Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-577/2025 07.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC-ni cəlb etməklə “reqres qaydasında pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC-ni cəlb etməklə “reqres qaydasında pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" ASC-dən kredit götürmüş və iddiaçı da ona zamin dayanmışdır. Cavabdeh kredit üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə bank Sumqayıt Şəhər Məkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2009-cu il tarixli, 2(060)-2099/2009 saylı qətnaməsi ilə iddiaçıdan və Cavabdeh müştərək qaydada 2020 manat əsas və 335,30 manat faiz borcu cəmi 2355,30 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Daha sonra, xx.xx.2009-cu il tarixdə icra vərəqəsi icra edilməsi üçün Sumqayıt şəhər İcra Şöbəsinə göndərilmişdir. İcra vərəqəsindən uzun müddət keçməsinə baxmayaraq, əsas borclu Cavabdeh borc üzrə pullar tutulmamış və 2023-cü ilin axırlarında iddiaçının pensiyasından tutulmuşdur. Hazırda iddiaçının pensiyasından cavabdehin borcu ilə əlaqədar: xx.xx.2024-cü il tarixdə 234,1 manat, xx.xx.2024-cü il tarixdə 234,1 manat, xx.xx.2024-cü il tarixdə 260,32 manat, xx.xx.2024-cü il tarixdə 260,32 manat, xx.xx.2024-cü il tarixdə 260,32 manat, ümumilikdə iddiaçıdan 1249,16 manat pensiyasından tutularaq cavabdehin "xxxx" ASC-yə olan borcuna ödənilmişdir. Cavabdehə iddiaçıdan tutulan pulun qaytarılması ilə bağlı dəfələrlə müraciətinə baxmayaraq, hazıradək heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçının pensiyasından tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilmiş 1249,16 manat pulun və 32,9 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 22 avqust 2008-ci il tarixli zəmanət müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı borclu Cavabdeh bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür.
8. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2099/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, iddiaçı "xxxx" ASCnin xeyrinə cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 2020 manat əsas və 335,30 manat faiz borcu olmaqla, cəmi 2355,30 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.
9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2099/2009 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsinin dublikatının surətindən görünür ki, iddia tələbi təmin edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 2020 manat əsas və 335,30 manat faiz borcu olmaqla, cəmi 2355,30 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulmalıdır.
10. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, Cavabdeh kart hesabından xx.xx.2024-cü il tarixdə 234,10 manat, xx.xx.2024-cü il tarixdə 11,87 manat, xx.xx.2024-cü il tarixdə 234,10 manat, xx.xx.2024-cü il tarixdə 260,32 manat, xx.xx.2024cü il tarixdə 260,32 manat, xx.xx.2024-cü il tarixdə 260,32 manat köçürülmələr həyata keçirilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, işin faktiki hallarından müəyyən olundu ki, 22 avqust 2008-ci il tarixli müqaviləyə əsasən İddiaçı zamin kimi borcalan Cavabdeh bank qarşısında yaranmış borcunun müəyyən qismini ödəmişdir, sonradan bu məbləğin cavabdeh tərəfindən qaytarılmasını tələb etsə də, cavabdeh həmin məbləği tam olaraq bu günədək qaytarmamışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
16. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
17. Eyni Məcəllənin 474.1 və 474.2-ci maddələrinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur.
18. Göstərilən Məcəllənin 475.1 və 475.2-ci maddələrinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
21. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
22. Məhkəmə hesab edir ki, iddiaçı (zamin) kart hesabından çıxarılmış pul vəsaitinin cavabdeh (borcludan) geri tələb etməkdə haqlıdır.
23. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1249,16 (bir min iki yüz qırx doqquz manat, on altı qəpik) manat məbləğində pul və 32,90 (otuz iki manat, doxsan qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.
24. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 475, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1249,16 (bir min iki yüz qırx doqquz manat, on altı qəpik) manat məbləğində pul və 32,90 (otuz iki manat, doxsan qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva