü ildə mənzilə qeydiyyata düşmüşdür. Nəvəsi - X8 xx.xx.1996-cı ildə anadan olmuşdur, mənzildə qeydiyyatdadır. Nəvəsi - X15 xx.xx.2007-ci ildə anadan olmuş, xx.xx.2015-ci ildə mənzilə qeydiyyata düşmüşdür. Nəvəsi - X13 xx.xx.2006-cı ildə anadan olmuşdur, mənzildə qeydiyyatda olması məlum deyildir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, X12 qəsəbəsi, Dəmir yol yaşayış massivində yerləşən 5 saylı evin 37 saylı mənzilinin mülkiyyətçisi X3r və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən məktubla göndərilən xx.xx.1985-ci il tarixli orderin surətindən görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi Dəmir yol yaşayış massivində yerləşən 5 saylı binanın 37 saylı mənzilinin icarədarı Cavabdeh2dur. - Həmin orderdən görünür ki, Cavabdeh2 icarədar, Nərgiz Ziyayi – icarədarın arvadı, Cavabdeh1 və Ruhəngiz Ziyayi icarədarın övladlarıdır. - Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivində yerləşən ev 5, mənzi 37, ümumi sahəsi 75.3 kv/m olan mənzili qızı X5 bağışlamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 2005-ci ildə Cavabdeh1 ilə faktiki nikaha daxil olmuş, iddiaçı Sumqayıt şəhəri, X12 qəsəbəsi, Dəmir yol yaşayış massivində yerləşən 5 saylı evin 37 saylı mənzilinə gəlin köçmüşdür. Onlar nikahlarını xx.xx.2009-cu il tarixdə rəsmiləşdirmişlər. Mübahisəli mənzilinin icarədarı xx.xx.1985-ci il tarixli orderə əsasən Cavabdeh2 olmuş, həmin yaşayış sahəsi xx.xx.2016cı il tarixdə onun adına özəlləşdirilmişdir. xx.xx.2023-cü ildə Cavabdeh2 ilə qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 arasında mənzilə dair bağışlama müqaviləsi bağlanmış və mənzil üzərində Ruhəngiz Ziyayinin mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Həmin Qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin bu qərarlarda ifadə olunmuş hüquqi mövqeyinə görə yaşayış sahəsinin mülkiyyət forması dəyişdirildikdə, yəni xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqda həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququ ilə bağlı məsələlərin həlli zamanı 2009-cu ilin oktyabrın 1-dən sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Buradan aydın olur ki, istifadə hüququ ilə bağlı tələb yaşayış sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra onun mülkiyyətçisinə yönələ bilər, belə bir iddiaya cavabdeh ola biləcək şəxs yalnız əmlakın mülkiyyətçisidir. Hazırki mülki işin faktiki hallarından aydın olur ki, mübahisəli evin mülkiyyətçisi Ruhəngiz Ziyayidir (müstəqil tələb irəli sürən üçüncü şəxs). Lakin iddiaçı ərizəsində tələbini Cavabdeh1 və Cavabdeh2 yönəltmiş, onları iddiasına cavabdeh kimi göstərmişdir. Məhkəmə tərəfindən iddiaçıya cavabdehlərin əsl cavabdehlə əvəz edilməsi izah və təklif olunsa da, o, buna etiraz etmişdir. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddia iddiaya cavab verməli olmayan şəxslərə qarşı verilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan qanunvericilik normalarına əsaslanaraq və həmin maddələrin tələblərini, məhkəmə təcrübəsini və məhkəmələrə tövsiyə olunan hüquqi mövqeyi işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia, iddiaya cavab verməli olmayan şəxslərə qarşı verildiyindən, əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüquqlarının tanınmasına dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, D/Y yaşayış massivi, 5 saylı evin 37-ci mənzilində həddi-büluğa çatmamış uşaqları ilə birgə yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və iddia ərizəsində göstərdiyi otaqlara həddi-buluğa çatmamış uşaqları ilə birgə köçürülmələri barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5711/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5711/2023
17.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver