Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-576/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 17-ci mikrorayon, 22 saylı evin 16 saylı mənzilinə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28.10.2014-cı il tarixli, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri,17-ci mikrorayonda yerləşən 22 saylı evin yaşayış 16 saylı mənzilin mülkiyyətçisi iddiaçıdır. Evdə 5 nəfər pasport qeydiyyatındadır. Cavabdeh2 mənzili tərk edərək Türkiyə Respublikasına getmiş ve orada yaşayır. O, iddiaçının adına baş etibarnamə vermişdir. Digər Cavabdeh1 Akil qızı mənzillə bütün əlaqəsini kəsmiş və 2018-ci il təvəllüdlü qızı Şəfızadə Fidan Elnur qızı ilə əvvəl valideyninə məxsus evdə yaşamış, sonra isə Türkiyə Respublikasına həyat yoldaşının yanına gedərək orada yaşayır. Lakin cavabdehlər uzun müddət yaşamadıqları və formal qeydiyyatda olduqları mübahisəli mənzildən qeydiyyatdan çıxmırlar. Mənzildə yaşamayan və formal qeydiyyatda olan cavabdehlərə görə kommunal xidmət haqları ödəyir. Sumqayıt Şəhər Məhkəməsinin 29.03.2022-ci il tarixli, 2(060)-576/2022 saylı qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh1 hal-hazırda Azərbaycandadır. Digər cavabdeh olan oğlu Cavabdeh2 sözügedən mənzildən qeydiyyatdan çıxmağa razıdır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1956-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Cəlilabad kəndində anadan olmuşdur. O, hazırda mübahisəli mənzildə qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1979-cu ildə anadan olmuşdur. O da həmin mübahisəli mənzildə qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən mübahisəli mənzil iddiaçının adına xüsusi mülkiyyət kimi 28.10.2014-cü ildə qeydə alınmışdır. 11 saylı Mənzil Kommunal Sahəsinin 10.06.2021-ci il tarixli, 614 saylı arayışı ilə müəyyən olunur ki, mübahisəli mənzildə iddiaçı və Cavabdeh2 qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən cavabdehlər arasında nikah 16.06.2017-ci ildə Sumqayıt “Asan” xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır. 24.10.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı və Cavabdeh2 X1 vərəsələridir. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinin 24.01.2007-ci il tarixli ********* qeydiyyat nömrəli veridyi çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,89 kvadrat metr, yaşayış sahəsi 39,6 kvadrat metr olan 3 otaqlı 16 saylı mənzildən ibarətdir. 24.10.2014-cü il tarixli miras payın bağışlama müqaviləsinə əsasən Cavabdeh2 və X5 vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras paylarını iddiaçıya bağışlamışlar. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 03.02.2022-ci il tarixli məktubu məhkəməyə göndərilmişdir. Məktubda göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzil Sumqayıt Xalq Deputatları Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12.12.1980-cı il tarixli, 86/86 saylı order, Sumqayıt şəhər 11 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 14.12.2006-cı il tarixli, 6572 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X2 adına qeydiyyata alınaraq 24.01.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 24.10.2014-cü il tarixli, 2V/640 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 24.10.2014-cü il tarixli, 3M-558 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında sözügedən mənzil iddiaçının adına qeydiyyata alınaraq 28.10.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sahə ustası R.İsmayılova, ünvan 1, mənzil 13-də yaşayan X3, ünvan 1, mənzil 15də yaşayan X6 tərəfindən tərtib edilərək imzalanmış akta əsasən cavabdehlər və Şəfizadə Fidan Elnur qızı ünvan 1, mənzil 16-da yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil 86/86 saylı, 12.12.1980-ci il tarixli order əsasında X4 verilmişdir. İddiaçı Firdovsi Şəfiyevin həyat yoldaşı, Cavabdeh2 isə Firdovsi Şəfiyevin övladıdır. Bu səbəbdən hazırkı mübahisəli 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İşdən göründüyü kimi mübahisəli mənzil order əsasında Firdovsi Şəfiyevə verilmişdir. İddiaçı və Cavabdeh2 mübahisəli mənzildə yaşamışlar və icarədarın ailə üzvü kimi mübahisəli mənzildən istifadə hüququ əldə etmişlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 17-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21.12.2012-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Konstitusiya məhkəməsinin qeyd olunan qərarından doğan mövqe ondan ibarətdir ki, yaşayış sahəsinin özəlləşdirilməsi zamanı özəlləşdirməyə razılıq verən şəxslər yaşayış sahəsinə olan mülkiyyət hüququnu itirirlər, lakin həmin mənzildə faktiki yaşayan şəxslərin mənzildən istifadə hüquqları saxlanılır. Yəni, Cavabdeh2 mənzilin özəlləşdirilməsinə razılıq versə də, mənzildə faktiki yaşayan şəxs kimi mənzilə istifadə hüququnu saxlamışdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. İddiaçı Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququnun itirilməsi üçün ona kompensasiya təklif etməmişdir. Cavabdeh2 iddiaçının oğludur. O, mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq vermişdir. Lakin buna baxmayaraq Cavabdeh2 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 22 saylı evin 16 saylı mənzilinə mülkiyyət hüququ itirilsə də, istifadə hüququ saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi ilə Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi qanuni və ədalətli hesab edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin Sumqayıt şəhəri, 17-ci mikrorayon, 22 saylı evin 16 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki iş üzrə iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-576/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-576/2022
29.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver