Məhkəmə qərarları › İş №2(060)-584/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-584/2022

24.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-584/2022 24.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağ sahəsinin geri qaytarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Yaşma bağlar massivində yerləşən 803 saylı bağ sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ildə «Dalğa» Bağçılıq Yoldaşlığına üzv qəbul olunmuş və Yaşma bağlar massivində yerləşən «Dalğa» bağçılıq yoldaşlığına aid 803 saylı sahəsi 600 kvadrat metr olan bağ sahəsi iddiaçının istifadəsinə verilmiş və ona 803 saylı bağçılıq üzvlük kitabçası verilmişdir. Həmin vaxtdan etibarən üzvlük haqqı ödəyir. 802 və 803 saylı bağ torpaq sahələri yanaşı yerləşməklə bitişik olmuşlar. Cavabdeh ailəsi ilə birlikdə bağda təsərrüfat yaratmış, heyvan bəsləmişlər. Sonradan cavabdeh və oğlu Fəxri 802 saylı bağı Nail adlı şəxsə satmışlar. Nail heyvanları dağa, yaylağa aparmış, bir daha geri qaytarmamış və onların heyvan paylarını verməmişdir. Heyvanların əvəzinə 802 saylı bağın iddiaçıya qaldığını sanaraq 5 il müddətində hər 2 bağa iddiaçı sahib çıxmış, baxmış, qulluq etmişdir. Həmin bağda tikililər tikmiş, orada yaşadığı üçün hazırda bağ evində olan bütün şəxsi avadanlıqlar iddiaçıya məxsusdur. Cavabdeh iddiaçıya qarşı «bağ sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2/060/-2692 saylı qətnaməsi ilə iddia təmin edilmiş, qətnamə icra edilmiş, 802 saylı bağ iddiaçıdan alınaraq cavabdehə verilmişdir. Qətnamənin icra edildiyi vaxtdan cavabdeh iddiaçının rəsmi icarəsində olan 803 saylı bağ sahəsini zəbt edərək onu bağa buraxmır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçının oğlu ilə cavabdehin oğlunun arasında əvvəllər yaxşı münasibət olmuşdur. Bu səbəbdən 802 və 803 saylı bağ sahələri bir hasar daxilində yerləşmiş və bağ sahələri arasında hasar çəkilməmişdir. Həmçinin bağ sahələrinin bir giriş-çıxış qapısı vardır. Sonradan onlar arasında münaqişə yaranmışdır. Cavabdeh iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə 802 saylı bağ sahəsinin iddiaçıdan alınaraq cavabdehə verilməsi qət edilmişdir. Qətnamə icra olunan vaxt, yəni iddiaçının oğlu həbs edildikdən sonra cavabdeh və onun oğlu 803 saylı bağ sahəsini də zəbt etmiş və iddiaçını oraya buraxmamışlar. Bağ sahələrinin hər ikisinin 600 kv.metr sahəsi vardır. Ümumi sahə isə 1200 kv.metr təşkil edir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında nümayəndəsinin izahatını təsdiq etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1963-cü ildə, Quba rayonunun İİ- Nügədi kəndində anadan olmuşdur. O, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 5-ci keçid, məhəllə 23, ev 19/2 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2(060)-2692/2021 saylı qətnaməsi ilə Yaşma massivində yerləşən 802 saylı bağ sahəsinin iddiaçının qanunsuz sahibliyindən alınaraq cavabdehə verilməsi qət edilmişdir. “Dalğa” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən verilmiş Bağçının üzvlük kitabçasından görünür ki, Yaşma massivi ərazisində yerləşən 803 saylı bağ torpaq sahəsi 2017-ci il tarixdə iddiaçının istifadəsinə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti “Dalğa” Bağçılıq Yoldaşlığı Cəmiyyətinin 08 fevral 2021-ci il tarixli arayışından görünür ki, “Dalğa” Bağçılıq yoldaşlığından 803 saylı bağ sahəsi iddiaçıya məxsusdur. Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 535 saylı, 15.11.2021-ci il tarixli arayışına əsasən iddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 5-ci keçid, məhəllə 23, ev 19/2 ünvanında yaşayır. 22 saylı Mənzil-Kommunal sahəsinin 2735 saylı,17.11.2021-ci il tarixli arayışına əsasən cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır, lakin yaşamır. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30.11.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edir. Məhkəmə hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən “hüquqi gözlənti” anlayışı konkret əmlak üzərində şəxsin hazırda mülkiyyət hüququ olmasa da, onun həmin hüququ gələcəkdə əldə edəcəyinə dair real gözləntisini nəzərdə tutur. Göründüyü kimi iddiaçı 803 saylı bağ sahəsinin mülkiyyətçisi olmasa da, həmin əmlakın qanuni sahibidir və bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (164.1.). Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı ona məxsus bağ sahəsini cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsini xahiş edir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Yaşma bağlar massivində yerləşən 803 saylı bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə və sahibliyinə verilmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməsə də, məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (oğlu) X4 802 və 803 saylı bağ sahələrinin bir hasar daxilində yerləşdiyini və hal-hazırda onların istifadələrində olduğunu bildirmişdir. Göründüyü kimi 803 saylı bağ torpaq sahəsinin cavabdehin sahibliyi və istifadəsində olması iddiaçıya əmlak üzərində sahiblik və istifadə hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Yaşma bağlar massivində yerləşən 803 saylı bağ sahəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yaşma bağlar massivində yerləşən 803 saylı bağ sahəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar