Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-583/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 Cavabdehin vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı üçüncü şəxs qismində Sumqayıt Şəhər İcra Hakimiyyətini cəlb etməklə “özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı üçüncü şəxs qismində Sumqayıt Şəhər İcra Hakimiyyətini cəlb etməklə “özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərinin Sumqayıt-Novxanı avtomobil yolu boyunca, Xəzər dənizinin sahilində yerləşən ərazidə Cavabdeh tərəfindən zəbt olunmuş bələdiyyə mülkiyyətində olan sahəsi 0,37 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin Cavabdeh hesabına sökülərək torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin qulluqçuları tərəfindən Sumqayıt şəhərinin Sumqayıt-Novxanı avtomobil yolu boyunca, Xəzər dənizinin sahilində yerləşən ərazidə aparılan xidməti nəzarət tədbirləri zamanı müəyyən olunmuşdur ki, Cavabdeh sözügedən ərazidə yerləşən bələdiyyə mülkiyyətində olan sahəsi 0,37 ha torpaq sahəsini zəbt edərək həmin torpaq sahəsində qanunsuz olaraq tikinti işlərini həyata keçirmişdir. Aparılmış araşdırmalar zamanı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2013-cü il tarixli, 75 saylı sərəncamı ilə Cavabdeh mübahisələndirilən ərazidə əyləncə və istirahət mərkəzinin tikintisinin layihələndirilməsinə icazə verildiyi, lakin cavabdehin verilən sərəncamın və müvafiq qanun normalarının ziddinə olaraq ərazidə hər hansı icazə almadan özbaşına tikinti işlərini həyata keçirdiyi aşkar olunmuşdur. Halbuki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2013-cü il tarixli,75 saylı sərəncamının 6-cı bəndində birbaşa göstərilmişdir ki, bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır və cavabdeh Sumqayıt Bələdiyyəsi ilə torpaq münasibətlərini həll etdikdən, torpaq sahəsinin planı və ölçüsünü aldıqdan, torpaq sahəsi üzərində hüququnu daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirdikdən və tikintinin aparılmasını aidiyyəti qurumlarla razılaşdırdıqdan sonra tikinti işlərini başlaya bilər. Ancaq cavabdeh Sumqayıt Bələdiyyəsi ilə torpaq münasibətlərini nizama salmadan, torpaq sahəsi üzərində hər hansı hüquq müəyyənedici sənədlər əldə etmədən özbaşına olaraq torpaq sahəsindən istifadəyə başlamışdır. Bu qanunsuz hərəkətləri ilə Cavabdeh torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarını və qanuni maraqlarını pozmuşdur. Cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən müvafiq hüquqmüəyyənedici sənədləri olmadan zəbt edərək istifadə etməsi, həmçinin göstərilən ərazidə müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan, şəhərsalma və memarlıq norma və qaydalarını pozmaqla, ərazinin təyinatına uyğun olmadan tikinti işləri aparması, torpaq sahəsinin mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarını aşkar şəkildə pozmuşdur. Qeyd edilən özbaşına tikili torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin və bu cür tikililərin aparılmasına icazə vermək səlahiyyətinə malik olan aidiyyəti icra hakimiyyəti orqanlarının razılığı alınmadan, həmçinin mülki və torpaq qanunvericiliklərinin, şəhərsalma və tikinti normalarının tələblərinə zidd olaraq inşa edildiyində, bu tikili özbaşına tikili kimi qiymətləndirilərək müvafiq hüquqi nəticələr yaratmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar «Torpaq islahatı haqqında» və «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olraq bələdiyyə mülkiyyətinə aid olunmuş və xx xxxx 2001-ci il tarixli protokol, eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Bələdiyyələrə dair qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması bələdiyyənin qərarı ilə həyata keçirilir. Lakin Cavabdeh torpaq sahəsini bu günə qədər qeyri-qanuni tutmaqda davam edir ki, bu da torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarını kobud şəkildə pozur. Sadalanan hallara əsaslanaraq Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək sadalanan qanunsuzluqların aradan qaldırılmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etməyi zəruri sayır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi izahatında göstərdi ki, Sumqayıt Bələdiyyəsinin cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhərinin Sumqayıt-Novxanı avtomobil yolu boyunca, Xəzər dənizinin sahilində yerləşən ərazidə cavabdehə məxsus sahəsi 0,37 ha torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş tikililərin onun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasını tələb etməsini əsassız və qanunazidd hesab edir. İddiaçı olaraq Sumqayıt şəhər Bələdiyyəsinin belə bir iddia tələbləri ilə çıxış etməsi üçün onun subyektiv hüququ yoxdur, çünki mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahəsidir. Məhkəmə qaydasında Sumqayıt şəhər Bələdiyyəsinin mübahisələndirdiyi sahəsi 0,37 hektar torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 1997-ci il tarixli 558 saylı Sərəncamı ilə çimərlik və istirahət guşəsi yaradılması məqsədi ilə “Xəzər” Səhmdar Cəmiyyətinin istifadəsinə ayrılmış ümumi sahəsi 28,15 hektar olan torpaq sahəsinin daxilində yerləşir. Daha əvvəl isə göstərilən torpaq sahəsi Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli, 18 saylı protokol qərarı əsasında abadlıq işlərinin aparılması üçün Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin balansından çıxarılaraq “Xəzər” Səhmdar Cəmiyyətinin balansına verilmişdir. Həmin torpaq sahəsi öz növbəsində “Xəzər” Səhmdar Cəmiyyətinin adına daimi istifadə hüququ əsasında dövlət qeydiyyatından keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Xəzər” Səhmdar Cəmiyyətinin adına JN-318 saylı kod 30900002 saylı “X7 hüququna dair” Dövlət Aktı da verilmişdir. Cavabdeh hələ 2008-ci ildən etibarən sahəsi 0,56 hektar olan torpaq sahəsini “Xəzər” Səhmdar Cəmiyyətindən icarəyə götürərək orada kiçik bir tikili inşa etdirərək istifadə etmişdir. 2012-ci ildə isə cavabdeh həmin torpaq sahəsini öz adına keçirmək niyyətini “Xəzər” Səhmdar Cəmiyyətinin rəhbərliyinə bildirmiş və sonuncu buna etiraz etməmişdir. “Xəzər” Səhmdar Cəmiyyətinin sədri Q.Kərimovun imzası ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı E.Əzizova ünvanlanmış xx xxxxxxx 2012-ci il tarixli 129 saylı məktubunda cəmiyyətə məxsus dəniz sahilindəki istirahət zonasında yerləşən torpaq sahəsinin 0,56 hektarlıq hissəsinin cavabdehin adına keçirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmin məktub əsasında və cavabdehin müraciəti nəzərə alınaraq Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2013-cü il tarixli 75 saylı sərəncamı ilə Sumqayıt şəhərinin inzibati ərazisində, Sumqayıt- Novxanı avtomobil yolunun kənarında, Xəzər dənizinin sahili boyunca 0,37 hektar torpaq sahəsində əyləncə və istirahət mərkəzinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Bu sərəncam əsasında cavabdeh tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə tikiləcək obyektin İnşaat Pasportunun hazırlanması məqsədi ilə müvafiq rüsumlara görə pul ödənişləri edilmiş və qeyd etdiyi idarə tərəfindən adına İnşaat Pasportu hazırlanaraq cavabdehə təqdim olunmuşdur. Eyni zamanda torpaq sahəsində tikiləcək əyləncə və istirahət mərkəzinin İşçi layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintiyə X6 ilə razılaşdırılaraq təqsdiqlənmiş, həmçinin bu sənəd Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsində də qeydiyyata alınaraq tikintinin aparılmasına icazə verilmişdir. İş materillarında olan sənədlərdən də göründüyü kimi, mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən tikinti işlərinə başlanılmış, xeyli işlər yerinə yetirilmiş, lakin dünyada baş verən maliyyə böhranı, o cümlədən, ABŞ dollarının Azərbaycan manatına olan kursunun yüksəlməsi nəticəsində cavabdehin də işləri pozulmuş, maddi sıxıntıları yaranmışdır ki, bu da ona qeyd olunan torpaq sahəsində tikinti işlərinin davam etdirilməsinə imkan verməmişdir. Lakin bu halın mövcudluğu torpaq sahəsinin onun tərəfindən zəbt edildiyi və orada inşa etdirdiyi tikilinin özbaşına tikili olduğu anlamına gəlmir. Nə torpaq sahəsinin Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2013-cü il tarixli 75 saylı sərəncamı ilə cavabdehin istifadəsinə ayrılması, nə də həmin torpaq sahəsində cavabdeh tərəfindən tikinti işlərinin aparılması hər hansı şəkildə Sumqayıt şəhər Bələdiyyəsinin hüquqlarını və qanuni maraqlarını pozmur, çünki yuxarıda göstərilənlərdən də aydındır ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsi deyildir. Həmin torpaq sahəsi torpaq islahatı zamanı dövlət mülkiyyətində saxlanılmış torpaq sahəsi olmaqla yanaşı, üzərində “Xəzər” Səhmdar Cəmiyyətinin daimi istifadə hüququ dövlət qeydiyyatından keçmiş torpaq sahəsinin bir hissəsidir. Bununla yanaşı, məhkəmənin diqqətinə onu da çatdırmaq istəyirik ki, Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpaq sahəsi və onun üzərində inşa edilmiş tikilinin qanuniliyi mübahisələndirilsə də, torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2013-cü il tarixli 75 saylı sərəncamı mübahisələndirilməmişdir. Halbuki, əgər bələdiyyənin iddia tələbləri qanuni və əsaslıdırsa öncəlik Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının göstərilən Sərəncamının ləğv olunmasının tələb edilməsi olmalı idi. Ancaq Sumqayıt Bələdiyyəsi tərəfindən belə bir iddia tələbi ilə məhkəməyə müraciət edilmədiyindən, bələdiyyənin torpaq sahəsini və oradakı tikilini mübahisələndirməsi də qanuni sayıla bilməz. Bununla yanaşı, Sumqayıt Bələdiyyəsi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin istifadəsinə verilmiş torpaq sahəsinə iddiasını irəli sürsə də, torpağın ona məxsus olmasını təsdiq edən hər hansı mötəbər sənədi, o cümlədən, torpaq üzərində hüququnu təsdiq edən reyestr çıxarışını və ya digər hüquq müəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Yəni, Sumqayıt Bələdiyyəsinin məhkəməyə verərək mübahisələndirdiyi cavabdehə məxsus torpaq sahəsi üzərində hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçməmişdir. Bütün bu sadalanan halları nəzərə alaraq hesab edirik ki, bələdiyyə özünə aid olmayan və dövlət mülkiyyətində saxlanılmış torpaq sahəsinə dair iddia ilə çıxış etməklə öz səlahiyyətlərini aşmış və hüququ olmayan torpaq sahəsinə müdaxilə etmişdir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq bir daha məhkəməyə bildirmək istəyirik ki, Sumqayıt şəhər Bələdiyyəsi öz mülkiyyətində olmayan torpaq sahəsinə qarşı iddia ilə çıxış etmişdir. Mübahisəli torpaq sahəsi cavabdehin qanuni istifadəsindədir, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2013-cü il tarixli 75 saylı sərəncamı əsasında cavabdehə ayrılmışdır və həmin torpaq sahəsinin Sumqayıt şəhər Bələdiyyəsinə hər hansı aidiyyəti yoxdur. Bu səbəbdən cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinin ona qarşı iddia ərizəsini qüvvədə olan qanun normalarına zidd olduğu üçün əsassız hesab edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan bıxlmasını mümkün hesab etdi. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, mübahisə predmeti olan, Cavabdeh tərəfindən aparılmış tikini işləri şəhərsalma norma və qaydalarına uyğun aparılmamış, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək hesab ki, iddia əsl iddiaçı tərəfindən verilmədiyindən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının “əyləncə və istirahət mərkəzinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” xx xxxx 2013-cü il tarixli, 75 saylı sərəncamından görünür ki, Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin 18 saylı, xx xxxx 1990-cı il tarixli qərarına əsasən «Xəzər» Səhmdar Cəmiyyətinin balansına verilmiş torpaq sahəsindən daha səmərəli istifadə olunması məqsədi ilə Cəmiyyətin 129 saylı, xx xxxxxxx 2012-ci il tarixli razılıq məktubunu, Bakı şəhəri, Təbriz küçəsi, ev 2/4 mənzil 29-da yaşayan Cavabdeh müraciətini, Memarlıq və şəhərsalma idarəsinin təklifini nəzərə alınaraq Bakı şəhəri, Təbriz küçəsi, ev 2/4, mənzil 29-da yaşayan Cavabdeh Sumqayıt şəhərinin inzibati ərazisində, Sumqayıt-Novxanı avtomobil yolunun kənarında, Xəzər dənizi sahili boyunca 0,37 ha sahədə əyləncə və istirahət mərkəzinin layihələndirilməsinə icazə verilməsi, layihə sənədləri mərhələsindən asılı olmayaraq, lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlənməli və aidiyyəti orqanlarla razılaşdırılması təmin edilməsi qərara alınmışdır. Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsinin xx xxx 2013-cü il tarixli 35 saylı aktından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2013-cü il tarixli, 75 saylı sərəncamına əsasən Sumqayıt şəhərinin inzibati ərazisində, Sumqayıt-Novxanı avtomobil yolunun kənarında, Xəzər dənizi sahili boyunca əyləncə və istirahət mərkəzinin tikintisinin layihələndirilməsinə icazə verilmiş 0,37 ha torpaq sahəsi instrumental təriqilə ölçüb ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyulmuş və Cavabdeh təhvil verilmişdir. Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında xx xxxx 2001-ci il tarixli protokoldan görünür ki, dənizkənarı sahil xətti (çimərliklər) 327,10 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətinə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikası Xəzər Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli, 126 saylı məktubdan görünür ki, Sumqayıt şəhəri, Sumqayıt-Novxanı avtomobil yolunun solunda, Xəzər dənizinin sahilində yerləşən və həmin mübahisələndirilən 0,37 ha torpaq sahəsinin də tərkibinə daxil olduğu 28 ha torpaq sahəsi 1990-cı il 14 iyun tarixində 18 saylı “Balansa Verilmə” barədə Protokola əsasən Sumqayıt şəhəri X8 İcrayyə Komitəsinin Qərarı ilə İcrayyə Komitəsinin Balansından çıxarılaraq, “Xəzər” Səhmdar Cəmiyyətinin balansına verilmişdir. Həmin tarixdə torpaq sahəsinə “Xəzər” Səhmdar Cəmiyyətinin “X4” sahəsi kimi layihələndirilməsi və tikilməsi üçün torpaq aktı tərtib olunmuş və Sumqayıt şəhəri İcrayyə Komitəsinin sədri tərəfindən təsdiqlənmişdir. 1999-cu ildə “Xəzər” SC-yə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi tərəfindən JN-3xx xxx 30900002 saylı X7 Hüququna dair Dövlət Aktı verilmişdir. Həmin sahə xx.xx.2008-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 17/R- 436/11/25/12 saylı dərkənarına uyğun olaraq Azərbaycanda Turizmin İnkişafı Dövlət Proqramına salınmışdır. Həmin Proqramın daha səmərəli reallaşdırılması üçün rəhbərlik tərəfindən sahənin bir hissəsinin ayrı-ayrı şəxslərə özgəninkiləşdirilməsi tövsiyyə olunmuşdur. Həmin vaxt Cavabdeh “Xəzər” SC-yə məxsus 0,56 ha torpaq sahəsini üzərində kiçik əmlakla birlikdə icarəyə götürmüşdür. Şəhər rəhbərliyinin tövsiyyəsini nəzərə alaraq, “Xəzər” Səhmdar Cəmiyyəti həmin 0,56 ha sahənin onun adına rəsmiləşdirilməsi üçün 129 saylı xx.xx.2012-ci il tarixli razılıq məktubu vermişdir. Ancaq Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamında sahə 0.37 ha göstərilib. Çünki dənizkənarı mühafizə zolağı sahədə göstərilməyib. “Xəzər” Səhmdar Cəmiyyətinin İstirahət Zonası adlandırılan həmin sahəyə ilk dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi X1 tərəfindən xx.xx.1997-ci il tarixli 23, 24, 25 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti yaradılandan sonra ayrı-ayrı vaxtlarda sahələrin özgəninkiləşdirilməsi ilə əlaqədar Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Axırıncı dəfə xx.xx.2018-ci il tarixli ******* saylı Çıxarış verilmişdir. “Xəzər” SC tərəfindən özgəninkiləşdirilən sahələrin bir hissəsi notariat qaydada alqı-satqı yolu ilə verilmişdir. Bir hissəsi isə razılıq məktubu ilə verilmişdir. Cavabdeh verilən sahə üzərindəki əmlak kiçik və natamam olduğundan sökülərək özgəninkiləşdirilməsinə razılıq məktubu ilə verilmişdir. Həmin sahənin özgəninkiləşdirilməsi haqda məlumat (sahənin bizim balansdan silinməsi məqsədilə) Sumqayıt şəhər İcra Hakimiyyətinin xx xxxx 2013-cü il tarixli 75 saylı Sərəncamına əsaslanaraq xx xxx 2015-ci il tarixdə 48 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə verilmişdir. Sumqayıt şəhər X8 İcrayyə Komitəsinin xx xxxx 1990-cu il tarixli Qərarından görünür ki, abadlıq işlərinin aparılması üçün Sumqayıt şəhər X8 İcrayyə Komitəsinə məxsus Corat qəsəbəsi ilə Sarı-Qaya arasındakı dənizkənarı torpaqdan 28ha sahə mövcud qayda üzrə çıxarılıb “Xəzər” Səhmdar Cəmiyyətinin balansına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi tərəfindən JN-3xx xxx 30900002 saylı X7 Hüququna dair Dövlət Aktından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 1997-ci il tarixli 558 saylı sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində 28,15 ha torpaq sahəsi çimərlik və istirahət guşəsi yaradılması üçün “Xəzər” Səhmdar Cəmiyyətinə verilmişdir. Sadalanın işin hallarından göründüyü kimi mübahisə predmeti olan ərazi “Xəzər” Səhmdar Cəmiyyətinin balansına ayrılmış sahə olmaqla, həmin ərazi “Xəzər” Səhmdar Cəmiyyəti tərəfindən cavabdehin istifadəsinə verilmiş, müvafiq icra hakimiyyəti orqanın sərəncamı ilə cavabdehə bu ərazidə istirahət mərkəzinin layihələndirilməsinə icazə verilmiş, sərəncamın icrasına nəzarət müvafiq icra hakimiyyətinə həvalə edilmişdir. İddiaçı iddianın əsası olaraq mübahisə predmeti olan sahənin bələdiyyə mülkiyyətində olduğunu iddia edərək araşdırılan iddia ilə məhkəməyə müraciət etmişdir. İddianı əsaslandığı hallara dair sənədlər olaraq Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında xx xxxx 2001-ci il tarixli protokol, xx xxxx 2001-ci il tarixli Akt və Sumqayıt şəhər ərazisində Bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaqların Eksplikasıyasına dair cədvələ istinad etmişdir. Məhkəmə məsələnin qanuni həlli bağlı bələdiyyə mülkiyyətinə aid torpaqların hüquqi əsasları ilə bağlı qanunvericiliyin göstərişlərinin araşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 47-ci maddəsinin 7-cı hissəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. 66-cı maddəyə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi Bələdiyyə torpaqlarının dairəsini müəyyən etmişdir. Həmin maddənin göstərişinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Qanunun 6-cı maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar dövlət mülkiyyətinə aid torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanunun tələbinə görə Bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. 2. Müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Şərh olunan hüquq normalarının göstərişlərindən göründüyü kimi torpaqların bələdiyyə mülkiyyətinə verilməsi qanunla və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Mübahisə predmeti olan ərazi dəniz sahilboyu ərazi olmaqla həmin ərazilərin bələdiyyə mülkiyyətinə ayrılması iddiaçının istinad etdiyi sənədlərlə öz təsdiqini tapmır. Həmin sənədlərdən müəyyən olunur ki, dənizkənarı sahil xətti (çimərliklər) torpaq sahəsi bələdiyyənin mülkiyyətinə verilmişdir. Cavabdehə ayrılmış torpaq sahəsi sahilboyu ərazi olmaqla, Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamında sahə 0.37 ha göstərilmiş və Xəzər Səhmdar Cəmiyyətinin məhkəmə sorğusuna cavabından görünür ki, dənizkənarı mühafizə zolağı həmin sahəyə daxil deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsi müəyyən edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırlmalıdır. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olmaqla həmin ərazinin qanunla nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə ayrılmasını təsdiq edən heç bir sənəd yoxdur. Bu isə belə bir nəticəyə gəlməyə əsas verir ki, araşdırılan mübahisə üzrə torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid deyildir, qanunun göstərişinə əsasən isə bələdiyyələr mülkiyyətində olan torpaqların mühafizəsi sahəsində idarəetmə həyata keçirmə səlahiyyətinə sahibdirlər. Məhkəmə mübahisə predmeti olan ərazidə tikinti işlərinin qanunun tələbləri pozulmaqla aparılması barədə iddiaçının dəlilinə gəlincə qeyd edir ki, həmin ərazidə tikintinin layihələndirilməsinə icazə verilməsi haqqında sərəncamın icrasına nəzarət müvafq icra hakimiyyətinin səlahiyyətinə aid məsələdir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, müvafiq subyektiv hüquqa malik olmayan şəxs tərəfindən qaldırıldığından iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı üçüncü şəxs qismində Sumqayıt Şəhər İcra Hakimiyyətini cəlb etməklə “özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-583/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-583/2021
02.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver