Məhkəmə qərarları › İş №2(060)-5802/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5802/2022

06.12.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5802/2022 06.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı ildə Naxçıvan şəhərində anadan olmuş Maraqlı şəxs2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 ilə xx.xx.2004-cü il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2006cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 adlı 3 övladları olmuşdur. Sonradan yoldaşı evdə Türkiyə Respublikasına getdiyini bildirərək, özünə aid şəxsi əşyaları götürüb xx.xx.2016-ci il tarixdə çıxıb getmişdir. O, bununla bağlı Maraqlı şəxs1nə yoldaşının itkin elan edilməsi üçün müraciət etsə də bundan imtina edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, şəxs xəbərsiz itkin düşmüş elan edilmişdir. Onun bu tələblə məhkəməyə müraciət etməsində məqsəd uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün müavinət almaqdır. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ərizəçi məhkəmədə iştirak etməmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəməyə elektron kabinet vasitəsilə müraciət edərək, məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə ərizəçi, onun nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. O, əvvəlki məhkəmə iclasında məhkəməyə verilən ərizənin məzmununa uyğun izah verdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1976-cı ildə Naxçıvan şəhərində anadan olmuş Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilmişdir. - Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi yoldaşı Maraqlı şəxs2 ölümünün qeydiyyata alınması barədə ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. - AZ-İ 132153 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 ilə X1 xx.xx.2004-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu nikah 1512 saylı akt qeydilə rəsmiləşdirilmiş, arvada Seyidova soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 adlı üç yetkinlik yaşına çatmayan uşaqları var. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Sumqayıt şəhər Pİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1976-cı il tarixdə Naxçıvan MR-da anadan olmuş, Sumqayıt şhəəri, 9-cu mikrorayon, ev 61, mənzil 47-də qeydiyyatda olan Maraqlı şəxs2 barəsində xx.xx.2020-ci il tarixdə qohumları ilə əlaqəsini itirmiş şəxs kimi 731321 nömrəli axtarış işi açılmışdır və hal-hazırda 5-ci PB-nin icraatındadır. Həmçinin, araşdırma zamanı müəyyən olunmuşdur ki, Maraqlı şəxs2 xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək Gürcüstan Respublikasına getmişdir. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli, 33/4336 nömrəli məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Maraqlı şəxs2 sonuncu dəfə xx.xx.2016-cı il tarixdə Gürcüstan istiqamətinə çıxışı qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin əri Maraqlı şəxs2 xx.xx.2016-cı il tarixdə ölkə sərhəddindən keçərək Gürcüstan Respublikasına getmiş və bundan sonra geri qayıtmamışdır. O, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edilmişdir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Bu Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1 maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi, fiziki şəxs üç halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əvvəla, şəxsin ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğu güman edilən bir şəraitdə xəbərsiz itkin düşməsidir. Bu halda həmin şəxsin haqqında cəmi altı ay ərzində xəbər çıxmaması onun ölmüş elan edilməsinə əsas verir. Bu halda şəxsin haqqında müəyyən müddət ərzində məlumat olmaması ilə yanaşı onun həlak olması üçün real ölüm təhlükəsi yaradan şəraitin də mövcudluğu tələb olunur. Şəxsin ölmüş elan edilməsinin qanunvericiliyin normasına əsasən digər əsası hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxsin haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumat alınmamasıdır. Bu halda da, şəxsin həlak olduğunu güman etməyə əsas vardır. Şəxsin ölmüş elan edilməsinin digər əsası isə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, məhkəmə onu ölmüş elan edə bilər. Bu halda, şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur, ancaq beş il ərzində onun barəsində məlumat olmaması onun ölmüş elan edilməsi üçün kifayətdir. Lakin, bu o demək deyil ki, şəxsin sağ olub-olmaması şübhəli olduqda o, ölmüş elan edilə bilər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 barəsində xx.xx.2020-ci il tarixdə axtarış işi açılmış, axtarışda olan Maraqlı şəxs2 yerinin müəyyən olunması istiqamətində tədbirləri davam etdirilir. Mülki qanunvericiliyin müvafiq müddəasının tələblərindən göründüyü kimi, həmin norma imperativ olmamaqla bu halın müəyyən edilməsi üçün kifayət qədər məlumatların olması halında edilə bilməsininin mükünlüyünü nəzərdə tutmuşdur. Belə məlumatların olmaması halında şəxsin ölmüş elan edilməsi barədə qənaətə gəlinməsi mümkün deyildir. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra edilə bilər. Maraqlı şəxs2 ölmüş elan edilməsi üçün iş materiallarında həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələrin tükənməsi, eləcə də ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi barədə məlumatlar yoxdur. Göründüyü kimi, Maraqlı şəxs2 ölmüş elan edilməsi üçün məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ərizəçinin Maraqlı şəxs2 ölmüş elan edilməsinə dair ərizə əsassızdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311, 355-25 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi xx.xx.1976-cı ildə Naxçıvan şəhərində anadan olmuş Maraqlı şəxs2 ölmüş elan edilməsinə dair ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar