Məhkəmə qərarları › İş №2(060)-5757/2025

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-5757/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5757/2025 10.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İddiaçı xx xxxxxx 1995-ci il tarixdə anadan olmuşdur. 05 fevral 2024-cü il tarixdə Cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iddiaçının sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə verilmiş BC kateqoriyalı, AE 013264 nömrəli sürücülük vəsiqəsi əsasında, 05 fevral 2024-cü il tarixdə, saat 03:48 dəqiqədə texniki cəhətdən saz olan, etibarnamə əsasında idarə etdiyi “Opel” markalı «Astra» modelli, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi ilə Azadlıq prospekti istiqamətindən K.Rəhimov küçəsi istiqamətində sağdan birinci hərəkət zolağı ilə 55 km/saat surətlə idarə edərək M.Qaşqay küçəsinin kəsişməsində qırmızı işığında dayanmadan yolayrıcına hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətli) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, dgər yolayrıclarında isə sfetofor qarşısında dayanmasını təmin etməli və kəsişən yolla svetoforun yaşıl işığında yolayrıcına daxil olan «İstiqlal» markalı, 99 D 375 dövlət zeydiyyat nişanlı motosikletin hərəkətinə üstünlük verərək onu buraxmalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq qeyd olunan tələblərə əməl etməmiş və yol hərəkəti qaydalarını pozaraq avtomobilin qabaq sağ hissəsi ilə hərəkətdə olan motosikletlə toqquşması nəticəsində ehtiyatsızlıqdan həmin motosikletin sürücüsü İddiaçı sağlamlığına sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları ilə müşayiət olunan sol baldırın diz altı nahiyədən amputasiyası ilə nəticələnən, həyat üçün təhlükəli olan və ümumi əmək qabiliyətinin 1/3-dən daimi dayanıqlı itirilməsinə səbəb olan və sağlamlığa ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində 1(005)-380/2024 saylı məhkəmə işində məhkəmə baxış iclası zamanı dindirilmiş təqsirləndirilən şəxs Cavabdeh özünü Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tam təqsirli bilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin bu işlə bağlı yekun məhkəmə aktı elan edilməmişdən əvvəl Cavabdeh iddiaçıya dəymiş zərərin ödənilməsini qarşılayacağını və öz aralarında notariat ofisi tərəfindən dəymiş zərərin ödənilməsi barədə saziş bağlayaraq 24 ay müddətində hər ay 500 manatdan az olmamaq şərti ilə pul ödəyəcəyini bildirdi. Bu razılıqlarına əsasən cavabdeh ilə 14 noyabr 2024-cü il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində dəymiş zərərin ödənilməsi barədə saziş bağlamışlar. Aramızda olan razılığa və barışığa əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarxli 1(005)-380/2024 saylı qərarına əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Lakin cavabdeh öz öhdəliklərini icra etməkdən boyun qaçırır və bu günə qədər sazişlə aramızda razılaşmış məbləğdən heç nə ödəməmişdir. Hesab edirəm ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirəm. Məhkəmə araşdırması iş üzrə Cavabdeh 15000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən 05 fevral 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq Cavabdeh 15000 manat məbləğində pulun eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyinə dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu K.A.Rəhmanov tərəfindən təsdiq edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli dəymiş zərərin ödənilməsi barədə sazişin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq İddiaçı xəstəxana xərclərinə görə ümumilikdə 15000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdilər. Cavabdeh bu müqavilə üzrə nəzərdə tutulan pul vəsaitini xx.xx.2026-cı il tarixədək İddiaçı ödəməyi öhdəsinə götürür. Əhmədli X2 Oruc Nağı oğlu tərəfindən müqavilə ilə nəzərdə tutulan pul vəsaitini qəbul edir və xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərlə bağlı Cavabdeh qarşı heç bir maddi tələbinin olmadığını bildirir.

9. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

10. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 380/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, ekspertiza tədqiqatlarının dəyəri 213 manat Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməsi, cinayət işi üzrə maddi sübut – “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD R” formatlı disk cinayət işinin materiallarında saxlanılması, «De Fendo» Vəkil Bürosunun vəkili X1 tərəfindən təqsirləndirilən şəxs Cavabdeh hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» Vəkil Bürosunun hesabına ödənilməsi qərara alınmışdır.

11. Həmin qərardan görünür ki, zərərçəkmiş şəxs İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxs Cavabdeh ilə barışmışdır, ona dəyən zərər ödənilmişdir. Ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli dəymiş zərərin ödənilməsi barədə sazişə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq İddiaçı xəstəxana xərclərinə görə ümumilikdə 15000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

14. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Mülki Məcəllənin 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2). Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir (882.4).

19. Nəzərə alınmalıdır ki, mövcud borcun etirafı haqqında müqavilənin bağlanması və həmin tərəflərin müqavilədən irəli gələn hüquq və vəzifələri Mülki Məcəllənin 882-ci maddəsi ilə tənzimlənir. Başqa sözlə belə müqavilədən irəli gələn iddia tələblərinin qanuni əsasını həmin norma təşkil edir.

20. Mülki Məcəllə belə müqavilənin qüvvəsini o halda tanıyır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

21. Bununla yanaşı, Məcəllənin 882.2-ci maddəsi bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadığı halda mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etirazların irəli sürülməsinə yol vermir. Çünki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir.

22. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır.

23. Mülki Məcəllənin 882.3 və 881.5-ci maddələrinin mənasına görə mövcud borcun etirafı haqqında müqavilənin o zaman qüvvəsi olmur ki, tərəflər həmin müqavilədən irəli gələn vəzifələrini özlərindən asılı olmayan səbəblərlə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməsinlər. Belə halların mövcud olduğunu sübut etmək vəzifəsi isə onlara istinad edən tərəfin üzərinə düşür. Qeyd olunan hallardan kənar etiraf edən bu müqavilədən irəli gələn tələblərə başlıca əqddən irəli gələn etirazlar verə bilməz. Bu baxımdan mövcud borcun etirafı haqqında etibarlı müqavilədən irəli gələn mübahisələrə baxan məhkəmə həmin borcun məbləğinin yaranması, müqavilənin bağlanmasından əvvəl baş vermiş hərəkətlər nəticəsində onun məbləğinin artması və ya azalması ilə bağlı müqavilə tərəflərinin sübut və dəlillərini araşdırmaq vəzifəsi daşımır.

24. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 15000 (on beş min) manat məbləğində pul və 135 (bir yüz otuz beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.

25. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində pul və 135 (bir yüz otuz beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən (qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra) bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar