Məhkəmə qərarları › İş №2(060)-5780/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5780/2020

27.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5780/2020 27.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllədə yerləşən 32d/1 saylı fərdi yaşayış evindən qanunsuz istifadə hüquqlarına xitam veilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X2 arasında bağlanmış xx.xx.2011-cı il tarixli 002012/0272/11/12 №-li Mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsbəsi, 1-ci məhəllə, ev 32d/1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya satılmışdır. DƏDRX-in X5 tərəfindən iddiaçıya Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Yaşayış sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən MA seriyalı, ******* №-li, xx.xx.2011-ci il tarixli Çıxarış verilmişdir. Müqavilənin 2.2.4-cü yarımbəndinə əsasən Satıcı Müqavilə notariat qaydasında təsdiq edildiyi tarixdən 30 (otuz) gün müddətində Yaşayış sahəsində qeydiyyatda olan şəxslərlə birlikdə Yaşayış sahəsindən qeydiyyatdan çıxmaq vəzifəsi daşıyır. Eyni zamanda yaşayış sahəsində qeydiyyatda olan cavabdeh (Satıcının oğlu) Müqavilə bağlanmamışdan əvvəl - xx.xx.2011-ci il tarixdə X1 şəhərində Yaşayış sahəsinin özgəninkiləşdirilməsinə razılığa dair notarial qaydada təsdiq edilmiş ərizə imzalamışdır. Müqavilə notariat qaydasında təsdiq edildiyi tarixdən 9 ildən çox müddət keçməsinə və iddiaçı tərəfindən ailə üzvlərinə şifahi şəkildə xəbərdar edilməsinə baxmayaraq cavabdeh hələ də Yaşayış sahəsi üzrə pasport qeydiyyatından çıxmamışdır. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, cavabdeh Yaşayış sahəsi üzrə daimi pasport qeydiyyatındadır. Cavabdehin 9 ildən çox müddətdir ki yaşayış sahəsindən qeydiyyatdan çıxmaması iddiaçının mülkiyyət hüququnun (xüsusilə sərəncam hüququnun) həyata keçirilməsinə birbaşa mane törədir. İddiaçıda olan məlumata əsasən cavabdeh daimi olaraq Rusiya Federasiyasında yaşayır və Azərbaycan Respublikasında daimi yaşayış yeri mövcud deyildir. Qeyd edilənlərə əsaəsn Cavabdeh yaşayış sahəsindən qanunsuz istifadə hüququna xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini və Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllədə yerləşən 32d/1 saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildirişin üzərinə Sumqayıt şəhəri İcra Hakimiyyəti Corat qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən onun həmin ünvanda yaşamaması barədə qeyd yazılaraq, bildiriş məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə edilmiş xx xxxx 2011-ci il tarixli 002012/0272/11/12 saylı alqısatqı və ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Nəbiyev X3 şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllədə yerləşən 32d/1 saylı fərdi yaşayış evini Cavabdeh almışdır. İşdə olan MA seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə, ev 32d/1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 7 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyatı haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışına əsasən, Nəbiyev X3 şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə, ev 32d/1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, iddiaçı Nəbiyev X3 şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllədə yerləşən 32d/1 saylı fərdi yaşayış evini xx xxxx 2011-ci il tarixli 002012/0272/11/12 saylı alqı-satqı və ipoteka müqaviləsi ilə əldə etmiş, sonradan həmin mənzilə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o, həmin evə mülkiyyət hüququ qazanmışdır. Mənzil satıldıqdan sonra əvvəlki ev sahibi və ailə üzvləri evi boşaldaraq mənzili İddiaçı təhvil vermiş, özlərinə isə başqa bir yaşayış yeri seçmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllədə yerləşən 32d/1 saylı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllədə yerləşən 32d/1 saylı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar