Məhkəmə qərarları › İş №2(060)-5901/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5901/2021

09.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5901/2021 09.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, onun nümayəndəsi, vəkil X3, cavabdehlər X6 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh X9 və qeyrilərinə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə, X6 və qeyrilərinin İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) X9, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin Sumqayıt şəhəri, 11-ci mikrorayon, 20 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə, cavabdehlərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 20, mənzil 25 iddiaçının xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 14 saylı reyestr kitabında 26248 nömrəsi ilə 27.08.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. Həmin mənzil iddiaçının mülkiyyətində olsa da, mənzildə iddiaçının qızı X7 ilə yanaşı oğlu X15, nəvəsi Cavabdeh5 və digər nəvəm Cavabdeh6 hələ də həmin ünvanda yaşayır və pasport qeydiyyatında qalmaqdadırlar. Həmçinin digər cavabdehlər oğlu Cavabdeh2, gəlini Cavabdeh3 və nəvəsi Cavabdeh4 Sumqayıt şəhəri, X28 1 saylı məhəllədə olan mənim mülkiyyətində olan evdə yaşamaqlarına baxmayaraq, onların mənzildə pasport qeydiyyatları qalmışdır. X15 və Cavabdeh2 müqəddəs sayılan ailə münasibətlərini alt-üst edərək, iddiaçını öz evindən qovublar və iddiaçı məcbur olub öz evi ola-ola başqa yerlərdə qalır. İddiaçı birlikdə yaşayan oğlu X15 bir neçə dəfə onu döymüş və bununla bağlı mən aidiyyati üzrə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Cavabdeh Asif Fərzəliyev ilə birlikdə yaşamağı həyat və sağlamlığı üçün təhlükəli olduğundan onunla eyni evdə yaşamaq istəmir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. X15, Cavabdeh2, X16 və X4 qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək X15, Cavabdeh2, X16 və X1 və onların azyaşlı uşaqları Cavabdeh5, Cavabdeh6, X10, Fərzəlizadə Sevgi Qurbanəli qızının və X5 mübahisəli mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olsa da, əvvəlcə dövlət mənzil fonduna aid olmuş və Asif Fərzəliyevin mərhum anası X11 tərəfindən etibarnamə əsasında alınmış, sonradan özəlləşdirilərək, ailə başçısı kimi iddiaçının adına sənədləşdirilmişdir. Mənzil etibarnamə əsasında alınan gündən, təxminən 19 ilə yaxındır ki, ailənin istifadəsində olmuş və bütün ailə üzvləri mübahisəli mənzildə birgə təsərrüfat idarə etməklə yaşamışlar. Sevil Fərzəliyeva 2014-cu ildə vəfat etmişdir. Asif Fərzəliyev 2015-ci ildə Aygün Fərzalıyeva ilə ailə qurmuşdur. Aygün Fərzalıyeva mübahisəli mənzilə gəlin köçmüşdür. Onların üç uşağı anadan olmuşdur. Asif Fərzəliyev və Aygün Fərzalıyeva 2021-ci ilin yanvar ayına kimi mübahisəli mənzildə yaşamışlar. İddiaçı özü qızı X2 ilə evi sataraq mənzil almaq məqsədi ilə dava-dalaş salmış, iddiaçılara mənzildə yaşamağa imkan verməmiş, hətta oğlu Asifi uşaqlarının gözü qarşısında döyərək həyat yoldaşı Aygün Fərzalıyevanın qolundan tutub qapıdan çölə atdığından, Asif Fərzəliyev evdən ailəsi ilə çıxmaq məcburiyyətində qalmışdır. Daha sonra Asif Fərzəliyevə və həyat yoldaşına məxsus bütün əmlaklar mübahisəli mənzildə yerləşməsinə baxmayaraq, iddiaçı mənzili tanımadıqları şəxsə kirayəyə verərək, onları mənzilə buraxmamışdır. Ona görə də onlar məcburiyyət qarşısında qalaraq azyaşlı övladlarımızla qardaşı Qurbanəli Fərzəliyevə məxsus Sumqayıt şəhəri, X27 Massivi, 1 saylı məhəllədə yerləşən sənədsiz fərdi yaşayış evinin bir otağında müvəqqəti sığınacaq tapmışlar. Qurbanəli Fərzəliyev söz-söhbət, dava-dalaş olmasın deyə, bacısına mənzil alınması üçün 12 000 manat atasına pul ödəmiş, atası bacıma, daha doğrusu onun əri X17 adına yataqxanada mənzil alsa da, həmin mübahisə davam etmiş, yəni bacısı ona yataqxana yox, mənzil alınmasını tələb etmişdir. Ona görə də bacım həmin yataqxanada yaşamamış, atam isə qardaşının aldığı yataqxananı kirayəyə vermiş və onları evdən çıxarmışdır. Daha sonra yenidən barışaraq mənzilə qayıtmışlar. Asif Fərzəliyev yeganə yaşayış yerlərinin satılmasına razı olmadığından, söz-söhbətə pul verib ki, bacısına aldığı yataqxananı da satsın, həmin pulu da üstünə pul qoyub bacısına mənzil alsın. Lakin atam bu dəfə də pulu almasına baxmayaraq razılaşmamış, mənzildən çıxmaqlarını, mənzili satacağını, özünə və qızına mənzil alacağını bildirərək evdə davadalaş salmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçdiyi vaxtdan etibarən o, ailə üzvləri ilə 2016-cı ilə kimi həmin mənzildə yaşamışlar. Lakin 2016cı ildən etibarən bütün ailə üzvlərinin qarşılıqlı razılığı ilə Sumqayıt şəhəri, X28 1 saylı məhəllədə (Yaşıl dərə adlanan ərazi) inşa etdirdiyi 3 mərtəbəli fərdi yaşayış evinə yerləşmişlər. Həmin ev 3 mərtəbəli olmaqla 0,06 ha (6 sot) torpaq sahəsində yerləşir. evin uzunluğu 15 metr, eni 12 metrdən ibarətdir. O, həmin evi 2003-ci ildə alıb. Həmin vaxt böyük oğlum olan Cavabdeh1 14 yaşı Qurbanəli Fərzəliyevin isə 10 yaşı var idi. Bu səbəbdən onların guya həmin evin tikilməsində hər hansı formada iştirak etmələri barədə qarşılıqlı iddia ərizələrində bildirdikləri tam əsassızdır. O, istəyirdi ki, mübahisəli mənzili satıb qızı və özü üçün ayrı mənzil alsın və Sumqayıt şəhəri, X28 1 saylı məhəllədəki evdən çıxsın. Lakin, cavabdehlərdən mübahisəli mənzildən qeydiyyatından çıxmağı, Asifdən isə mənzildə qalan bəzi köhnə mebel əşyalarının çıxarılmasını tələb etsə də, onlar buna da əməl etməyiblər. Göründüyü kimi cavabdehlər ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan mənzildən heç də əvəzsiz çıxarılmayıblar. Onlara əvvəlkindən daha şəraitli, daha geniş və daha dəyərli yaşayış sahəsi verilib və onlar artıq bunu qəbul edib 2016-cı ildən həmin evə yaşayırlar. Qeyd edilənlərə əsasən iddiaçı ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə islasında verdiyi izahatında bildirdi ki, iddiaçı cavabdehlərə tam şəraitli yaşayış sahəsi verib. Cavabdehlər hər ikisi “Yaşıl dərə” adlanan ərazidəki üç mərtəbəli evdə ailələri ilə birlikdə yaşayırlar. Bu səbəbdən onların mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacları aradan qalxmışdır. Qeyd edilənlərə əsasən nümayəndə ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, babası rəhmətə gedənə qədər bütün ailə üzvləri mübahisəli mənzildə yaşamışlar. Mərhum anası sağ olanda onlara “Yaşıl Dərə” massivində yerləşən torpaq sahəsini pulla almışdı. Anası vəfat edikdən sonra atası təkid edib ki, “Yaşıl Dərə”də yerləşən evə köçüb yaşasınlar. Lakin razılıq olmayıb. Yaşıl Dərədə yerləşən evdə 2014-cü il tarixindən digər cavabdeh, onun qardaşı Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır. Ev tam şəraitsiz idi. Lakin, qardaşı evi bir qədər təmir etdirib şərait qurub. O isə atası ilə yola getmədikləri üçün mübahisəli mənzildən çıxıb və kirayədə yaşamağa başlayıb. Lakin sonradan mən kirayə ödənişlərini ödəyə bilmədiyi üçün qardaşının yanına köçüb və həmin evin 2-ci mərtəbəsində yaşayır. O ev hal-hazırda da tam təmirli deyil, 6 otaqdan ibarətdir. Evin sənədi yoxdur. Hal-hazırda mübahisəli mənzildə heç kim yaşamır. Lakin, onların əşyaları mənzildə qalıb. İddiaçı həmin mənzili kirayəyə verir. Qeyd edilənlərə əsasən cavabdeh ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh Qurbanəli Fərzəliyev məhkəmə iclasında verdiyi izahatında Cavabdeh1 izahatını təsdiq etdi və bildirdi ki, o hal-hazırda “Yaşıl Dərə” massivində yerləşən evdə yaşayır. Qardaşı isə əlacsızlıqdan onunla birlikdə yaşayır. Qeyd edilənlərə əsasən cavabdeh ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Aytac Fərzəliyeva məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatları dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1965-ci ildə, cavabdeh Asif Fərzəliyev 19.08.1989-cu ildə, Cavabdeh2 isə 19.01.1993-cu ildə anadan olmuşlar. İddiaçı və cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadırlar. 27.08.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzil X12 tərəfindən iddiaçıya satılmışdır. İşdə olan qeydiyyat vəsiqəsinə əsasən mübahisəli mənzil 27 avqust 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına qeydə alınmışdır. 7 saylı Mənzil Kommunal Sahəsinin 04.05.2021-ci il tarixli arayışına əsasən iddiaçı və cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadırlar. İş materiallarına “Yaşıl dərə” adlanan ərazidəki fərdi yaşayış evinin fotoşəkilləri əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Müəyyən edilmişdir ki, mübahisəli mənzil 2003-cü ildə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən alınmışdır. Bu səbəbdən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülkil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır (228.5.). İşdən göründüyü kimi cavabdehlər Cavabdeh1 və Qurbanəli Fərzəliyev iddiaçının övladları olmaqla mübahisəli mənzildə yaşamış və mənzildən istifadə hüququ əldə etmişlər. Cavabdeh Aytac Fərzəliyeva isə iddiaçının razılığı ilə mübahisəli mənzilə gəlin köçmüş və orada yaşamış və bununla da mənzildən istifadə hüququ əldə etmişdir. Halhazırda isə iddiaçı həmin şəxslərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2003-cü ildə mübahisəli mənzili aldıqdan sonra bütün ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışlar. X14 “Yaşıl Dərə” adlı ərazidə yerləşən evə köçmüş və cavabdehlərin bildirdiklərinə görə Cavabdeh1 ailəsi ilə birlikdə mübahisəli mənzili tərk edərək kirayədə yaşamışdır. Daha sonra isə Cavabdeh1 də ailəsi ilə birlikdə “Yaşıl Dərə” adlı ərazidə yerləşən evə köçmüşdür və hal-hazırda orada yaşayır. Mübahisəli mənzildə isə hal-hazırda heç kim yaşamır. Tərəflərin izahatları və “Yaşıl Dərə” adlı ərazidə yerləşən fərdi yaşayış evinin fotoşəkilləri ilə müəyyən edilir ki, həmin ev üç mərtəbəli olmaqla, təmirli və yaşayış üçün tam yararlıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacları aradan qalxmışdır. Belə olan halda isə onların həmin mənzilə istifadə hüquqlarına müvafiq kompensasiya verilmədən xitam verilməsi mümkündür. Bu səbəbdən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 8) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilsin və cavabdehlər həmin mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar