Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5951/2024 28.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladları X1 və Rzayeva Mələk Yunis qızının Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 26 mart 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Nikahları Sumqayıt “ASAN Xidrnət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2014-cü il mart ayının 26-sı günündə 455 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü Rzayeva Mələk Yunis qızı dünyaya gəlmişlər. İlkin vaxtlarda mehriban yaşasalar da, bir müddət sonra münasibətləri pisləşmişdir. Bunun nəticəsi olaraq aralarındakı nikah Sumqayıt Şəhər Məhkəməsində xx.xx.2023-cü il tarixdə pozulmuşdur. 2014-cü ildə evlənəndən sonra, Sumqayıt şəhər, Yaşıldərə massivi, məhəllə 5, ünvan 2 ünvanda doğulub və o, da 10 il burda yaşayıb. Boşandıqdan sonra onu uşaqları ilə birlikdə keçmiş yoldaşı və qaynanası evdən çıxartdılar. Ev böyükdür, 8 otağı var. Onun və övladlarının yaşaması üçün hər bir şəraiti var. Uşaqların məktəbləri də evə yaxındır. Hal-hazırda onların yaşamağ üçün evləri yoxdur. Boşanandan sonra qohum-qonşu evində qalırıq və onlarda artıq buna razı deyillər. Daimi yaşamağa yerimiz yoxdur. Yaşayış şəraiti baxımından uşaqları və o əziyyət çəkirlrər, çox acınacaqlı vəziyyətdədirlər. Əvvəl orda yaşamaqları ilə bağlı bələdiyyə arayışını da iş matreallarına əlavə edib. Bütün cehiz əmlakı və qızıl zinət əşyaları evdə qalıb. Ailə üzvü olaraq, onların sözügedən mənzilə dair birlikdə yaşamaq hüquqları vardır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə 2014-cü ildə ailə həyatı qurub. Gəlin kimi sözügedən evdə yaşayıb və uşaqları da həmin evdə dünyaya gəlib. O, ərə gedəndə ev təməl olaraq var idi, lakin tam təmirli deyildi. Ev sənədsiz evdir. Cavabdeh bu yaxınlarda evi anasının adına keçirib. Torpaq 2000-ci ildə alınıb. Atası onun adına ev tiksə də, onun hazırda cavabdehə qarşı ev iddiası qızları üçündür. Ailəli olduqları müddətdə cavabdehə həmişə iddia edilən evi satıb 2 ev almasını təklif etmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli ev anasının adınadır və o, bu evdə müvəqqəti olaraq yaşayır. Hesab edir ki, iddiaçının bu evə qrşı heç bir haqqı yoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli evi mərhum atası 2009-cu ildə tikmişdir. Belə ki, torpaq alınıb, sonra ev tikilmişdir. Malik olduğu hər şey qızlarınındır. Lakin cavabdehin o evə heç bir hüququ yoxdur, onun həmin evə köçürülməsinə qətiyyən etiraz edir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Bələdiyyəsinin 1-3-5-ci məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsinin 442 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı və onun övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü Rzayeva Mələk Yunis qızı Sumqayıt şəhəir, Yeni Yaşayış massivi, 5-ci məhəllədə qeydiyyatsız yaşayır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur və bun barədə nikahın pozulması hnaqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 24 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İV 098971 saylı və AZ-İİİ 446070 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü Rzayeva Mələk Yunis qızı adlı yetkinlik yaşına çatmayan iki övladları anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakıın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, ünvan 1 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 6713/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 26 mart 2014-cü il tarixli 455 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü Rzayeva Mələk Yunis qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 26 mart 2014-cü il tarixdə rəsmi dövlət nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, həmin il Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, Kəngərli küçəsi ünvanında yerləşən 28 saylı fərdi yaşayış evinə köçmüşdür. Birgə nikah münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü Rzayeva Mələk Yunis qızı anadan olmuşdur. İddiaçı ilə cavabdehin nikahına rəsmi qaydada xitam verilmiş, bununla əlaqədar iddiaçı mənzildən çıxmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü Rzayeva Mələk Yunis qızı ilə birlikdə Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, ünvan 1 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, ilk öncə mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına münasibətdə mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması məsələsi müəyyən edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, ünvan 1 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdeh tərəfin (və ya valideyninin) həmin evə gözlənilən mülkiyyət hüququ olduğundan mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları əsasında həll edilməlidir. Belə ki, analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsi əşya hüquqlarının qorunması istiqamətində inkişaf edir. Ona görə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərlə əlaqədar işlərə baxılarkən başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məs: hüquqlarını qeydə alanadək və yaxud maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Yəni, həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Baxılan işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də bir iqtisadi dəyər yaşayış sahəsi kimi mövcud olmaqla, iddiaçının və cavabdehin sahibliyində olsa da, tərəflər arasında nikah rəsmi qaydada pozulduqdan sonra iddiaçı həmin ünvanda yaşamamışdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin təmin edilməsi üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcud olduğunu, yəni tikilinin cavabdeh ilə birlikdə özünün əmlakı, səyi və ya zəhməti ilə inşa edildiyini sübut etməlidir. Lakin iddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əksinə məhkəmə iclasında verdiyi izahatında mübahisəli evin cavabdehlə nikaha daxil olmamışdan öncə cavabdehin valideynləri tərəfindən tikildiyini etiraf etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabırın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. İş materiallarından tərəflər arasında həmin yaşayış sahəsindən istifadə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı razılaşmanın olmadığı müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud münasibətlərin həlli zamanı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün istifadə hüququnun yaranmasını iddia edən şəxsin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. (Mənzil Məcəlləsi, maddə 30) Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda iddiaçı köçürülməsini tələb etdiyi yaşayış sahəsinin sahibinin (cavabdeh və ya valideynlərinin) ailə üzvü sırasına daxil deyildir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə hesab edir ki, iddiaçının övladları X1 və Rzayeva Mələk Yunis qızının yaşayış yeri anaları İddiaçı yanında müəyyən edildiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rusumu iddiaçının özünə aid ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5951/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5951/2024
28.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver