Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5882/2020 03.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Sudor-tərcüməçi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 5/24, 8 saylı mənzilə olan istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək göstərdi ki, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 5/24, 8 saylı mənzili mülkiyyət hüququ üzrə ona məxsusdur. Bu barədə onun adına xx.xx.2013-cü il tarixdə çıxarış verilmişdir. Cavabdeh onun yoldaşının xalasıdır. Cavabdeh bu mənzildə mülkiyyətçinin razılığı əsasında formal qeydiyyata düşmüş, lakin yaşamamışdır. Hazırda cavabdeh onun mənzilindən pasport qeydiyyatından çıxmağa razıdır. Bu barədə razılıq ərizəsi də iddia ərizəsinə əlavə edilmişdir. Cavabdehin həmin mənzildə pasport qeydiyyatında olması ona bir sıra çətinliklər yaradır. Belə ki, o, cavabdehin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalmışdır. Bununla yanaşı, o, bir mülkiyyətçi kimi öz mülkiyyəti üzərində sahiblik, sərəncam və istifadə hüququnu həyata keçirə bilmir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etdiyini, mənzildən istifadə hüququna xitam verilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Araşırdırılan mübahisədən göründüyü kimi cavabdeh həmin mənzilə mülkiyyətçinin razılığı ilə formal qeydiyyata götürülmüş, həmin mənzildə yaşamamış, həmin mənzildən istifadə etmək imkanını təmin edən notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə, eləcə də ev sahibi ilə arasında bağlanmış yazılı razılaşma yoxdur, cavabdehin həmin əmlakdan istifadə edə bilməsi üçün, yəni istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi əsas yaranmamışdır. Qanunvericiliyin tələbinə görə məhkəmə hesab edir ki, araşdırılan mübahisə üzrə cavabdehin mənzilə istifadə hüququnun olmadığı müəyyən edildiyindən bu hüquqa xitam verilməsi məsələsindən söhbət gedə bilməz. Odur ki, ümumi məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya izah edilməlidir ki, razılıq ərizəsi ilə mənzilə qeydiyyata alınmış cavabdehin həmin mənzildə qeydiyyatı mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Bu baxımdan iddiaçı cavabdehin qeydiyyatdan çıxarılması üçün müvafiq səlahiyyətli orqana müraciət etməli, ona imtina edildikdə isə səlahiyyətli subyektin imtinası barədə inzibati məhkəmə icraatı qaydasında mübahisə qaldıra bilər. MPM-in 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5882/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5882/2020
03.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver