Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5907/2021 14.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə və tələbin dəqiqləşdirilməsi ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs kimi göstərməklə) Sumqayıt şəhər İcra Komitəsi Bağlar Təsərrüfat İdarəsinin 1580 nömrəli icarə müqaviləsinin X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, 22 paralel küçə, məhəllə 9-da qeydiyyatda olan ərizəçi 01.10.2005-ci ildə ölmüş həyat yoldaşı X3 məxsus Corat bağlar ərazisi 2544B ünvanında yerləşən miras əmlakın qəbulu üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 3 saylı Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Həmin mirasın mülkiyyət hüququna dair sənəd olmadığına görə ərizəçiyə Maraqlı şəxsnə müraciət etməyi məsləhət görülmüşdür. Bununla əlaqədar olaraq həmin orqana müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ərizədən imtina olunmuş və imtina məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Corat bağlar massivi ünvanında yerləşən 2544B nömrəli bağ torpaq sahəsinə X2 adına verilmiş Sumqayıt şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfat İdarəsinin 1580 nömrəli icra müqaviləsinin təsdiq olunmuş surəti təqdim olunmuşdur. Arxiv qovluğunda vətəndaş tərəfindən təqdim olunan arayışlarda və Bağlar Təsərrüfat İdarəsinin 27 fevral 1970-ci il tarixli aktında şəxsin soyadı, adı, ata adı X1 qeyd ounmuş, 28 mart 1966-cı il tarixli 1580 nömrəli icarə müqaviləsində şəxsin adı X4 qeyd olunmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, həmin bağ evi onun mərhum həyat yoldaşına məxsus olmuşdur. Həyat yoldaşı vəfat etdikdən sonra həmin evi sənədləşdirmək istəyərkən məlum olub ki, icarə müqaviləsində ərinin adı Sabir kimi qeyd olunub. Bu səbəbdən maraqlı şəxs ona imtina cavabı verib. Qeyd edilənlərə əsasən ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1947-ci ildə, Quba rayonunun Ərməki kəndində anadan olmuş, hazırda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, 22 paralel küçə, məhəllə 9 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnaməyə əsasən ərizəçi ilə X5 arasında nikah 04.03.1964cü ildə bağlanmışdır. İşdə olan 1 saylı Məhəllə Komitəsinin 309 saylı, 18.06.2021-ci il tarixli arayışına əsasən ərizəçi Sumqayıt şəhəri, Corat bağlar massivi ünvanında yerləşən 2544B nömrəli bağ evində qeydiyyatsız yaşayır. 23 oktyabr 2018-ci il tarixli, 1957 nömrəli arxiv arayışında Quba rayonu Amsar kənd Sovetinin 1948-1950-ci illərə aid Alıc-igah kəndi üzrə 2 nömrəli təsərrüfatbaşına kitabda milliyətcə azərbaycanlı X2 1939-cu ildə anadan olduğu qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə X5 01.10.2005-ci ildə vəfat etmişdir. Maraqlı şəxs 07 may 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, arxiv qovluğunda vətəndaş tərəfindən təqdim olunan arayışlarda və Bağlar Təsərrüfat İdarəsinin 27 fevral 1970-ci il tarixli aktında şəxsin soyadı, adı, ata adı X1 qeyd olunmuş, 28 mart 1966-cı il tarixli 1580 nömrəli icarə müqaviləsində şəxsin adı X4 qeyd olunmuşdur. Məhkəmə sorğusu əsasında Maraqlı şəxs tərəfindən Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisində yerləşən 2544B nömrəli bağ sahəsinə dair Sumqayıt şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfat İdarəsinin 1580 nömrəli icarə müqaviləsinin aid olduğu arxiv qovluğunda saxlanılan sənədlərin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Həmin sənədlərin əksəriyyətində ərizəçinin həyat yoldaşının adı “X5” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.5.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İşdən göründüyü kimi ərizəçi Sumqayıt şəhər İcra Komitəsi Bağlar Təsərrüfat İdarəsinin 1580 nömrəli icarə müqaviləsinin X3 məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Qeyd edilən faktın müəyyən edilməsi isə ona yaşadığı bağ evinin sənədləşdirilməsi üçün lazımdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan arayışlar və digər sübutlarla 1580 nömrəli icra müqaviləsinin ərizəçinin mərhum həyat yoldaşı X3 məxsus olması təsdiq edilir. Qeyd edilən faktı təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən ərizə təmin edilməli, qeyd edilən icarə müqaviləsinin X3 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhəri, Corat bağları massivi, 2544B nömrəli bağ sahəsinə dair 28 mart 1966-cı il tarixli, 1580 saylı icarə müqaviləsinin 01 oktyabr 2005-ci il tarxində vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin faktlar üzrə müvafiq sənədləşmənin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5907/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5907/2021
14.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver