Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5948/2024 24.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı işə bərpa tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2024- ci il tarixli, 46 nömrəli əmrin ləğv edilməsi, onun Sumqayıt şəhər H.Aslanov adına 22 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər H.Aslanov adına 22 nömrəli tam orta məktəb tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “e” bəndinə əsasən iddiaçıyla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-ci il tarixli, 46 nömrəli əmr verilmişdir. Əsas olaraq İddiaçı izahatı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-36/2- 604/2024 nömrəli məktubu və məktəb üzrə Həmkarlar Komitəsinin 8 aprel 2024-cü il tarixli, 6 nömrəli protokolunun qərarı göstərilmişdir. İddiaçı qeyd edir ki, iddiaçı həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevə tərəfindən Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin direktoru Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 00/TQC-01-145 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən bildiririk ki, Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi İddiaçı Mais qızının xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi halda ona Nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumat əsasında Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində xx.xx.2022-ci il tarixdə keçirilən sertifikasiya imtahanında İddiaçı yerinə digər şəxsin imtahanda iştirak etdiyi və 40 bal topladığı məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri gözlənilməklə Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə uyğun olaraq ləğv edilməsi və həmin məktəbin direktor müavini X1 barəsində müvafiq intizam tənbehinin görülməsi ilə bağlı zəruri tədbirlərin icra edilməsi tapşırılırmışdır. Bununla bağlı iddiaçı bildirir ki, o şəxsən özü sertifikasiya imtahanında iştirak edərək, imtahandan keçmişdir. Həmin məktubda qeyd olunanlar əsasssızdır. Cavabdeh xx.xx.2024-cü il tarixli iddiaya etirazla müraciət edərək, İddiaçı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbində (bundan sonra mətndə Məktəb) əmək fəaliyyətinə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul olunmaqla başlamışdır. İddiaçının xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi halda ona Nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumat əsasında Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində 30 avqust 2022-ci il tarixdə keçirilən sertifikasiya imtahanında İddiaçı yerinə digər şəxsin imtahanda iştirak etdiyi və 40 bal topladığı məlum olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2021-ci il 05 may tarixli F- 207 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının Əsasnaməsi”nin 3.1.12-ci yarımbəndi və 6.8-ci bəndinə əsasən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası xx.xx.2024-cü il tarixli, TSŞQ-01 nömrəli qərarı ilə İddiaçı Mayıs qızının sertifikatlaşdırma nəticəsini ləğv etmişdir. İddiaçıdan əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar izahatı alınarkən o, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş sertifikatlaşdırmada iştirak etməyərək öz əvəzinə başqa şəxsi imtahana göndərməsi faktını etiraf etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Xızı Regional Təhsil İdarəsinə 00/TQC- 01-145 nömrəli, xx.xx.2024-cü il tarixli təqdimat ünvanlamışdır. Həmin təqdimatda aşağıdakılar qeyd edilmişdir. “Bildiririk ki, Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbin müəllimi İddiaçı Mais qızının xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi halda ona Nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumat əsasında Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 30 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya imtahanında İddiaçı yerinə digər şəxs imtahanda iştirak etmiş və 40 bal toplamış, bu da öz növbəsində təhsilverənlərin sertifkatlaşdırılması prosesinə təsir etmiş, müəllim adına və nüfuzuna ziyan vermişdir. Qeyd edilənləri nəzərə alaraq, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq ləğv edilməsi, Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin direktor müavini X1 barəsində müvafiq intizam tənbehi görülməsi, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X3 barəsində müvafiq intizam tənbehi görülməsi tapşırılmışdır. Sözügedən təqdimata əsasən Abşeron-Xızı Regional Təhsil İdarəsi məktəbə xx.xx.2024-cü il tarixli, 3-29-36/2-604/2024 nömrəli təqdimat ünvanlayaraq, Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi İddiaçı Mais qızının xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi halda ona Nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumat əsasında Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparıldığını, araşdırma nəticəsində 30 avqust 2022-ci il tarixdə keçirilən sertifikasiya imtahanında İddiaçı yerinə digər şəxsin imtahanda iştirak etdiyi və 40 bal topladığının məlum olduğu, qeyd olunanların nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri gözlənilməklə Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq ləğv edilməsi məktəbə tapşırılmışdır. Məktəbin xx.xx.2024-cü il tarixli, 46 nömrəli əmrinə əsasən iddiaçının etirafedici izahatı və Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli, 06 nömrəli qərarı nəzərə alınaraq, iddiaçı ilə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddənin “e” bəndinə uyğun olaraq ləğv edilmişdir. İddiaçı əmrlə tanış edilərək, əmr barədə qeyd işlənilməklə əmək kitabçası ona xx.xx.2024- cü il tarixdə təhvil verilmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi iddia müddəti ötürüldüyündən məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə 2(060)-5948/2024 saylı mülki iş hal-hazırda məhkəmənin icraatındadır. Qeyd olunanlara əsasən iddia müddəti tətbiq edilməklə məhkəmə tərəfindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “İddia müddətinin tətbiqi” adlanan 375-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı xx.xx.2024-cü il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə xitam verildiyini bilmişdir. O əmək kitabçasını xx.xx.2024-cü il tarixdə təhvil götürmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixdən etibarən 1 ay ərzində işəgötürən olaraq Məktəbə qarşı mediasiya prosesi başlatmamışdır. Hazırki mediasiya arayışının alınmasına əsas olmuş mediasiya prosesi isə məktəbə xx.xx.2024-cü il tarixli mediasiya təklifinin göndərilməsi ilə başlanılmış, iddia ərizəsi isə məhkəməyə 2024-cü ilin avqust ayında göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddi tələbinin müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Bununla yanaşı bildirdi ki, işdən azad olunmasına dair əmrlə xx.xx.2024-cü il tarixdə tanış edilib və əmək kitabçası ona qaytarılıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01501 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərci İddiaçı ödəmişdir. - xx.xx.2024-cü il tarixli, 46 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddənin “e” bəndinə uyğun olaraq xitam verilmiş, əsas kimi İddiaçı izahatı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-36/2- 604/2024 nömrəli məktubu və məktəb üzrə Həmkarlar Komitəsinin 8 aprel 2024-cü il tarixli, 6 №-li protokolun qərarı qeyd olunmuşdur. - Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-36/2-604/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri gözlənilməklə Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq ləğv edilməsi və həmin məktəbin direktor müavini X1 barəsində müvafiq intizam tənbehinin görülməsi ilə bağlı zəruri tədbirlərin icra edilməsi məktəb rəhbərliyinə tapşırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin sorğusu əsasında alınmış Sumqayıt Şəhər Prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınan İddiaçı Mais qızı göstərmişdir ki, o, 1993- cü ildən Sumqayıt şəhər 22 saylı nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. O, 2022-ci ilin iyul ayının 22-də “VİMAY” Klinikasında göz əməliyyatı olmuş və sağalma prosesi uzun çəkdiyi üçün o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Sumqayıt şəhərində təşkil olunacaq sertifikasiya imtahanında iştirak edib aşağı nəticə göstərməkdən qorxmuşdur. Ona görə ki, o, düşünürmüş ki, sertifikasiya imtahanında suallar çətin olacaq. O, səhhəti ilə əlaqədar ön hazırlığının kifayət etməməsi, habelə imtahan prosesində test suallarını kompüterdə yaxşı oxuya bilməyəcəyindən də ehtiyat edirmiş. Buna görə də, o, 2022-ci ilin avqust ayında Sumqayıt şəhər 22 saylı nömrəli tam orta məktəbin ibtidai siniflər üzrə direktor müavini Billurə Mehtiyevayadan sertifikasiya imtahanında nəticə əldə etməyə köməklik göstərəcək şəxs tapmasını xahiş etmişdir. Billurə müəllim ona Aygün Bədəlovanın mobil nömrəsini verib, həmin şəxslə əlaqə yaratmasını bildirmişdir. O da “vatsapp” mobil tətbiqetməsi vasitəsi ilə Aygün Bədəlovaya zəng etmiş, telefon danışığı zamanı xahiş etmişdir ki, xx.xx.2022-ci il tarixdə təşkil olunacaq sertifikasiya imtahanından keçid balını toplamaqda ona köməklik etsin. Aygün Bədəlova daha sonra ona imtihanda iştirak etməsinin gərək olmadığını və ona iştirak etmədən yüksək bal yazılacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Sumqayıt şəhərində yerləşən 30 nömrəli məktəbdə sertifikasiya imtahanı keçirilmiş və o da iştirak etməmişdir. xx.xx.2022-ci il tarixdə imtahan bitəndən sonra Aygün Bədəlova ona zəng edərək imtahana görə 40 bal yazıldığını bildirmişdir. Aygün Bədəlova ona növbəti ilin yanvar ayında təkrar sertifikasiya imtahanında yüksək nəticə yazıla biləcəyini də bildirmişdir, lakin o, razılaşmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a)tərəflərdən birinin təşəbbüsü; Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş yazılı ərizəyə münasibətdə qeyd edir ki; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhər H.Aslanov adına 22 nömrəli tam orta məktəb tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “e” bəndinə əsasən iddiaçıyla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-ci il tarixli, 46 nömrəli əmr verilmişdir. Əsas olaraq İddiaçı izahatı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-36/2- 604/2024 nömrəli məktubu və məktəb üzrə Həmkarlar Komitəsinin 8 aprel 2024-cü il tarixli, 6 nömrəli protokolunun qərarı göstərilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinin xitam verilməsi zamanı hər hansı bir qanun pozuntusu olmamaqla yanaşı Məhkəmə qeyd edir ki, mübahisə üzrə Məhkəməyə müraciət etmə müddəti də ötmüşdür. Göründüyü kimi işçinin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verildiyindən, bu iddiaçıya məlum olduğu halda iddiaçı xx.xx.2024-cü il tarixdə Mediasiya təşkilatına, xx.xx.2024-cü il tarixdə isə Məhkəməyə müraciət etdiyindən iddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab olunmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı işə bərpa tələbinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli, 46 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5948/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5948/2024
24.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver