Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5753/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı) əmək stajı faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraaat qaydasında ərizə və həmin ərizəyə dəqiqləşdirmə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialını maraqlı şəxs kimi göstərməklə) onun xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilədək X2 sürücü vəzifəsində işləməyi hüquqi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxx 1957-ci ildə Qubadlı rayonu, Dondarlı kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. 1975- 1976-cı illərdə kolxozda sürücü işləmişdir. 1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra yenidən kolxozda sürücü işləmişdir. xx.xx.1979-cu ildə köçürmə yolu ilə Sumqayıt şəhərində fəaliyyət göstərən 2707 saylı avtodəstəyə sürücü peşəsinə işə qəbul edilmişdir. Həmin avtodəstədə xx.xx.1988-ci ilə qədər işləmişdir. Sonradan idarə etdiyi avtobusla birlikdə Qubadlı rayon avtobazasına təhkim olunmuşdur. Qubadlı rayonu işğal edildiyi dövrədək və işğaldan sonra 2000-ci ilə qədər sürücü kimi işləmiş və 85-66- AZS dövlət nömrə nişanlı “İkarus” markalı avtobusu sürücü Həzi Abışovla birgə idarə etmişdir. Milli Arxiv İdarəsinin Qubadlı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 4 saylı Arxiv arayışına görə ona aid sənədlər arxivə təhvil verilmədiyi göstərilir. 1988-2000-ci illərdə Qubadlı rayonu avtobazasında avtobus sürücüsü kimi işləmişdir. Onun 65 yaşı tamam olmuşdur. Ümumi iş stajı hərbi xidmətlə birlikdə xx.xx.2000-ci ilə qədər 25 ildən artıqdır. Lakin əmək kitabçasında xx.xx.1988-oktyabr 2000-ci illərdə işləməyi öz əksini tapmamışdır. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Onun xx.xx.1988oktyabr 2000-ci illərdə Qubadlı rayon avtobazasında sürücü işləməyini şahid ifadələri təsdiq edir. Maraqlı şəxs məhkəməyə etiraz ərizəsi ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Lakin onun təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 6 il 5 ay 21 gün təşkil etmişdir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2 il 21 gün sığorta stajına uyğun olaraq 2195,45 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 7039,35 manat (4 il 5 ay sığorta stajına uyğun olaraq) olmaqla, ümumilikdə 9234,80 manat təşkil etmişdir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalın az olduğundan və əmək pensiyasının minimum məbləğindən (240,00 manat) az olmayan pensiya təminatına imkan verməmişdir. xx.xx.2018-ci il tarixdən Sumqayıt şəhər Təmizlik Departamenti MMC-də əmək fəaliyyəti dövrünüz zamanı iddiaçıya hesablanmış məcburi dövlət sosial sığorta haqları xx.xx.2018-ci il tarixdən sonra ödənildiyindən iddiaçıya Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə nəzərə tutulmamışdır. İş materiallarında olan Qubadlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 2023cü il tarixli 4 nömrəli arayışa əsasən Qubadlı rayon Avtobaza idarəsindən Qubadlı rayon Dövlət arxivinə dövlət mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir. Ərizəçiyə məxsus əmək kitabçasında xx.xx.1988-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Qubadlı rayon avtobazada işləməsi qeyd edilməmişdir. Lakin xx.xx.2018-ci il tarixdən Sumqayıt şəhər Təmizlik Departamentinə sürücü vəzifəsinə qəbul edilməsi barədə qeydi vardır. Qubadlı rayonu xx.xx.1993-cü il tarixdə işğal edilmiş və ərizəçinin xx.xx.2000-ci ilədək işləməsi mümkün deyildir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla oxşar məzmunlu izahat verərək bildirdi ki, 1988-ci ildən Qubadlı rayonu işğal olunanadək Qubadlı rayon avtobazasına təhkim olaraq orada işləmişdir. Qubadlı rayonu işğal olunanadan sonra “Qubadlı Avtobazası” Sumqayıtda fəaliyyət göstərməyə başlayıb. O, Sumqayıt şəhərində əmək fəaliyyətinə davam etmişdir. Yeni əmək kitabçası isə ona verilməmişdir. Qeyd edilənlərə əsasən ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında yazılı etirazla oxşar məzmunlu izahat verərək ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1957-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qubadlı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 4 saylı arxiv arayışına əsasən Qubadlı rayon Avtobaza idarəsindən Qubadlı rayon Dövlət arxivinə dövlət mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən ərizəçi şəxsi vərəqədə aparılan qeydə əsasən xx.xx.1979-cu ildə köçürmə yolu ilə 2707 nömrəli avtodəstəyə sürücü peşəsinə işə qəbul edilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsi əsasında xx.xx.1988-ci ildə 19-ş-h əmrinə uyğun öz xahişi ilə işdən azad edilib. O, işlədiyi müddətdə öz hesabına məzuniyyət hüququndan istifadə etməyib. Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 896 nömrəli sərəncamı ilə müəssisənin adı dəyişdirilib və hazırda "xxxx" ASC kimi hüquqi formada fəaliyyət göstərir. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktuba əsasən ərizəçinin təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tərixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 6 il 5 ay 21 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tərixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2 il 21 gün sığorta stajına uyğun olaraq 2.195,45 manat, xx.xx.2018-ci ii tarixindən xx.xx.2022-ci il tarixinədək 7.039,35 manat (4 il 5 ay sığorta stajına uyğun olaraq) olmaqla, ümumilikdə 9.234,80 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34.560,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240,00 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2018-ci il tarixindən Sumqayıt şəhər Təmizlik Deparatmenti MMC-də əmək fəaliyyəti dövrü zamanı ərizəçiyə hesablanmış məcburi dövlət sosial sığorta haqları xx.xx.2018-ci il tarixindən sonra ödənildiyi üçün ona Qanunun 22-1.1-ci maddəsi tətbiq ediiməkə yaşa görə əmək pensiyasınn təyin edilməsi qanuvericiliklə nəzərdə tutulmayıb. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və adınıda aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün məşğul şəxs hesab edildiyinizdən ona yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmayıb. İşdə şahid kimi ifadə vermiş X5 öz ifadəsində bildirmişdir ki, ərizəçi onun iş yoldaşı olub. Sözügedən müəssisədə birgə işləmişlər. Həmin müəssisə Qubadlıda yerləşib. Qubadlı rayonu işğal edildikdən sonra müəssisə Sumqayıt şəhərində fəaliyyət göstərib. O, 1981-ci ildə Qubadlı Avtonəqliyyat müəssisəsinə işə qəbul edilib. 2007-ci ilədək həmin müəssisədə işləyib. Əvvəlcə dispetçer, sonra isə baş dispetçer vəzifəsində işləyib. Xatırladığına görə ərizəçi 1988-ci ildən 1999-cu ilin sonları və ya 2000-ci ilin əvvəllərinədək həmin müəssisədə sürücü işləyib. Ərizəçini şəxsən tanıyır. Çünki ərizəçi onun həmkəndlisi olub. İşdə şahid kimi ifadə vermiş X3 öz ifadəsində bildirmişdir ki, ərizəçi ilə iş yoldaşı olmuşdur. Özü X1 1987-ci ildən 2008-ci ilə qədər işləmişdir. O, hal-hazırda təqaüddədir. Ərizəçi isə həmin müəssisədə onunla birlikdə işləyib. Xatırladığına görə ərizəçi 1988-ci ildən 2000-ci ilin ortalarına qədər həmin müəssisədə işləyib. İş materiallarına şahidlərin əmək kitabçalarının surətləri əlavə edilmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır (307.2.11.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir (13.1). Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir (13.4. ). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamədə göstərilmişdir ki, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir (16.). İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir (17.). İşdən göründüyü kimi ərizəçinin X1 sürücü işləməsi iş üzrə şahid ifadələri ilə təsdiq olunur. Şahidlərin əmək kitabçalarından görünür ki, onlar qeyd olunan dövrlərdə həmin müəssisədə işləyiblər. Belə olan halda həmin şahidlərin ifadələrinin şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilədək olan dövrdə X1 sürücü işləməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilədək X2 sürücü vəzifəsində işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5753/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5753/2023
07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver