Məhkəmə qərarları › İş №2(060)-590/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-590/2024

13.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-590/2024 13.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) “xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, yataqxana 3, otaq 10 ünvanından çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən SKZ-nun 3 saylı yataqxanası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 19 noyabr 2007-ci il tarixli, 377 saylı sərəncamı ilə MKTİB-nin balansına verilmişdir. X5 2020-ci ildə Birliyin balansında olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, yataqxana 3, otaq 10 ünvanını başqa vətəndaşdan almışdır. Lakin, G.Mustafayevanın dediyinə görə səhhəti ilə əlaqədar Türkiyəyə getmiş, müalicəsi bitdikdən sonra qayıdarkən otağının keçmiş gəlini Cavabdeh tərəfindən zəbt edildiyini görmüşdür. O, Cavabdeh dəfələrlə otağı boşaltması barədə xəbərdarlıq etsə də o, otağı boşaltmamışdır. Cavabdeh MKTİB-nə dəvət olunarkən iddiaçının oğlundan boşandığı üçün otağı ona aliment borcu müqabilində verdiklərini bildirmişdir. Lakin o, bu barədə heç bir hüquqi sənəd təqdim etməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Hüseyn Həsənovun iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsini qeyri-obyektiv hesab edir və bildirir ki, əgər MKTİB mənzildən onu çıxartmağa cəhd edirsə və mənzilin Mustafayeva Güləmbər tərəfindən başqa şəxsdən alındığını qeyd edirsə hansı səbəbdən cavabdeh kimi ancaq onu qoymuş, Güləmbər cavabdeh kimi cəlb etməmişdir. Digər tərəfdən MKTİB-dən Güləmbərin bu işdə marağı yoxdursa hansı səbəbdən Güləmbər Mustafayeva cavabdeh və şahid qismində cəlb edilmədiyi halda məhkəməyə gəlir və məhkəmə zalında oturur. Onu da qeyd edir ki, Mustafayeva Güləmbər bir gün də olsun həmin mənzildə yaşamamışdır. O, Türkiyədə yaşamışdır. O, mənzilin qapısını sındırıb zorla oranı zəbt etməmişdir. Həmin mənzil keçmiş həyat yoldaşı Zeynalov Rahib tərəfindən ailə qurduqdan sonra başqa şəxsdən alınmışdır. Bu barədə qonşular tərəfindən tərtib edilmiş və 21 saylı MKS-nin rəisi tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli 1 aktı və xx.xx.2024-cü il tarixli 2 aktı məhkəməyə elektron qaydada təqdim etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, sözügedən yataqxana mənzil Kommunal İstehsalat Birliyinin balansındadır. Mənzil Məcəlləsinin 91-ci maddəsində qeyd olunur ki, onu satmağa, dəyişməyə, bağışlamağa icazə verilmir. Ona görə də yataqxana dövlətin mülkiyyətinə qaytarılmalıdır. Mənzil order əsasında başqa bir qadına ayrılmışdır. MİS-ə zəng etmiş, lakin həmin şəxsi tapa bilməmişlər. Həmin şəxsin iş üçün hər hansı bir əhəmiyyəti yoxdur. Orderdə də göstərilmişdir ki, müəssisədə işlədiyi müddətdə xüsusi təyinatlıdır. Müəssisədən çıxan kimi yataqxana dövlətə verilməlidir. Həmin sistemdə 30-40 ildir ki, işləyir. Onların balansında yataqxana çox olduğu üçün hansı yataqxananın kimə verildiyini, satıldığını bilə bilmir. Vətəndaş İcra Hakimiyyətinə ərizə vermiş və qəbula daxil olmuşdur. Vətəndaş ərizə verdikdən sonra məlumatları olmuşdur. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, 2016-cı il tarixdə boşanmış və 2019-2020-ci il tarix aralığında bir araya gəlmişlər. X2 oğlunun adına ev alınmış, lakin onlar yaşamışlar. O heç bir qapı qırmamışdır. Açar verilmiş və yoldaşı ilə bərabər daxil olmuşdur. Mənzil yoldaşına məxsusdur. Belə ki, yoldaşı özü almışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, Mənzurənin telefon nömrəsi onlarda vardır. Əgər lazım olsa məhkəməyə verilər. Məhkəmə də həmin şəxsi iclasa çağırar. Cavabdeh üçüncü şəxsin oğlundan boşandıqdan sonra xanım iddiaçıya yaxınlaşmış, iddiaçı da onun tələbi üzrə gəlmişdir. Mənzil üçüncü şəxsin oğlunun adına alınmışdır. Əri ilə birlikdə köçmüş və 2020-ci il tarixdən orada yaşayırlar. X2 orada yaşaması barədə arayış verilmişdir. Lakin onlar orada deyil, 9-cu mikrorayon ərazisində öz evlərində yaşamışlar. Daha sonra onu kirayəyə vermiş, satmış və köçmüşlər. Əgər mənzil İB-nə məxsusdursa həmin mənzilin üçüncü şəxsə aid olması barədə arayış necə verilir? Məhkəmə iclasında mübahisə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında bildirdi ki, Mənsurə xanımın və Elşad məllimin vasitəsi ilə pulu vermiş, qol çəkdirmiş, arayış verilmiş və ASAN xidmət orqanlarında işıq, qaz və suyu öz adına keçirtmişdir. 2020-ci il tarixdə, alınan gündən öz adına keçirtmişdir. Hal-hazırda da rəsmi olaraq onun adındadır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid X29 ifadəsində bildirdi ki, 2021-ci il tarixdən ikinci mərtəbədə kirayə yaşayır. Xəzəli tanıyır. Belə ki, qapı qonşusudur. 2021-ci il tarixdə o getdikdən sonra Xəzəl xanım gəlmiş və iki övladı ilə ünvanda yaşamışdır. Heç bir qapı qırma hadisəsi olmamışdır. Qapını normal şəkildə açmış, daxil olmuş və yaşamışdır. Halhazırda da yaşayır. Hər hansı mübahisənin şahidi olmamışdır. Yoldaşının orada yaşadığını görməmişdir. Məhkəmə iclasında şahid X23 ifadəsində bildirdi ki, Xəzəli tanıyır. Həmin ünvanda otuz səkkiz ildir ki, yaşayır. Xəzəl xanım 2021-ci il tarixdən həmin ünvana uşaqları ilə birlikdə köçmüşdür. Yaxın qonşudurlar. Mənzili qaynanası vermişdir ki, nəvələri ilə birlikdə yaşasın. Xəzəl xanımdan əvvəl Elşad bəy yaşamışdır. Onlar evi xanıma satmışlar. Xanım demişdir ki, evi oğluna alır. Daha sonra oğlu ailəsi ilə birlikdə yaşayacaqdır. Aliment verilmədiyi üçün qarşılığında açar verilmişdir ki, övladları ilə birlikdə yaşasın. Məhkəmə iclasında şahid X16 ifadəsində bildirdi ki, 2020-ci ilin əvvəlindən yataqxanada yaşamışdır. X13 onun həyat yoldaşıdır. Yaşadıqları yataqxanada onlardan əvvəl sakin olmuşdur. Ondan almışlar. Akif adlı şəxsdən 16-17 il öncə almışdır. Mənzildən çıxmağına səbəb isə o olmuşdur ki, başqa yerdə ev tikdiyi üçün pul lazım olmuşdur. Mənzili o Gülbəhər xanıma satmışdır. Həmin xanım pulu verərək mənzili almışdır. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi ikinci Polis Bölməsinin vətəndaş X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətə cavabından görünür ki, qeyd edilən xüsusatlar ilə əlaqədar aidiyyatı üzrə məhkəmə orqanına müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 1300 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi SKZ-nun 3 saylı yataqxana otaq 10, sahəsi 17.60 m2 ünvanda 2014-cü il tarixdən X5 yaşamış və ünvan ona məxsusdur. Qeyd olunan ünvanda X2 gəlini Cavabdeh Əmralı qızı, dediyinə görə qaynanası boşanmış, aliment almadığı üçün həmin ünvanda ona yaşamağına icazə vermişdir. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 yanvar 2014-cü il tarixli, AZ-İ seriyalı, 185787 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 Xəzəl Əmrah qızı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2014-cü ilin yanvar ayının 09-cu günündə 006 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Zeynalov soyadı verilmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 52 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi SKZ-nun 3 saylı yataqxana otaq 10, sahəsi 17.60 m2 ünvanda 2020-ci il tarixdən X5 yaşamış və ünvan ona məxsusdur. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 15 avqust 2023-cü il tarixli, 59 nömrəli X31 haqqında əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”-nin 4.1.8-ci bəndinə uyğun olaraq X17 2023-cü il 15 avqust tarixindən Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi vəzifəsinə təyin edilməsi əmr edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə 17 dekabr 2007-ci il tarixli, 18 nömrəli əmrindən görünür ki, Sumqayıt şəhər, İcra Hakimiyyəti Başçısının 19 noyabr 2007-ci il tarixli 377 nömrəli sərəncamı ilə, özəlləşdirilən dövlət müəssisələrinin (birliklərin), ləğv olunmuş dövlət şirkətlərinin və konsernlərin balansında olmuş yataqxanalar qeyri-yaşayış sahələri istisna olmaqla) birliyin balansına verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 19 noyabr 2007-ci il tarixli 377 nömrəli sərəncamına əlavədə göstərilmiş yataqxanaların birliyin balansına qəbul edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 218 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, SKZ-nun 3 saylı yataqxana, mənzil 10 ünvanında qeydiyyatsız yaşayır. ünvan 4 2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2492/2008 saylı, 29 avqust 2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarınını artırılması, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Zeynalov X6 iddiaçı Cavabdeh X24 xeyrinə, 18 dekabr 2003-cü il təvəllüdü Cavabdeh X21 və 27 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh X18 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə 16 dekabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrum Rüstəmov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8962/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrum Rüstəmov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın surətindən görünür ki, icra zamanı tələbkar Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək icra sənədinin “İcra Haqqında” AR qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılmasını xahiş etmişdir. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8962 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilmədən geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal sahəsinin 2622 nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, X29, X32 və X22 aktı tərtib etmişlər. Ondan ötəri ki, həqiqətəndə qonşuları Cavabdeh, SKZ-nun 3 saylı yataqxana otaq 12-də 2021-ci il tarixdən yaşayır. Həqiqətən də ünvana qapını qırmadan daxil olub yaşamış və yaşadığı müddətdə otağı təmir etdirmişdir. X29, X32 və X22 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən də qonşuları Cavabdeh, SKZ-nun 3 saylı yataqxana otaq 10-da iki övladı ilə birlikdə 2021-ci il tarixdən qeydiyyatsız yaşayır və həqiqətən də ünvana qapını qırmadan daxil olub yaşamış və yaşadığı müddətdə otağı təmir etdirmişdir. X29, X19 və X33 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən də qonşuları Cavabdeh, SKZ-nun 3 saylı, yataqxana otaq 10-da iki övladı ilə birlikdə qeydiyyatsız 2021-ci il tarixdən yaşayır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 19 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi Sumqayıt Kompressorlar Zavodunun 2 saylı yataqxana otaq 10-u, 2019-cu il tarixdən onların xəbəri olmadan X5, X8 almışdır. Otağı heç bir hüquqi sənədi yoxdur. Hal-hazırda Gülbəhər xanımın keçmiş gəlini həmin ünvanda övladları ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 1506 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X5 SKZ-nun üç saylı yataqxana otaq 10-da yaşayır. Mənzil xx.xx.2020-ci il tarixdən adına qeydə alınmışdır. Kod **********04089-dur. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 1090 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 SKZ-nun 3 saylı yataqxana, otaq 10-nu 2020-ci il tarixdə X9 alınmışdır. Azərişıq ASC tərəfindən verilmiş bildirişdən görünür ki, X2 adına açılmış **********04089 nömrəli hesabda borcun olmadığı barədə qeyd aparılmışdır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 914 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5, həqiqətən də Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən SKZ-nun 3 saylı, yataqxana 10-da yaşamış və 21 saylı MKS-də onun adına qeydə alınmışdır. xx.xx.2020-ci il tarixli əlyazmadan görünür ki, X1 Əfqan Lətif oğlunun iştirakı ilə X15 min manat pul vermişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 22 nömrəli, xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, SKZ-nun 3 saylı yataqxana, mənzil 10 ünvanının heç bir hüquqi sənədi yoxdu. Ünvanda hal-hazırda qeydiyyatsız Cavabdeh yaşayır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən SKZ-nun üç saylı yataqxanası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 19 noyabr 2007-ci il tarixli, 377 saylı sərəncamı ilə MKTİB-nin balansına verilmiş və hal-hazırda Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. İddiaçının iddia etdiyinə Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh iddiaçı tərəfindən dəfələrlə otağı boşaltması barədə xəbərdarlıq edilsə də cavabdeh otağı boşaltmamışdır. Məhkəmə iclasında iştirak edərək cavabdehin işin mübahisə edilən halı olaraq mənzilə heç bir hüquqi əsas olmadan köçməsi Mənzil Məcəlləsinin tələblərini pozaraq, qanunvericiliyin tələblərinə əsasən iddiaçının hüquqlarını pozmaqla, iddia tələbinin hüquqi əsasının özlüyündə əsaslı olması qənaətinə gəlməyə imkan verir. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, sərəncamın qüvvədə olduğu təqdirdə, iddia tələbinin əsaslılığını şübhə altına alan, həmçinin cavabdehin etirazının dəlilləri öz təsdiqini tapmır. Bununla bərabər, cavabdehin ailment borcunu əvəzlənərək mənzilə köçməsinə istinad edərək etiraz etsədə, onun etirazın dəlillərinin heç bir əsası olmamışdır. Həmçinin qeyd olunanlar, iddiaçının iddia qaldırmaq hüququndan məhrum etmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. İnsan Hüquqlarının və X20 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın qismən təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il qeyd olunur ki, hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Belə ki, Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsininin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 153.2ci maddəsinə əsasən qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsubolan əmlak dövlət mülkiyyətidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur (17.1.). Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu (17.2.). İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu (17.3.). Xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir (91.1.1). Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir (92). Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən- Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdehin mübahisəli mənzildən çıxarılması barədədir. İşin faktiki hallarından görünür ki, mübahisəsi gedən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, SKZ-nun 3 saylı yataqxanada yerləşən 10 saylı mənzil Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Cavabdeh hazırda mübahisəli mənzildə yaşayır və mənzildən çıxmır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraat zamanı X4 üçüncü şəxs qismində cəlb etmişdir. Əvvəla məhkəmə qeyd edir ki, hazırkı iddiaçı Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Sumqayıt Şəhəri İcra Hakimiyyətinin tərkibinə daxil olduğundan və mənzil Sumqayıt İcra Hakimiyyətinin balansında olduğundan iddiaçı hazırkı iddianı qaldırmaqda haqlıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən SKZ-nun üç saylı yataqxanası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 19 noyabr 2007-ci il tarixli, 377 saylı sərəncamı ilə MKTİB-nin balansına verilmiş və hal-hazırda Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 52 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi SKZ-nun 3 saylı yataqxana otaq 10, sahəsi 17.60 m2 ünvanda 2020-ci il tarixdən X5 yaşamış və ünvan ona məxsusdur. Həmin yataqxananın 10-cu otağında yaşayan Cavabdeh həmin otağa qanunsuz yerləşmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh otağı boşaltmamışdır. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrəbüdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad olan təşkilat olduğundan, iddia isə qiymətləndirilməyən iddia olduğundan Cavabdeh 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 3 saylı yataqxanada yerləşən 10 saylı otaqdan çıxarılsın və həmin otaq boşaldılsın. İddianın verilməsinə görə 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar