Məhkəmə qərarları › İş №2(060)-5748/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5748/2022

28.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5748/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 1ci mikrorayon, ev 51/22-də yerləşən 56 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək göstərdi ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22, mənzil 56-da yerləşməklə xx.xx.2007-ci ildə verilmiş ******* saylı MH seriyalı çıxarışa əsasən şəxsi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. Cavabdeh onun bacısıdır. Bacısı 1998-ci ildə ailə həyatı qurmuş və həmin vaxtdan daimi olaraq mübahisəli mənzili tərk edərək köçmüşdür. Cavabdehin mübahisəli mənzildə heç bir əmlakı yoxdur. Lakin cavabdehin daimi olaraq bu mənzili tərk etməsinə baxmayaraq onun formal olaraq mənzildə qeydiyyatda qalması bu mənzillə bağlı hüquqlarının həyata keçirilməsində maneə yaradır, cavabdehin formal qeydiyyatına görə iddiaçı əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, cavabdeh 25 ilə yaxındır ki, ailə həyatı quraraq mübahisəli mənzili tərk etdiyi və daimi olaraq başqa ünvana köçdüyü üçün cavabdehin bu mənzilə olan istifadə hüququ itirilmiş hesab olunmalıdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22də yerləşən 56 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədən iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, sözügedən mənzil ata evidir. Onun həmin mənzildə mülki vardır. Ona kompensasiya ödənildiyi halda qeydiyyatdan çıxmağa razılıq verilir. Bundan əlavə, o, ailə həyatı qursa da mütəmadi olaraq, atası evinə gəlib-getmiş və orada qalmışdır. Bu səbəbdən iddianı əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X2 bildirdi ki, cavabdeh bacısıdır. Bacısı Solmaz 1998-ci ildə ərə gedib, 6-cı mikrorayonda yerləşən həyat yoldaşının mənzilinə gəlin köçüb orada yaşayıb. Sonradan onlar evi satıb 10-cu mikrorayon ərazisindən yeni mənzil alıblar. Hal-hazırda da orada iki övladı ilə birgə yaşayır. Solmaz ailə həyatı qurandan sonra onların ata evinə gəlib getməmişdir. Ataları sözügedən mənzili qardaşı Təhməzə bağışlamışdır. Sonradan ataları 13-cü mikrorayon ərazisindən yeni mənzil alıb onları ora qeydiyyata saldırsa da, Solmaz qardaşı Təhməzə bağışlanan mənzildən qeydiyyatdan çıxmamışdır. Məhkəmədə şahid X6 bildirdi ki, o, 1998-ci ildən Təhməzlə qonşuluq edir. Solmazın Təhməzgilə gəlib-getməyin görməmişdir. Təhməz öz ailəsi ilə birlikdə orada yaşayır. Solmaz ərə gedəndən sonra sözügedən mənzildə yaşamamışdır. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, şahidlər X2 və X3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, №0011283 saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22-də yerləşən 56 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli, “2 №-li forma” arayışından görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22, mənzil 56-nın sahibi İddiaçıdur. X7 qızı həmin mənzildə daimi qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Akt”dan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22-nin sakinləri L.Yusifov, G.Şavruqova, V.Məcidova və sahə ustası M.Zülfüqarova 1-ci mikrorayon, ev 22/51, mənzil 56-da X7 qızı qeydiyyatda olmasına baxmayaraq göstərilən ünvanda yaşamır. İş materiallarında olan, Vİİ-JQ № 445278 saylı, xx.xx.2003-cü il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”in surətindən görünür ki, X8 ilə X7 qızı arasında olan nikah Sumqayıt şəhər VVADQ şöbəsində 19 mart 2003-cü il tarixdə bağlanmış və 56 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan, AZ-İ № 451920 saylı, xx.xx.2004-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 427 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İ № 312570 saylı, xx.xx.2003-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 605 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 2 saylı Sumqayıt ərazi idarəsnin xidmət göstərdiyi inzibati ərazi vahidi üzrə ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil ünvan 2 tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-285 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X4 adına qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X5 qızı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 22/51, mənzil 56-da xx.xx.1987-ci ildən qeydiyyata düşüb. Qeydiyyatda olmasına baxmayaraq 1998-ci ildən həmin ünvanda yaşamır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X5 qızı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22, mənzil 56-da qeydiyyatdadır. Məhkəmə cavabdehə münasibətdə də iddianı əsaslı hesab edir və bununla bağlı aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə iclasında müəyyən olundu ki, həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmazdan öncə qeydiyyatda olan şəxsdir. Mənzildə cavabdehə məxsus hərhansı əmlak yoxdur. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh qeyd olunan mənzildən qeydiyyatda olması iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehin mənzildən istifadə hüququ itirilmiş sayılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilir ki: -Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas alan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, iş üzrə müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 1998-ci ildə nikaha daxil olaraq mübahisəli mənzili tərk etmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Həmçinin Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22, mənzil 56 tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Odur ki, cavabdehin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Qeyd edilməlidir ki, əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Həmin mənzildə yaşamaq üçün əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən əvvəllər istifadə etmək hüququ olan şəxsin həmin hüququnun qalması hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sadalanlara əsasən məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyac aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh mübahisə predmetinə daxil olan mənzili tərk etməklə uzun müddətdir ki həmin mənzilə yaşamır və həmin mənzildən istifadə etmir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə uzun müddət yaşamaması və həmin mənzildən istifadə etməməsi halları, yalnız onun başqa yaşayış sahəsinə köçməklə həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək, cavabdehin mübahisəli mənzilin yaşayış sahəsinə olan istifadə hüququ itirilməlidir. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunan normalardan çıxış edərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilərək, Cavabdeh Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22-də yerləşən 56 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməli və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabeh Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22-də yerləşən 56 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar