Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5948/2022 26.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 09 sentyabr 2020-ci il tarixdə 561 № ilə rəsmi nikaha daxil olmuşlar. Onun heç bir razılığı olmamış, nikah bağlandıqdan sonra ona bu nikahın formal və etibarsız olması ona məlum olmuşdur. O, cavabdehlə ailə həyatı qurmaq istəməmiş, valideynləri ona güc tətbiq etdikdən sonra məcbur qalaraq nikah münasibətlərinə daxil olmuşdur. Valideynlərinə dəfələrlə xəbərdarlıq etsə də, ona heç bir məhəl qoymamışlar. Formal nikaha daxil olduqdan bir müddət sonra qarşı tərəfin də bu evliliyə razı olmadığını və onu da valideynlərinin məcbur etdiyini başa düşmüşdür. Cavabdeh onunla birlikdə yaşamaq istəmir. Nikaha daxil olandan sonra valideynləri ilə birlikdə qalmışdır. Onlar bir ailə olaraq bir gün belə birlikdə yaşamamış, birgə təsərrüfat idarə etməmişlər. Bütün baş verənlərdən sonra o, ağır depressiya keçirmiş, səhhətində ciddi problemlər yaranmışdır. Valideynlərinə bu evliliyin formal olduğunu və heç vaxt birlikdə ailə ola bilməyəcəklərini dedikdən sonra onlar da razılaşmışlar. Onların toyları da olmamışdır. Bütün bunları qarşı tərəf də təsdiq edə bilər. Hesab edir ki, onların nikahı etibarsız sayılmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli niahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, tərəflər öz istəkləri olmadan valideynlərinin təkidi ilə rəsmi nikah qeydiyyatından keçmişlər. Pandemiya dövrünə düşdüyü üçün onların toyu olmamış, birlikdə yaşamamış və təsərrüfat idarə etməmişlər. Nikah qeydiyyatından keçdikdən bir neçə ay sonra, təxminən 2021-ci ilin fevral-mart ayında ilk öncə cavabdeh nikahın etibarsızlığı ilə bağlı iddia qaldırmış, lakin İddiaçı qeydiyyatı Masallı rayonu olduğu üçün geri qaytarılmışdır. Daha sonra İddiaçı hazırki iddia tələbi ilə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. Əvvəldən hər iki tərəfin bu nikaha razılığı olmamışdır. Hesab edir ki, iddia tələbi əsaslıdır. Bunu şahid ifadələri də təsdiq edəcəkdir. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul edir. Belə ki, iddiaçı onun ana tərəfdən uzaq qohumudur. Bu səbəbdən valideynləri aralarında danışaraq onların adından qərar vermişlər. Əvvəldən həm o, həm də iddiaçı bu nikaha razı olmamışdır. Valideynlərinin təkidi ilə aralarında telefon danışıqları olmuşdur. Bu zaman da özünü ali təhsilli, cavabdehin isə ali təhsilsiz olduğundan dünyagörüşlərinin də üst-üstə düşməməsi və bir-birlərinə uyğun olmadıqları onlara məlum olmuşdur. Pandemiya olduğundan nişan və toy mərasimləri olmamışdır. İddiaçının ailəsi tərəfindən üzük göndərilsə də, o, həmin üzüyü taxmamışdır. Uzun müddətdir ki, ailəsinə təkid edərək bu evliliyin baş tutmayacağını bildirmişdir. Sonda onlar da buna razı olmuşlar. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında bildirdi ki, Rafiq onun kiçik qardaşıdır. Cavabdeh isə qohumlarıdır. Onların anaları dayı-bibi nəvəsidir. Ailələr birbirlərini tanıdığına və qohum olduqlarına görə uşaqlar tanış olmasalar da, ailələr bu nikahın baş tutmasını istəmişlər. Tərəflərin toy mərasimi keçirilməmişdir. Ailə basqısı var idi, lakin onların xasiyyətləri uyğun gəlməmişdir. Qardaşı əvvəldən bu nikahı istəməmiş, həmçinin cavabdeh də razı olmamışdır. Nikah yalnız kağız üzərində olmuş, onlar bir gün belə birlikdə yaşamamışlar. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında bildirdi ki, Nəzrin onun qızıdır. İddiaçı ilə ata tərəfdən qohumdurlar. Atasının bibisi nəvəsidir. Onlar ailəni tanıdıqlarına görə tərəflərin ailə qurmaqlarını istəmişlər. Qızı bu nikahı istəməmişdir. Sonradan iddiaçının da bu evliliyə razılığının olmadığı onlara məlum olmuşdur. Ailələr arasında tanışlıq olmuş, üzük gətirilmişdir. Qızı üzüyün geri qaytarılmasını istəsə də, o, atasına görə bunu etməmişdir. Üzük evdə taxılmış, nişan mərasimi keçirilməmişdir. Həmçinin toy olmadığından onlar heç vaxt birlikdə yaşamamışdır. Əvvəllər nişanın atılmasını istəməsə də, qızı çox təkid etmiş, hətta özünü öldürəcəyini bildirmişdir. Bundan sonra nişan atılmışdır. Tərəflər arasında nikahın bağlanmasında onun da səhvi var. Hesab edir ki, qızı razı olmadığı halda bunu etməməli idi. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişdir. İlkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərcini İddiaçı ödəmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 396847 nömrəli nikah haqqında şəhadətnamənin əslindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı nikah evi Səadət Sarayında 09 sentyabr 2020-ci il tarixdə 561 nömrəsi ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 09 sentyabr 2020-ci il tarixdə 561 saylı akt qeydi ilə rəsmi nikah bağlamışlar. Tərəflər bu nikahın formal xarakter daşıdığını, əvvəldən bu nikah razı olmadıqlarını, pandemiya vaxtı ailələri qohum olduğu üçün onların təkidi ilə nikah qeydiyyatından keçdiklərini, nişan və toy mərasimlərinin keçirilmədiyini, birlikdə yaşamadıqlarını və bu əsasla nikahın etibarsız hesab edilməli olmasını iddia edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 3.0.2-ci maddəsinə görə ailə münasibətləri qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulmasıdır. 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə şərh olunan işin hallarına ifadə olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Qanunvericilik göründüyü kimi nikahın etibarsızlığını o cümlədən tərəflərin niyyəti ilə əlaqələndirərək, belə bir niyyətin olmamasından asılı etmişdir. İşin hallarından müəyyən edildi ki, tərəflərin nikah bağlayarkən niyyəti ailə qurmağa yönəlmişdir. Odur ki, məhkəmə iddia tələbini əsassız hesab edir. Cavabdehin iddianı etrafına gəlincə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddianın etiraf edilməsini qanunazidd hesab edir və qəbul etmir. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı nikahın ailə qurmaq məqsədilə deyil, görünüş üçün bağlanması faktını məhkəmədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM 217.3, 217.4, 218.3-cü maddələri). Ədalətli məhkəmə baxışı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işüzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1- ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia sübut yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM 119.1-ci maddəsi). İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233- cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5948/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5948/2022
26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver