Məhkəmə qərarları › İş №2(060)-5899/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5899/2024

04.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5899/2024 04.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “X3” Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil2 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı-cavabdeh “X3” Mənzil Tikinti Kooperativinin cavabdeh-iddiaçı Cavabdeh1 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair” və cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçıcavabdeh “X3” Mənzil Tikinti Kooperativinə qarşı “mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması tələbi” barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddiaçı “X3” Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında mövcud söküləcək 16/19 nömrəli yaşayış binasında Cavabdeh1 məxsus 1 nömrəli mənzilin əvəzinə MA seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmiş 60 kv.metr sahəsinə 11 kv.metr sahə əlavə edilib yeni tikilən binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 400 manat kirayə haqqı ödənilməklə, digər Cavabdeh2 isə oııa məxsus 4 nömrəli mənzilin əvəzinə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmiş 42 kv.metr sahəsinə 9 kv.metr əlavə edilib yeni tikilən binada sahəsi 51 kv olan 1 otaqlı, təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 350 manat kirayə haqqı ödənilməklə köhnə binanın sökülüb, ərazinin təmizlənməsinin iddiaçı "xxxx"MTK-ya həvalə edilməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən 16/19 nömrəli binadan cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı “X3” Mənzil Tikinti Kooperativi iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh1 MA seriyalı, ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçı “X3” Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilin əvəzinə “X3” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh1 verilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 4cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək iddiaçı “X3” Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh1 hər ay cəmi 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, cavabdeh “X3” Mənzil Tikinti Kooperativinin ona qarşı iddiasını rədd etməklə ona mülkiyyət hüquqlarına cavabdeh tərəfindən edilmiş qanunsuz müdaxilələrə son qoyulması, Sumqayıt şəhəri, 4cü məhəllədə yerləşən 16/19 saylı evin əvvəlki vəziyyətə qaytarılması, sökülmüş dam örtüyünün bərpası və həmin binaya giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində “Pilot” layihə çərçivəsində "xxxx" Mənzil Tikinti Kooperativinə mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərin ümumi sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasınm layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamı ilə AR “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə “ X3” MTK-ya icarə qaydasında 5.58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5.58 ha torpaq sahəsinə və Bələdiyyə Mülkiyyətində olan 2.99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən verilmiş Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında xx.xx.2021- ci il tarixli texniki rəydə qeyd olunmuşdur ki, yaşayış binalarının istisma yol verilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti norma və qaydalarına, şəhəri ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən yaşayış binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan ünvanda yerləşən 16/19 nömrəli binanın 1 nömrəli mənzilinin sahibi Cavabdeh1 və həmin binanın 4 nömrəli mənzilinin sahibi Cavabdeh2 adlı şəxslər "xxxx" MTK-nın bütün təkliflərindən imtina edərək mənzillərinin MTK-nın sərəncamına verilməsi müqavilində qat-qat yüksək məbləğlərdə pul vəsaitlərinin onlara ödənilməsini tələb edirlər. Məsələn Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən 1 nömrəli mənzilin mülkiyyətçisi olan Cavabdeh2 oğlu Nümayəndə2 MTK-nın rəhbərliyinə ərizə ünvanlayaraq paralimpiyaçı olmasını, idman ustası olmasını nəzərə alaraq ona ümumi sahəsi 42 kv.metr olan mənzilinə görə 250000 manat (mənzilinin 1 kv.mteri üçün 5952 manat), digər Cavabdeh1 isə 60 kv.metr sahəsi olan mənzilinə görə 240000 (mənzilin 1 kv.metri üçün 4000 manat) manat vəsait ödənilməsini tələb etmişdir. Həmin şəxslərə tələb etdikləri vəsaitlərin real bazar qiymətlərinə uyğun olmaması və tələb olunan məbləğlərin ödənilməsinin mümkünsüzlüyü onlara izah olunsa da onlar təkidlə tələb olunan məbləğlər onlara ödənilmədiyi təqdirdə mənzillərini təhvil verməyəcəklərini bildirmişlər. Bir sözlə həmin şəxslərlə hər hansı razılığa gəlinməsi mümkün olmamışdır. Nəzərə alınsa ki, ilkin mərhələdə 2 binanın tikintisi üçün nəzərdə tutulmuş müddət binanın özül işlərinə başlanmasından etibarən 24 ay nəzərdə tutulmuşdur və artqı söküləcək binalarda kifayət qədər mülkiyyətçi ilə razılıqlar əldə olunmuşdur, qeyd olunan şəxslərin MTK ilə razılığa gəlməkdən imtina etməsi mənzillərini MTK-ya təhvil verən mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozur. Yuxarıda qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd sözügedən ərazidə yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir ki, bu da ilk növbədə onlar üçün həyatı vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyriqənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmədə iddiaçı-cavabdehin nümayəndəsi Vəkil2 eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, yaşadığı bina heç vaxt qəzalı vəziyyətdə olmamış, yalnız cavabdehlər bu binada yaşayan bütün sakinlərlə razılaşmadan burada söküntü işlərinə başladıqdan sonra binanı yaşayış üçün yararsız bir hala salmışlar. Halbuki bu binada onların da əmlakları vardır və cavabdehin onları mülkiyyətçi olaraq razı salmadan söküntü işlərinə başlaması onun və ailə üzvlərinin hüquqlarının pozulması deməkdir. Bundan başqa bütün şərtlərin cavabdeh tərəfindən onlara diktə edilməsi də müqavilə azadlığı prinsiplərinə ziddir, cavabdeh onun yeganə yaşayış yeri olan mənzilini sökür və əvəzində özünün tikdiyi binadan ona az bir artımla mənzil verir, halbuki bu razılaşma yalnız qarşılıqlı qaydada ola bilər ki, onlar da onun tikdiyi binadan mənzil almağa razılıq verməmişlər. Kompensasiya məbləğinə gəldikdə isə mənzilin yerləşdiyi yer və mənzilin vəziyyəti, aparılmış əlavə artırmalar bir mənzildə yaşayan ailələrin sayı da nəzərə alınmaqla tərəflərindən müəyyən bir kompensasiya məbləği təklif olunmuş, lakin cavabdeh bu təklilləri qəbul etməmiş və aralarında qarşılıqlı razılaşmanın əldə edilməməsinə baxmayaraq binada söküntü işləri aparmaqla həmin binanı və yaşadıqları otaqları qəzalı vəziyyətə gətirmiş və binanın dam örtüyü sökülmüşdür. Cavabdeh bu qanunsuz əməllərindən Sumqayıt şəhər İcra hakimiyyətinə şikayət etmiş və verilmiş rəsmi cavab məktubunda icra başçısının müavini bildirmişdir ki, binanın sökülməsi işləri yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılıq əldə edildiyi halda aparıla bilər. Lakin belə bir razılığın onunla və ondan başqa bir çox sakinlərlə əldə edilməməsinə baxmayaraq cavabdeh söküntü işlərini aparmış və bu da onların öz evlərində rahatlıqlarını pozmuş, yaşadıqları binanın qəzalı və təhlükəli bir vəziyyətə düşməsinə səbəb olmuşdur. Əvvəlki vəziyyətlə hazırki görünüş arasında olan fərq də cavabdehin bu ərazidə törətdiyi qanunsuzluqlara sübutdur. Bu hərəkət nəinki mülkiyyət hüququna, bir vətəndaş olaraq onların və ailə üzvlərinin yaşayış hüququna müdaxilədir və bu müdaxiləyə son qoyularaq ev əvvəlki vəziyyətinə qaytarılmalı, dam örtüyü bərpa olunmalı və həmin binaya giriş-çıxışa qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır. Qeyd olunanları nəzərə alaraq, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh-iddiaçının nümayəndəsi Vəkil1 ilkin iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, iddia ərizəsi tam əsassız və qanunsuzdur. Cavabdehin mülkiyyətinə yalnız kompensasiya ödənilərək dövlət tərəfindən, dövlət əhəmiyyətli müstəsna hallarda xitam verilə bilər. Hazırda isə özəl bir şirkət cavabdehin mülkiyyət hüququna qəsd edir. Cavabdehin evi 91 kv.m olmasına baxmayaraq, iddiaçı ona 71 kv.m sahəsi olan ev təklif edir. Həmin mənzilə olan mülkiyyət hüququ dövlət tanınmasına baxmayaraq iddiaçı tərəf hazırda həmin mənzilin mülkiyyətçisi kimi çıxış edir. Qeyd olunanları nəzərə alaraq, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini və cavabdeh-iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, №0339266 saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 1 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azkommunlayihə» KLİ-nin mühəndisləri E.Abdullayev, C.Qurbanov, A.Yusifovun iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında texniki rəydən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış keçirilən ərazidə yaşayış evləri evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilmişdir. Sakinlər tərəfindən tikinti norma və qaydalarına uyğun olmadan yaşayış binasında çoxsaylı artırmalar inşa edilmişdir. Binada inşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olaraq dayanıqlılığına mənfi təsir göstərir. Yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə və mənzillərə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri və yaşayış binası məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində və yaşayış binasında təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evləri və yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin Sumqayıt Bələdiyyəsinin 352 saylı, 03 fevral 2023-cü il tarixli müraciətinə əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsinin ayrılmasına dair xx.xx.2023-cü il tarixli 16 saylı rəyindən görünür ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci hissəsinə əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yaşayış məntəqələri torpaqları katerqoriyasına aid olan çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsi ayrılması məsələsinə Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən baxılmışdır. Ayrılması nəzərdə tutulan torpaq sahəsində mühəndisi kommunikasiya xətlərinin olub-olmaması haqqında məlumat əldə etmək məqsədi ilə çizgidə göstərilən torpaq sahəsi, aiddiyyatı olan müvafiq təşkilatlarla razılaşdırılmışdır. Bütün bunlar nəzərə alınaraq, göstərilən şərtlər daxilində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin MİHO/2.12-2-2022-2411 nömrəli, 16 may 2022-ci il tarixli rəyinə, Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş mövqe planına və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan yerquruluşu, təsərrüfat planına və baş plana uyğun olan 2,1542 hektar torpaq sahəsinin ayrılmasına etiraz etmirlər. İşdə olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən, bələdiyyə mülkiyyətinə aid 2,99 hektar torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılmasına etiraz emirlər. İşə əlavə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli sərəncamından görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 10 ha sahədə Pilot layihə çərçivəsində "xxxx" Mənzil Tikinti Kooperativinə mövcud, istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərinin ümumi yaşayış sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının lahiyələndirilməsinə icazə verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının “Sumqayıt şəhəri ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə qaydasında ayrılması haqqında” xx.xx.2023-cü il tarixli, 202 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" Mənzil Tikinti Kooperativinə icarə qaydasında 5,58 (beş tam, yüzdə əlli səkkiz) ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə müəyyən edir ki, mübahisə ünvan 1 ünvanda yerləşən 1 saylı mənzillə bağlıdır. Həmin mənzil cavabdehin mülkiyyətindədir. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 05 fevral 2021-ci il tarixli, 25 saylı sərəncamı ilə "Mahal Skypark” Mənzil-Tikinti Kooperativinə Suqmayıt şəhəri, 4-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 5,58 hektar torpaq sahəsi ayrılmışdır. Həmin ərazıdəki 16/19 saylı evin 1 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Hazırda iddiaçı 16/19 saylı binanın sökülməsi müqabilində həmin ərazidə tikiləcək binada mülkiyyətçilərə 10-20% artıq yaşayış sahəsi olan mənzillər təklif edir. İddia ərizəsinin məzmunundan və işin faktiki hallarından görünür ki, 1 saylı mənzilin mülkiyyətçisindən başqa binanın digər sakinləri iddiaçı şirkətlə razılaşmış və öz mənzillərini təhvil vermişlər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki,iddiaçı "Mahal Citypark” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onun tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın müqabilində 10-20% əlavə yaşayış sahəsi olan tam təmirli mənzil təklif edir. Bu isə, cavabdehə öz mülkiyyətində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməz. Sumqayıt Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı hal-hazırda qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır. Sərəncamın icrası həm də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən zəruridir. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnəz qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi, ona məxsus yaşayış sahəsinin yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binasının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X1 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir.Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir.Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir.Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir.Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 05 fevral 2021-ci il tarixli, 25 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən mövcud yaşayış tikilillərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi "xxxx" MTK-nə həvalə edilmişdir. 16/19 saylı binada yaşayan digər mülkiyyətçilərdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 10-20% artıq sahəsi olan təmirli yaşayış sahəsi təklif edən "xxxx" ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu suiistifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırkı halda müəyyən edilir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Cavabdeh iddiaçı "Mahal Skypark” MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir. Belə ki,ona mülkiyyətində olan mənzilin yaşayış sahəsindən 10-20% əlavə yaşayış təklif olunur. Həmçinin kirayə haqqının ödənilməsi, Konstitusiya Məhkəməsinin qərarlarında (25 b) bəhz olunan mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsaslardan biri kimi çıxış edir. Buna baxmayaraq o, ədalətli hesab oluna biləcək bu təkliflə razılaşmayaraq daha çox yaşayış sahəsi tələb edir. Məhkəmə hesab edir ki, hüquqdan sui-istifadəyə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-240 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. Cavabdeh1 MA seriyalı, ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilsin. Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzildən çıxarılmaqla, həmin mənzil boşaldılsın və iddiaçı “X3” Mənzil Tikinti Kooperativi tərəfindən sökülsün. Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilin əvəzinə “X3” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh1 verilsin. Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək iddiaçı “X3” Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh1 hər ay cəmi 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçı-cavabdeh “X3” Mənzil Tikinti Koperativinə qarşı “mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması tələbi” barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh1 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar