Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5835/2020 18.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 7000 manat kompensasiya verməklə onun Sumqayıt şəhəri, 9-cu mkr., (təzə) 57 saylı evin, 36 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməklə çıxarılmasına, Cavabdeh2 və onun azyaşlı övladı xx.xx.2014-cü il təvəllüdlü X3 ilə birlikdə həmin mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 9-cu mkr., (təzə) 57 saylı evin, 36 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh1 onun oğlu, digər Cavabdeh2 isə gəlinidir. Cavabdehlər 2012-ci ildə onun xəbəri və razılığı olmadan özləri ailə həyatı quraraq evlənmişlər və kirayələrdə yaşamışlar. 2019-cu ilin avqust ayında Cavabdeh1 həbsdən çıxandan sonra ailəsi ilə birlikdə onun evinə gəlmişlər. Həmin vaxtdan yaşayışı dəhşətli vəziyyətə düşməyə başlamışdır. Cavabdeh1 ona və anasına qarşı vəhşiliklər törədir, söyür, təhqir edir, hətta onları evdən qovub özü yaşamaq fikrində olduğunu deyir. Dəfələrlə bu barədə polisə şikayət etsələr də, heç bir nəticə verməmiş, Eldənizlə aparılan profilaktik tədbirlər də heç bir nəticə verməmişdir. Ona görə də, Cavabdeh1 kompensasiya ödəməklə onun mənzildən istifadə hüququna xitam verilməklə ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması qərarına gəlmişdir. Digər Cavabdeh2 da, onlara qarşı kobudluq edir, həyat yoldaşını təhqir edir, hətta döyür. Cavabdeh2 onun mənzilinə hər hansı bir istifadə hüququ mövcud deyildir. Belə ki, Cavabdeh2 oğlu ilə 7 il ailə kimi kirayələrdə yaşadıqdan sonra 2019-cu ildə mənzilə yaşamağa gəlmiş, onunla Cavabdeh2 arısnda mənzildən istifadəyə dair hər hansı bir müqavilə mövcud deyil və ona görə də onun Azərbaycan Respublikası MM-nin 228-ci maddəsinə əsasən onun mənzilində hər hansı bir hüququ yaranmamış, ona görə də azyaşlı qızı xx.xx.2014-cü il təvəllüdlü X3 ilə birlikdə onun mənzilinədən çıxarılmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o, verilən kompensasiya məbləği ilə razı deyildir. Belə ki, onun yaşamağa başqa yaşayış sahəsi yoxdur. O, verilən 7000 manat kompensasiya məbləği ilə özünə başqa yaşayış sahəsi ala bilməyəcəkdir. Ona görə də o, iddia tələbinə etiraz edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o, Cavabdeh1 həyat yoldaşıdır. Onun mübahisəli mənzilə istifadə hüququ olmasa da, verilən kompensasiya məbləği ilə razı deyildir. Belə ki, onların himayəsində bir azyaşlı övladı vardır və yaşamağa başqa yaşayış sahələri yoxdur. Ona görə də o, iddia tələbinə etiraz edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr., (təzə) 57 saylı evin, 36 saylı mənzili (Yeni qaydalarla: AZ5001 Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 69, M1, m1) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh Mehdiyev X5 şəhəri, 9-cu mkr., (təzə) 57 saylı evin, 36 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən,yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin,arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllə qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddia tələbindən göründüyü kimi iddiaçı 7000 manat verməklə Cavabdeh1 Sumqayıt şəhəri, 9-cu mkr., (təzə) 57 saylı evin, 36 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsini tələb edir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 9-cu mkr., (təzə) 57 saylı evin, 36 saylı mənzilinin mülkiyyətçisi olan İddiaçı tərəfindən Cavabdeh1 təklif olunan 7000 manat kompensasiya müqabilində, Cavabdeh1 müəyyən bir müddət ərzində başqa yerdə yaşamaq imkanına malikdirlər və həmin məbləğdə kompensasiya verilməsinin təmin edilməsi onun hüquqlarını pozmur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, «kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır». Məhkəmə iddia tələbinin Cavabdeh2 və onun azyaşlı övladı xx.xx.2014-cü il təvəllüdlü X2 Sumqayıt şəhəri, 9-cu mkr., (təzə) 57 saylı evin, 36 saylı mənzilindən çıxarılması hissəsini də əsaslı hesab edir. Belə ki, işin arşadırılan hallarından və iş materiallarından müəyyən edilmişdir ki, Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mkr., (təzə) 57 saylı evin, 36 saylı mənzilinə istifadə hüququ yoxdur. Yəni onunla mənzilin mülkiyyətçisi olan iddiaçı arasında mübahisəli mənzildə istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə notariat qaydasında bağlanan yazılı razılaşma mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 İddiaçı tərəfindən 7000 (yeddi min) manat kompensasiya verməklə, Cavabdeh1 Sumqayıt şəhəri, 9-cu mkr., (təzə) 57 saylı evin, 36 saylı mənzilindən (Yeni qaydalarla: AZ5001 Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 69, M1, m1)istifadə hüququna xitam verilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladı xx.xx.2014-cü il təvəllüdlü X1 şəhəri, 9-cu mkr., (təzə) 57 saylı evin, 36 saylı mənzilindən (Yeni qaydalarla: AZ5001 Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 69, M1, m1) çıxarılsınlar. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-5835/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5835/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver