Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5962/2023 11.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində Sumqayıt «ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsində 1711 № ilə nikah qeydə alınmışdır. Nikahın qeydə alındığı vaxtdan qısa müddət sonra el adətinə uyğun olaraq toy şənliyi edərək ailəni faktiki qurmalı idilər. Cavabdehdən qaynaqlanan şəxsi münasibətlərdən iddiaçıya aydın oldu ki, cavabdehin ailə qurmaq niyyəti yoxdur. Onların aralarında bağlanmış nikah formal xarakter daşımaqda davam edir, cavabdeh tərəfindən ailənin qurulması üçün heç bir ciddi səylər göstərilmədiyindən bağlanmış nikahın etibarsız sayılması zərurəti yaranmışdır. İddiaçı cavabdehlə aralarında ailə qurulmasının mümkünsüzlüyünü dərk edərək buna son vermək qərarına gəlmiş, həmin nikah onun qanuni hüquqlarını və maraqlarını pozur. Göstərilənlərə əsasən Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində qeydə alınmış 1711 №-li iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh ərizə təqdim edərək, iddia tələbinin təmin olunmasına razı olduğunu bildirmişdir.
5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X8 izahat verərək, bildirmişdir ki, nikahın etibarsız hesab edilməsi ilə razıdır.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ № 506097 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1711 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir.
8. İş materiallarında olan X5 ilə Cavabdeh arasında mediator X7 iştirakı ilə xx.xx.2023-cü il tarixdə bağlanılmış MŞS/MT030/2023-00660 saylı barışıq sazişinə əsasən mediasiya prosesində birinci tərəfin etibarnamə üzrə nümayəndəs qismində iştirak edən X6, X1 bu Saziş imzalandıqdan sonra Cavabdeh ilə aralarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 01 iyul 2022-ci il tarixdə 1711 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın məhkəmədə etibarsız hesab edilməsinə razı olduğunu bildirdi və bu mübahisə ilə bağlı Cavabdeh qarşı hər hansı tələbin olmadığını təsdiq etdi. Mediasiya prosesində birinci tərəf Cavabdeh bu Saziş imzalandıqdan sonra X5 ilə aralarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 01 iyul 2022-ci il tarixdə 1711 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın məhkəmədə etibarsız hesab edilməsinə razı olduğunu bildirdi və bu mübahisə ilə bağlı X3 qarşı hər hansı tələbin olmadığını təsdiq etdi.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 01 iyul 2022-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Lakin tərəflər nikaha daxil olduqdan sonra bir yerdə ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Cavabdehin ailə qurmaq niyyəti yoxdur və ona qarşı verilən iddianı tam etiraf edir, iddiaçı ilə aralarında olan nikahın etibarsız sayılmasına etiraz etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
11. Bununla yanaşı, Ailə Məcəlləsinin 2.2-ci maddəsində qeyd olunur ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
12. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir.
13. Kişi və qadının nikah ittifaqının könüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur.
14. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
15. Həmin Məcəlləsinin 25.1-ci, 25.2-ci, 25.4-cü maddələrinə əsasən bu Məcəllənin 10—12ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.
16. Saxta nikahın bağlanmasında məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsidir (məs. yaşayış sahəsinə hüquq əldə etmə, ərin (arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.) Nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması sübut edildikdə nikah etibarsız sayıla bilər.
17. Həmçinin, Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir.
18. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
20. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
21. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
22. Yuxarıda qeyd olunduğu kimi cavabdeh nikahın etibarsız sayılmasına razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir.
23. Məhkəmə mübahisə predmeti olan nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün, cavabdeh tərəfin valideynlərinin israrlı təkidi ilə məcburiyyət qarşısında bağlanmasının sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 01 iyul 2022-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində akt qeydləri kitabında 1711 nömrə ilə qeydə alınmış nikah etibarsız sayılmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 01 iyul 2022-ci il tarixdə bağlanmış və Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1711 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva