Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-580/2024 22.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclasının katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 480 (dörd yüz səksən) manat məbləğində ödənişin, mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində təzminatın və 50 (əlli) manat məbləğində mediasiya xərclərinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. İddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müdddət ərzində "xxxx" zavodunda ftor alüminium sexində aparatçı peşəsi üzrə işləmişdir. Orta əmək haqqı 600 (altı yüz) manat təşkil edirdi. Əlverişsiz və zərərli istehsalat sahələrində əmək vəzifələrini yerinə yetirərkən peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuşdur. Peşə xəstəliyi müəyyən olunan vaxtdan "xxxx" zavodu ona əlillik dərəcəsini və əmək qabiliyyətinin itirilmə faizini nəzərə almaqla sağlamlığına vurulmuş zərərə görə aylıq ödənişləri ödəyirdi. xx.xx.2001-ci il tarixdən "xxxx" zavodu özəlləşdirilməyə verilmiş və özəlləşdirmə nəticəsində müəssisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Müəssisə özəllşdirilməyə verildikdən sonra xx.xx.2022-ci il tarixədək aylıq ödənişlər əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilirdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona ünvanladığı xx.xx.2023-cü il tarixli, **********8 saylı məktubda göstərilir ki, "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixdə tam başa çatmışdır. Müəssisənin özəlləşdirilməsi tam başa çatdığına görə, xx.xx.2022-ci il tarixdən təyin olunmuş aylıq müavinətin ödənilməsi dayandırılmışdır. Sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin cavabdeh ona ünvanlanmış təklifinə cavab verməmişdir. Hesab edir ki, cavabdeh bilərəkdən mövcud əmək qanunvericiliyinin tələblərinə məhəl qoymur və bu cür qanuna zidd hərəkətləri ilə sağlamlığına vurulmuş zərərinin əvəzini könüllü ödəməkdən yayınır. Sağlamlığına dəyən zərərin ödənilməsinə dair qaydaların 1.2-ci bəndinə göstərilən sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2022-ci ilin noyabr ayından cavabdehə təhvil verilmişdir. AR Mülki Məcəlləsinin 1119-cu maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirilməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Qeyd etməlidir ki, son dəfə tibbi müayinədən keçərkən onda 2-ci qrup əlillik dərəcəsi və 80% əmək qabiliyyətinin itirilməsi müəyyən edilmişdir. Bu hal cavabdehdə olan sənədlərlə təsdiq olunur. Hesab edir ki, cavabdeh peşə xəstəliyi nəticəsində sağlamlığına vurulmuş zərərin əvəzi olaraq xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay ona 480 (dörd yüz səksən) manat məbləğində ödəniş ödəməlidir. Bundan əlavə cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən sağlamlığına vurulmuş zərərin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaqla ona mənəvi zərər vurmuşdur. Artıq bir il yeddi aydır ki, o, əvvəllər aldığı müavinətdən məhrum olunmuşdur. Cavabdehin bilərəkdən ödənişlərin verilməsindən yayınması zəifləmiş səhətinə mənfi təsir göstərir, o, vaxtlı-vaxtında müalicə oluna bilmir, üstəlik, cavabdehin qanuna zidd davranışı və ölkədə baş verən bahalaşma maddi durumunu gündən-günə çətinləşdirir bu səbəbdən də o, mənəvi iztirablara məruz qalır. Hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti qanuna zidd hərəkətləri ilə ona vurulmuş mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində təzminat ödəməlidir. “Mediasiya haqqında” Qanununa uyğun olaraq o, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosessində iştirak etmişdir. İddiaçının nümayəndəsi V.Ə.Əliyev məhkəmədə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə bildirdi ki, Prezidentin fərmanı ilə təsdiq edilmiş qaydalara əsasən özəlləşdirilən müəssisələrin özəlləşdiyi dövrdə müvafiq ödənişlər onlar tərəfindən həyata keçirilir. Onlar tərəfindən iddiaçıya ödənişlər tam şəkildə həyata keçirilmişdir. Həttda tərəflərindən 350 manat ödəniş artıqlaması ilə iddiaçıya ödənilib. Müəssisənin özəlləşdirilməsi başa çatdığına görə onlar tərəfindən ödənişlər dayandırılmışdır. Hesab edir ki, onlar öz vəzifəsini yerinə yetirmişlər, iddiaçı qarşısında heç bir öhdəlikləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmənin işə baxarkən qanunvericiliyin müəyyən etdiyi normalara uyğun qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sonuncuya xx.xx.2009-cu il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2022-ci il tarixindən "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixindən özəlləşdirilməsinə baxmayaraq ona xx.xx.2009-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 350 manat məbləğində artıqvermə müəyyən olunmuşdur. "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi tərəflərindən dayandırılmışdır. Azərbaycan Respublikası “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2023-cü il tarixdə, saat 17:30-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X3 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənişlər ödənilməlidir. İşəgötürənin məsuliyyətini tənzimləyən konkret normalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”ndə nəzərdə tutulmuşdur. Qaydaların 1.1-ci bəndində göstərilir ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə işçiyə dəyən zərərə görə qanunvəriciliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Qaydaların 2.1-ci bəndinə müvafiq olaraq istehsalatda əmək xəsarəti zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən ziyanın əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Qaydaların 1.2-ci bəndinə əsasən aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: - istehsalatda baş vərmiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); - işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən TSEKin şəhadətnaməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı nozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5.1-ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabırm 1-dən başalayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3-10-cu və 3.11-ci bəndlərinə müvafiq olaraq, maddi məsuliyyətin subyekti qismində təkcə işçinin əmək hüquq münasibətlərində olduğu işəgötürən deyil, həm də təqsirkar müəssisə birləşdirildikdə, yenidən təşkil edildikdə və yaxud ləğv olduqda onun işini davam etdirən hüquqi varis və yaxud yuxarı təşkilat çıxış edir. AR Mülki Məcəlləsinin 1119-cu maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirilməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Məhkəmə qeyd olunan normalardan çıxış edərək, hesab edir ki, cavabdeh peşə xəstəliyi nəticəsində sağlamlığına vurulmuş zərərin əvəzi olaraq xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay iddiaçıya 480 (dörd yüz səksən) manat məbləğində ödəniş ödəməlidir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının mənəvi ziyana görə 1000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdeh cəmiyyətin xx.xx.2022-ci il tarixdən etibarən sağlamlığına vurulmuş zərərin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaqla ona mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin sağlamlığına vurulmuş zərərin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaqla ona mənəvi iztirablar çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iddiaçının sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 480 (dörd yüz səksən) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən mediasiya xərci olaraq ödədiyi 50 (əlli) manat pulun tutularaq İddiaçı ödənilsin. İddia tələbi mənəvi zərər hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-580/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-580/2024
22.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver