Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-578/2025 17.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia qaldıraraq, cavabdehlərin və onların qohumları olan azyaşlı X1, X2 ona və ailəsinə məxsus ünvan 1 ünvanından çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərkimyatikinti trestinin xx.xx.1995-ci il tarixli, 37 saylı protokolu əsasında ona və ailəsinə verilmişdir. Lakin mənzil məcburi köçkün ailəsi olan cavabdehlər tərəfindən zəbt edilmiş və ailəsi ilə birlikdə həmin mənzilə köçə bilməmişdir. Uzun və ağrılı proseslərdən sonra 03 fevral 2022-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin “yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanması barədə” Sərəncamı qəbul edilmiş və ünvan 1 ünvanında yerləşən mənzilə kirayə müqaviləsi bağlanmışdır. O və ailə üzvləri uzun müddət məcburi köçkün ailəsinin zəbt etdikləri onlara məxsus olan mənzildən çıxarılmalarını tələb etsələr də, heç bir hüquqi əsas olmadan tələbləri icra edilməmişdir. Bütün tələblərinə məcburi köçkün ailəsinin başqa yerə köçürülməsi mümkün olmadığına dair əsaslar ilə rədd cavabları gəlmişdir. Amma hal-hazırda situasiya əsaslı şəkildə dəyişmişdir. Belə ki, X4 Baş Komandanlğı altında müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad etmişdir. Bir çox rayon və kəndlərdən olan məcburi köçkünlər öz doğma yurdlarına köçürülmüşdürlər. Amma ona məxsus olan mənzil hələ də boşaldılmamışdır. Bu səbəbdən iddia qaldırmaq məcburiyyətində qalmışdır. Qeyd olunan təminatların əsas mahiyyəti həm də ondan ibarətdir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzilin sahibinin iradəsi ziddinə heç kəs mənzilə zorla daxil ola bilməz.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, çağırış olanda Ağdama gedəndə evi təhvil verəcəkdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2025-2026-cı illərə kimi Ağdamda evlər inşa ediləcəkdir. Evlər inşa edildikdən sonra evi təhvil verməyə razıdırlar.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, evi təmir etmişdirlər. Qarşı tərəf xərcin əvəzini verərsə, evi onlara qaytarmağa hazırdır.
6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
7. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 797 saylı arayışdan qeyd olunmuşdur ki, 47-ci məhəllədə yerləşən 12 saylı evin 58-ci mənzili “Azərkimyatikinti” trestinin xx.xx.1995-ci il tarixli 37 saylı protokoluna əsasən İddiaçı qızının adına ayrılmışdır. Sahəsi 31,35 kv.m olan yaşayış sahəsi 2 otaqdan ibarət olmaqla dövlət mənzil fonduna aiddir. Hal-hazırda İddiaçı 5 nəfər ailə tərkibi ilə qızının 1 otaqlı evində yaşayırlar. Ağdam rayonundan məcburi köçkün Cavabdeh1 öz ailə üzvləri (Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, X5) ilə birgə 2003-cü ildən göstərilən ünvanda yaşayır.
8. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 03 fevral 2022-ci il tarixli, 47 saylı Sərəncamından görünür ki, yaşayış sahəsi 31,35 kvadratmetr olan 47-ci məhəllədə yerləşən 12 saylı evin 58 saylı 2 otaqlı mənzilinə dair İddiaçı ilə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması qərara alınmışdır.
9. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi İddiaçı və ailə üzvlərinə ünvan 1-də yaşayış sahəsi 31,35 kv.m olan 2 otağı müddətsiz istifadə üçün verməyi öhdəsinə götürmüşdür.
Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:
-1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarı:
Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
15. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 03 fevral 2022-ci il tarixli, 47 saylı Sərəncamı ilə yaşayış sahəsi 31,35 kvadratmetr olan 47-ci məhəllədə yerləşən 12 saylı evin 58 saylı 2 otaqlı mənzilinə dair İddiaçı ilə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması qərara alınmışdır. Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 58 saylı mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında İddiaçı və ailə üzvlərinə müddətsiz istifadə üçün verilmişdir. Bu baxımdan mənzil qeyd edilən sənəd üzrə məhz iddiaçının istifadəsinə verilmişdir.
16. Cavabdehlər iddiaçının ailə üzvü deyil, bu mənzilə iddiaçının və ya onun ailə üzvlərinin razılığı ilə köçməmişlər, mənzil üzrə onunla ümumi təsərrüfat aparmamışlar. Cavabdehlər Ağdam rayonundan məcburi köçkün kimi faktiki olaraq mənzili özbaşına tutmaqla 2003-cü il tarixdən etibarən hər hansı hüquqi əsas olmadan orada yaşayırlar. Bu hal iddiaçıya məlum olduqdan sonra onların mənzildə müvəqqəti olaraq qalmasına etiraz etməməsi onların mənzilə münasibətdə hər hansı hüququnun yaranmasına əsas ola bilməz.
17. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, İddiaçı cavabdehlərə qarşı Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 58 saylı mənzildən çıxarılma tələbini irəli sürməkdə haqlıdır.
18. Hazırda tərəflər arasında müqavilə münasibətləri, yaxud müqavilə öhdəliyinin icra edilməməsi halı yoxdur.
19. Beləliklə, müvafiq sosial kirayə müqaviləsi əsasında iddiaçının və onun ailə üzvlərinin mübahisəli mənzili sahibliyində saxlamaq, yaşayış sahəsi kimi istifadə etmək hüquqları vardır. Cavabdehlər isə hər hansı bir qanuni əsas olmadan həmin mənzildə yaşayırlar və həmçinin onlar məhkəməyə mənzilə dair hər hansı hüquqlarının olmasına dair sənəd (sosial kirayə müqaviləsi və s.) təqdim edə bilməmişlər. Qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür.
20. İddiaçının mübahisəli mənzilə dair qüvvədə olan sahiblik və istifadə hüquqlarının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, artıq qeyd olunduğu kimi, iddiaçı mübahisəli yaşayış sahəsi iddiaçının istifadəsinə və sahibliyinə verilmiş, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur və cavabdehin faktiki sahibliyindədir, onun isə mübahisəli əşyaya sahiblik hüququ yoxdur. Cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə məskunlaşmaları həmin mənzilin qanuni sahibi olan iddiaçının hüquqlarınının pozulmasına səbəb olur.
21. Cavabdehlərin məcburi köçkün olmaları ilə əlaqədar həmin mənzildə yaşamalarına dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Qanun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə əsasasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
23. Göründüyü kimi, istinad edilən qanun normasında da məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.
24. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuki, bu cür sahiblik faktı qanunsuz elan edilib.
25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 58 saylı mənzildən çıxarılmalıdır.
Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerkəşən 58 saylı mənzildən çıxarılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva