Məhkəmə qərarları › İş №2(060)-5718/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5718/2022

01.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5718/2022 01.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı1, vəkili Vəkil1, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “naturada bölgünün aparılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsi, ev 12-də ünvanında yerləşən 1072 kv.metr torpaq sahəsinin onlarla, Cavabdeh arasında faktiki istifadə edilmə qaydaları müəyyən edilməklə naturada bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı1 iddianı müdafiə edərək göstərdi ki, o, ataları İddiaçı2 və digər ailə üzvləri (həyat yoldaşı və övladları) ilə birlikdə H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşayırlar. Onlarla birlikdə həmin ünvanda əmisi, atasının qardaşı Cavabdeh öz ailə üzvləri ilə birlikdə digər tikilidə (evdə) yaşayır. Bildirir ki, qeyd olunan ünvanda yerləşən evin yerləşdiyi torpaq sahəsi təxmini 0.11 ha dan ibarətdir. 1979-cu il tarixli və sonradan 1987-ci il tarixli texniki pasporta əsasən qeyd olunan fərdi yaşayış evinin hüquq sahibi babası (atasının atası) mərhum X4 olmuşdur. Qeyd etdiyi kimi qeyd olunan torpaq sahəsi babasının istifadəsində olmuş, o övladları ilə burada yaşamışdır. Qeyd etdiyi kimi əmisi Cavabdeh qeyd olunan ünvanda deyil qonşu ərazidə yerləşən evdə qeydiyyatda olsa da H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsi, ev 12-nin əhatə etdiyi torpaq sahəsində inşa edilmiş tikilidə yaşayır. O, və atası cavabdehə dəfələrlə təklif etmişlər ki, torpaq sahəsini faktiki istifadə qaydalarına əsasən bölüb,hasara alsınlar. Lakin, cavabdeh bu təklifə qərəzli münasibət göstərmişdir. Qeyd edir ki, cavabdeh neçə dəfə səbəbsiz olaraq ondan hüquq mühafizə orqanlarına şikayət etmişdir. Odur ki, qeyd olunan məsələdə onunla razılaşma əldə etmək mümkün deyildir. O, və ailə üzvləri istəyirlər ki, evləri ayrı ayrı olduğundan onların yerləşdiyi ümümi torpaq sahəsindən istifadə qaydalarını müəyyən etsinlər, giriş-çıxışı ayrı olsun. Lakin, qeyd etdiyi kimi məhkəmədən kənar qaydada bu mümkün görünmür. Hesab edir ki, babasından miras qalmış torpaq sahəsinə dair hüquqi gözlənti olduğuna görə və həmin torpaq sahəsinə faktiki sahiblik və istifadə hüququnu uzun müddətdir ki, həyata keçirdiyinə görə qeyd olunan daşınmaz əmlakın bölgüsü və istifadə qaydalarının müəyyən olunması tələbi ilə məhkəməyə müraciət edə bilər və belə bir iddia əsaslı olduğundan təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq, H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsi, ev 12-də ünvanında yerləşən 1072 kv.metr torpaq sahəsinin onlarla, Cavabdeh arasında faktiki istifadə edilmə qaydaları müəyyən edilməklə naturada bölgüsünün aparılmasına dair qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı2 məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, iddiaçıların mübahisələndirdikləri və naturada bölgüsünün aparılmasını tələb etdikləri torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada nə onların, nə də onun adına sənədləşdirilməmişdir. Həmin torpaq sahəsinin, ümumiyyətlə torpaqayırma sənədləri mövcud deyildir. Sumqayıt şəhər keçmiş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1987-ci ildə mərhum atası X2 adına “Fərdi yaşayış fonduna aid fərdi yaşayış evinin Texniki Pasportu” tərtib edilmişdir ki, həmin Texniki Pasportda fərdi yaşayış evinin ölçüləri göstərilsə də, nə fərdi yaşayış evinə, nə də torpaq sahəsinə dair onun adına hər hansı hüquq müəyyənedici sənəd tərtib olunmamışdır. Mərhum atası X2 ölümündən sonra onun faktiki istifadəsində olmuş və üzərində fərdi yaşayış evləri yerləşən sahəsi 1072 kvadrat metr olan torpaq sahəsi sonradan dörq qardaş olaraq aralarında yerində bölünərək hər qardaşın faktiki istifadəsinə verilmiş torpaq sahəsində ayrı-ayrılıqda dörd ədəd fərdi yaşayış evləri inşa olunmuşdur. O, cümlədən iddiaçıların yaşadıqları fərdi yaşayış evi ilə onun ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evi də yanaşı yerləşməklə müxtəlif torpaq sahələrində inşa edilmişdir. Sadəcə olaraq hələ mərhum atasının sağlığında qoyulmuş darvazadan həyətə girərərək ümumi yoldan istifadə etməklə evlərinə daxil olmaq mümkündür ki, iddiaçılar məhz bu yoldan istifadəni məhdudlaşdırmaq niyyətindədirlər. Halbuki, qeyd etdiyi kimi, bu həyət vaxtı ilə atasının istifadəsində ümumi həyət olmuşdur ki, iddiaçıların istifadəsini məhdudlaşdırmaq istədikləri ümumi yol da həyət daxilində yerləşməklə həmin vaxtdan istifadələrində olmuşdur. Nəzərə alınsa ki, iddiaçıların mübahisələndirdikləri torpaq sahəsinə hər hansı hüquq müəyyənedici sənədləri mövcud deyildir və torpaq sahəsi mərhum atasının hüquq varisləri olaraq İddiaçı2 da daxil olmaqla dörd qardaş olaraq aralarında faktiki bölünmüşdür, iddiaçıların bu şəkildə iddia tələbləri ilə məhkəməyə müraciət etmələrinin hər hansı hüquqi əsasının olmadığı aydın olur. Sadəcə olaraq iddiaçılar onunıa şəxsi zəmində ədavətləri ucbatından onun özünə məxsus olan və yaşadığı fərdi yaşayış evinə girişini əngəlləmək və onun həmin evdə yaşamağını mümkünsüz hala salmaqla həyətdən çıxmağıma çalışırlar. Halbuki, onun yaşadığı evinə daxil olmaq üçün başqa yolu yoxdur və iddiaçıların bağlanılmasını tələb etdikləri yol hələ mərhum atasının istifadəsində olduğu vaxtdan həyət daxilində yerləşməklə ümumi istifadədə olan yoldur. Həmçinin, qeyd edilməlidir ki, iddia ərizəsində göstərilənlərin ziddinə olaraq iddiaçılar tərəfindən mübahisələndirilən torpaq sahəsinin paylı mülkiyyətdə olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçılar mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi kimi özlərini təqdim etsələr də, nə mülkiyyət hüququna dair müvafiq hüquq müəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmiş, nə də bu torpaq sahəsinin mərhum atasının mülkiyyətində olmasını təsdiq edən hər hansı sənədi üzə çıxara bilməmişlər. Halbuki, daşınmaz əmlak üzərində hüquqlar, o cümlədən torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Tərəfindən torpağın hüquqi statusunun dəqiqləşdirilməsi ilə bağlı müvafiq dövlət qurumuna edilmiş şifahi müraciət zamanı müəyyən edilmişdir ki,sözügedən torpaq sahəsi hal-hazırda dövlət mükiyyətində saxlanılan torpaq sahəsidir və bu torpağın iddiaçılara hər hansı aididyəti də yoxdur. Belə olan halda hesab edir ki, iddiaçıların sözügedən iddia tələbləri ilə bağlı məhkəməyə müraciət etməyə,ümumiyyətlə subyektiv hüquqları yoxdur. Göstərilənləri nəzərə alıb, iddiaçılar İddiaçı1 və İddiaçı2 mənə qarşı “torpaq sahəsinin faktiki istifadə edilmə qaydaları müəyyən edilməklə naturada bölgüsünün aparılması tələbinə dair” iddia ərizəsinin əsassız olması və tələb hüququ olmayan şəxslər tərəfindən verilməsi səbəbindən rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh oğlnun nümayəndəsi və vəkili Vəkil2 cavabdehin izahatına uyğun izahat verərək, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh və nümayəndəsi və vəkili Vəkil2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı1 Sumqayıt şəhəri, X5 qəsəbəsi, K.Pereküşkül küçəsi, ev 12-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki,” subyektiv hüquq 3 elementin məcmusu kumu qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır.Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin,yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də,həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçılar tərəfindən mübahisələndirilən torpaq sahəsi ilə bağlı torpağın hüquqi statusuna uyğun olmayan şəkildə qanunsuz və ədalətsiz iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Halbuki, qeyd edilən qanun normalarından da görünür ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun mövcud olmaması və torpağın da paylı mülkiyyətdə olmaması səbəbindən torpaq sahəsinin faktiki istifadə edilmə qaydaları müəyyən edilməklə naturada bölgüsünün aparılmasını tələb etmək hüquqları da yarana bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsi, ev 12-də ünvanında yerləşən 1072 kv.metr torpaq sahəsinin onlarla, Cavabdeh arasında faktiki istifadə edilmə qaydaları müəyyən edilməklə naturada bölgüsünün aparılması” barədə iddia tələbinin təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar