Məhkəmə qərarları › İş №2(060)-572/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-572/2024

13.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-572/2024 13.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ərizəçinin 10 mart 1982-ci ildən 1993-cü ilin iyul ayına kimi Ağdam Şəhər Pəriollar kənd orta məktəbində işlədiyi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 1960-cı il tarixdə Ağdam şəhərində anadan olmuşdur. 1979-cu ildə S.M.Kirov adına X13 ordenli Azərbaycan Dövlət Universitetinin kitabxanaçı fakultəsinə daxil olmuşdur. 1985-ci il tarixdə həmin universiteti bitirmişdir. Qeyd edir ki, universitetdə qiyabi təhsil almışdır. 10 mart 1982-ci il tarixdən 1993-cü il iyul ayına kimi (məcburi köçkün düşənə qədər) Ağdam şəhəri, Pəriollar kənd orta mətkəbində kitabxanaçı vəzifəsində çalışmışdır. 1993-cü il tarixdə Ağdam şəhərindən məcburi köçkün düşmüş, Sumqayıt şəhərində məskunlaşmışdır. 06 aprel 2023-cü il iyul ayına kimi Ağdam şəhəri, Pəriollar kənd orta məktəbində çalışması barədə Ağdam rayonu, Pəriollar kənd məktəbinin 1993-cü ilə kimi arxiv olan sənədləri Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq işğal altında qalmışdır. Bildirir ki, onunla bir yerdə həmin məktəbdə çalışan iş yoldaşları vardır. Onlar məhkəmə iclası zamanı şahid ifadəsi verə bilərlər. Ərizəçi 31 yanvar 2024-cü il tarixdə məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Ərizəçi 10 mart 1982-ci ildən 1993-cü ilin iyul ayına kimi Ağdam Rayonu, Pərioğlular kənd orta məktəbində işlədiyi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş stajının (əmək fəaliyyətini) təsdiq edilməsi barədə hüquqi əhəmiyyətli faktın tanınması zamanı qanunvericilikdə və məhkəmə təcrübəsində ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən təsdiq edilməlidir. Lakin iş üzrə icraat materiallarında ərizəçinin işlədiyi illəri təsdiq edəcək hər hansı şahidin işə cəlb olunmadığı aydın görünür. Beləliklə, iş materiallarına əsasən, ərizəçinin işləməsi faktını təsdiq edən yuxarıda qeyd olunan qanunvericililklə nəzərdə tutulmuş hallar, sənədlər və materiallar mövcud olmadığından ərizə təmin edilməməlidir. Buna görə də 2(060)-572/2024 nömrəli mülki iş üzrə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, işğal olunduğuna görə Ağdam şəhərindən qaçqın düşmüş və sənədləri götürə bilməmişdir. Daha sonra yenidən işləmişdir. Lakin hal-hazırda pensiya yaşına çatdığı üçün pensiya verilməsi üçün dörd il çatmır. 1982-ci il tarixdən 1993-cü ilin iyul ayına kimi işləmişdir. Heç bir sənəd götürə bilməmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, şahidlər dindirildi. Afət xanımda hər hansı bir nüans görməmişdir. Digər şahid isə Nəzakət xanım idi. Əmək kitabçasının qeydində Nəzakət xanımın işlədiyi müddətin 1980-ci il tarixdən olması görsənir. Afət xanımda isə 1985-ci il tarixdir. Hesab edir ki, üst-üstə düşən dövrlər götürülməlidir. Digər məsələləri isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirmişdir ki, o, 1982-ci il tarixdən 1993-cü ilə qədər səkkiz illik Pəriollar məktəbində ingilis dili müəllimi işləmişdir. Solmaz xanım kitabxanaçı kimi fəaliyyət göstərmişdir. O gəldikdən bir il sonra, yəni 1983-cü ildə Solmaz xanım gəlmişdir. Uzun müddət keçdiyi üçün ola bilər ki, düzgün tarix deyə bilməsin. Solmazın baldızı onunla orta məktəbdə bir yerdə oxumuş və daha sonra o işləmişdir. Onun da eyni qaydada əmək kitabçası məhkəmə qətnaməsindən sonra doldurulmuşdur. Hal-hazırda pensiya alır. Özü Bakı şəhərində 271 saylı məktəbdə 22 il ingilis dili müəllimi işləmişdir. Həmin illər nəzərə alınmışdır. Hal-hazırda onun 42 illik müəllimlik stajı vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirmişdir ki, o, Ağdam rayonunun Pəriollar kənd məktəbində 1985-ci il tarixdən 1995-ci il tarixə kimi işləmişdir. İbtidai sinif müəllimi işləmişdir. 1985-ci il tarixdə o, oraya gəldikdə Solmaz artıq orada kitabxanaçı kimi işləmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, təqdim edilən əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı 20 il 7 ay təşkil etmişdir. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 11 il 10 ay sığorta stajına uyğun olaraq 10959,56 manat xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək (8 il 9 ay sığorta stajına uyğun olaraq) 4184,16 manat olmaqla ümumillikdə 15143,72 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilmişdir ki, təqdim edilən Azərbaycan Respublikası Dövlət X7 xx.xx.2023-cü il tarixli, 37 nömrəli arxiv arayışına əsasən Ağdam Rayon Pərollar kənd orta məktəbinin 1993-cü il tarixinə qədər olan arxiv sənədləri işğal zonasında qaldığı üçün 1981-1993-cü illər üzrə əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığından sözügedən dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Bildirilmişdir ki, ona xx.xx.2017-ci il tarixindən yaşa görə sosial müavinət təyin edildiyi üçün (hazırda 220 manat məbləğində olmaqla ödəniş davam etdirilir) qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bildirilmişdir ki, 2006-cı ilin 1 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti həmin tarixədək qüvvədə olmuş “vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğun olaraq sığorta stajına daxil edilir. Qeyd olunanlara əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1985-ci il tarixinədək əyani təhsil almaqları barədə arayışı yaşayış yeri üzrə Fondun müvafiq qurumuna təqdim etdikdən sonra həmin dövrün sığorta stajına əlavə edilməsinə baxıla bilər. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. НВ seriyalı, 971221 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1979-cu ildə C.M.Kurov adına qırmızı əmək bayraqlı ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1985-ci ildə orada kitabxanaçılıq və biblioqrafiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 1985-ci il 10 iyun tarixli qərarı ilə ona kitabxanaçı-biblioqrafiya ixstisası verilmişdir. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Azərbaycan Respublikası, Ağdam şəhərində xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəçi ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhəri, 1 saylı doğum evinə sanitar-xadimə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə əməyin mühafizəsi üzrə müfəttiş vəzifəsinə keçirilmiş və xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. X12 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 37 №-li arxiv arayışından görünür ki, Ağdam rayon Pəroğlular kənd orta məktəbinin 1993-cü ilə kimi olan arxiv sənədləri Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq işğal altında qalmışdır. AA seriyalı, 074367 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışdır. Göyçay Rayon Məhkəməsinin 05 iyun 2013-cü il tarixli, 2(046)-439/2013 saylı qətnaməsi ilə ərizəçinin xahişinin təmin edilməsi, ərizəçi X1 1985-1995-ci illərdə Ağdam rayonunun Pərioğullar kənd 8 illik məktəbində müəllim işləməsi faktının müəyyən edilmiş hesab edilməsi qət edilmişdir. DSMF Yasamal rayon şöbəsinin müdiri N.H.Məhərrəmov tərəfindən Dövlət Sosial Müdafiə Fondu Ağdam rayon şöbəsinə ünvanlanmış müraciətdən görünür ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1996-cı il tarixədək Ağdam rayon Təhsil Şöbəsində işləmiş vətəndaş X2 iş stajını yoxlayıb, yoxlama aktının göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Ağdam rayon şöbəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Yasamal Rayon şöbəsinə ünvanlanmış 03 noyabr 2015-ci il tarixli, 21/261 saylı məkuba cavabdan görünür ki, X2 iş stajını yoxlayıb, yoxlama aktı göndərilmişdir. ИТ seriyalı, ******* nömrəli X3 məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1979-cu il tarixdən sentyabr 1980-ci il tarixə kimi Eyvazbəyli kənd orta məktəbində xx.xx.1980-ci il tarixdən Pərioğlular kənd n/orta məktəbində 1 dekabr 1993cü il tarixə kimi müəllim işləmişdir. 1 dekabr 1993-cü il tarixdən xx.xx.1996-cı il tarixə qədər iş yerini itirdiyi iş yeri və pedaqoji iş stajı saxlanılmışdır. Onun pedaqoji iş stajı on yeddi il olmuşdur. Ağdam rayon təhsil şöbəsinin müdiri E.Şükürov, kadr inspektoru Ə.Abbasov tərəfindən təsdiq olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilatvə müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə isdən tanıyan və ərizəçinin isini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. «X9» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. “X9” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünəkeçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “X9 Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.4-cü bəndinə əsasən də yalnız əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığorta olunanların (o, cümlədən qaçqın və məcburi köçkünlərin) sosial stajı məhkəmə qaydasında müəyyənolunur. AR Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin İİİ bölməsinin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16- cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə , müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. İşin faktiki hallarından göründüyü kimi, Ərizəçi həqiqətən Ağdam rayonu, Pərioğlular kənd orta mətkəbində kitabxanaçı vəzifəsində işləmiş, lakin ona aid əmək kitabçası Pərioğlular kənd orta məktəbinin sənədləri 1993-cü ildə Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq işğal altında qaldığından, bu faktı digər qaydada təsdiq edən sənədləri əldə etmək mümkün deyildir. Bu səbəbdən, ərizəçi qeyd olunan dövr ərzində işləməsi faktını başqa qaydada müəyyən edə bilmir. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Beləliklə də, məhkəmə toplanmış sübutlara qiymət verərək qeyd edir ki, Ərizəçi Ağdam rayonu Pərioğlular kənd orta məktəbində işləməsinə dair sənədlər Ağdam rayonunun işğalı ilə bağlı olaraq həmin rayonda qaldığından, həmin stajın başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Ərizəçi həmin məktəbdə kitabxanaçı işləməsini həmin illərdə onunla birlikdə işləmiş şahidlər təsdiq etmişlər. Şahid ifadələrinin təkzib edilməsi, başqa sözlə, qeyd edilən faktın mövcud olmaması ilə bağlı maraqlı şəxs isə hər hansı dəlil irəli sürməmişdir. Bununla belə məhkəmə bu nəticəyə gəlir ki, ərizə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsində qeyd edildiyi kimi hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Ərizəçi tələbində 10 mart 1982-ci ildən 1993-cü ilin iyul ayına kimi Ağdam Rayonu, Pərioğlular kənd orta məktəbində işləməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə iclasında şahid qismində dindirilən X5 ərizəçinin 1983-cü il tarixdən, digər şahid qismində dindirilən X6 ərizəçinin 1985-ci il tarixdən işləməsini bildirmişdir. Məhkəmə qeyd edir ki, ərizə qismən təmin edilməlidir. Çünki, ərizəçinin iş yoldaşı X1 əmək kitabçalarında olan qeydlər yalnız xx.xx.1985-ci ildən sonrakı dövrü əhatə edir. Həmçinin ərizəçinin özü izahatında 1993-cü ildə Ağdamın işğalına qədər, orada işlədiyini etiraf etmişdir. Buna görə də məhkəmə qeyd olunan məlumatları nəzərə alaraq hesab edir ki, Ərizəçi Ağdam rayonu Pərioğlular kənd orta məktəbində 1985-ci il tarixdən 1993-cü ilə qədər kitabxanaçı işləməsinə dair hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. Beləliklə, ərizə qismən təmin edilməli, Ərizəçi Ağdam rayonu Pərioğlular kənd orta məktəbində 1985-ci il tarixdən 1993-cü il tarixinə qədər kitabxanaçı işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi Ağdam rayonu, Pərioğlular kənd orta məktəbində 1985-ci il tarixdən 1993cü il tarixinə qədər kitabxanaçı işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar