Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5879/2022 20.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçıya məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33-dən çıxarılması, onun qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi və yığılmış 450 manat kirayə haqqı və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reysterinə qeydə alınmaqla Sumqayıt şəhər 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33-ə mülkiyyət hüquqları qeydə aldırmışdır. Bir müddət həmin mənzildə yaşasa da, sonradan bacısı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayonda birgə yaşamağa başlamışdır. Bu zamanda cavabdeh ona məxsus mənzili müvəqqəti istifadə etməyi xahiş etmiş və imkanı olduqca hər ay 150-200 manat məbləğində pul verəcəyini bildirmişdir. Lakin hal-hazırda son 5 aydır ki, cavabdehin ona pul borcu yığılıb və ödəmir. Tərəflər aralarında dostcasına razılaşmışlar və bu səbəbdən də hər hansı bir kirayə müqaviləsi imzalanmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarı ilə cavabdeh İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbhğində inzibati cərimə olunmuşdur. Bundan sonra iddiaçı yenidən polisə müraciət etsə də, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən aldığı cavab nəticəsində mülki qaydada məhkəməyə mürciət etməyi tövsiyyə olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı ondan 6000 manat pul almış, həmin pulu dövr etdirdikdən sonra qazanc əldə edəcəyini, eləcə də pulunu artıqlamasıyla qaytaracağını bildirmişdi. Lakin bundan sonra iddiaçı bir müddət cavabdehlə bütün əlaqələrini kəsmişdir. İddiaçı ilə rastlaşdıqdan sonra isə cavabdeh yenə pulunu tələb etmişdir. O isə qarşılığında qohumunun mənzilində bir müddət kirayə qalmağını cavabdehə təklif etmiş və bu müddət ərzində isə pulunu toplayıb qaytaracağına söz vermişdir. Cavabdeh də məcbur qalıb aylıq 150 manata həmin mənzildə kirayə qalmağa başlamış, lakin iddiaçı cavabdehə olan borcunu qaytarmamışdır. Bundan sonra cavabdehə məlum olmuşdur ki, sözügedən mənzil iddiaçıya məxsusdur və ondan hər ay 150 manat pul almaq üçün mənzilin onun olduğunu gizlətmişdir. Cavabdehin başqa yaşayış yeri yoxdur. İddiaçı onun pulunu qaytaracağı təqdirdə mənzilindən çıxacaqdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. Cavabdeh isə xx.xx.1977-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhər 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33 ( yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 307, M1, m3) xx.xx.2015-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən iddiaçının müraciəti ilə bağlı toplanmış materiallar üzrə cavabdehin əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-1838/2022 saylı icra vərəqəsi ilə müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 300 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, iddiaçı ilə qonşuluqda yaşayır. Onda olan məlumata görə iddiaçı sözügedən mənzili cavabdehə kirayə vermişdi. Lakin bununla bağlı onlar arasında müqavilə olmayıb. O, iddiaçının mənzillə bağlı cavabdehdən hər ay 150 manat aylıq kirayə haqqı aldığını və cavabdehin son aylarda kirayə haqqı ödəmədiyini iddiaçının məlumatı əsasında bilmişdir. İş materiallarına disk yazısı əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33 iddiaçının mülkiyyətindədir. Hal-hazırda iddiaçı öz mülkiyyətində olan mənzildən cavabdehin çıxarılmasını tələb edir. Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33 hazırda cavabdehin qanunsuz sahibliyindədir. Bu səbəbdən iddiaçı Sumqayıt şəhəri, 1ci mikrorayon, ev 17/31 A, mənzil 33-ü geri tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33 cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməlidir. İddiaçı eyni zamanda yığılmış 450 manat kirayə haqqının cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, cavabdehin 3 aylıq kirayə haqını ödəməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyi üçün iddia həmin hissədə təmin edilə bilməz. Şahid ifadəsi ilə bağlı qeyd edilməlidir ki, şahid tərəflər arasında kirayə münasiblərinin olmasının iddiaçının bildirdiyi məlumatlar əsasında ona məlum olduğunu bildirmişdir. Şahid tərəflər arasında yazılı və ya şifahi formada kirayə müqaviləsi bağlanmasında, kirayə haqqının ödənilməsində şəxsən iştirak etməmişdir. Bu səbəbdən məhkəmə şahidin ifadəsinə mötəbər sübut kimi yanaşmır. Cavabdehin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, tərəflər arasında hər hansı borc münasibətlərinin olması hazırkı mübahisənin mahiyyətinə hər hansı təsir göstərmir. Cavabdeh iddiaçının ona hansısa məbləğdə borcu olduğunu iddia edirsə, bununla bağlı ayrıca iddia qaldıra bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun 50 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 A, 33 saylı mənzildən çıxarılsın və həmin mənzil Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5879/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5879/2022
20.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver