Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-579/2022 06.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Sumqayıt şəhəri 9cu mikr, 5/6 saylı evin 37 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İzahatında bildirdi ki, mübahisəli mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh qardaşımdır. Cavabdeh 2018-ci ildə yaşadığı ata evini satmış, həmin vaxtdan ona məxsus mənzilə qeydiyyata düşmüşdür. Həmin il cavabdeh Rusiya Federasiyasına işləmək üçün getmiş və indiyədək daimi orada yaşayıb işləyir, o, ümumiyyətlə heç vaxt bu mənzildə yaşamamış, formal olaraq bu mənzildə pasport qeydiyyatında qalmışdır. Cavabdeh mənzilində yaşamadığı halda onun qeydiyyatda qalması bir mülkiyyətçi kimi məhdudiyyətlər və çətinliklər yaradır. Odur ki, məhkəmə qətnaməsinə əsasən istifadə hüququna xitam verilməklə, qeydiyyat çıxarılmasını xahiş edir. İddiaçı həmçinin bildirdi ki, cavabdeh onun razılığı əsasında bu mənzildə qeydiyyata götürülmüşdür, mənzilə istifadə hüququnun tanınmasına dair notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə, eləcə də bu barədə yazılı razılaşma yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçının izahatından və əlavə edilmiş sənədlərdən göründüyü kimi iş üzrə cavabdeh həmin mənzilə mülkiyyətçinin razılığı ilə formal qeydiyyata götürülmüşdür, həmin mənzildən istifadə etmək imkanını təmin edən notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə, eləcə də ev sahibi ilə arasında bağlanmış yazılı razılaşma yoxdur, cavabdehin həmin əmlakdan istifadə edə bilməsi üçün, yəni istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi əsas yaranmamışdır. Belə bir hüququn yaranmadığı halda həmin hüquqa xitam verilə bilməz. Həmçinin işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiasının mahiyyəti cavabdehin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin irəli sürdüyü hüquqi mövqedən göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə istinad edərək məhkəmə hesab edir ki, iddiaçı cavabdehin mənzildən qeydiyyat çıxarılması ilə bağlı ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Beləliklə, məhkəmə Konstitutsiya Məhkəməsi Plenumunun Qərarında göstərlmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, ümumi məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya izah edilməlidir ki, cavabdehin həmin mənzildə qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Odur ki, iddiaçı cavabdehin qeydiyyatdan çıxarılması üçün müvafiq səlahiyyətli orqana müraciət etməli, ona imtina edildikdə isə səlahiyyətli subyektin imtinası barədə inzibati məhkəmə icraatı qaydasında mübahisə qaldıra bilər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla bilər və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, qərara aldı: İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair" mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya cavabdehin mənzildən qeydiyyat çıxarılması ilə bağlı ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-579/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-579/2022
06.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver