Məhkəmə qərarları › İş №2(060)-5967/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5967/2023

14.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5967/2023 14.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi Nümayəndə, onun vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, onun nümayəndəsi X2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «mənzildən çıxarılma tələbi»nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıq iddia üzrə cavabdeh İddiaçı qarşı «payın müəyyən edilməsi tələbi»nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh İsmayılova (Həsənova) Ceyhunə İldırım qızı arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində 27 iyun 2014-cü il tarixində 638 nömrəli nikah qeydə alınmışdır. Ailə qurduqdan sonra tərəflər iddiaçıya məxsus olan və ünvan 1-də yerləşən bir otaqlı mənzildə yaşamağa başlamışlar. Ailə kimi yaşadıqları müddətdə övladları olmamış, tərəflərin münasibətləri tədricən pisləşmiş və boşanma həddinə gəlib çatmışlar. Artıq bir ailə olmaqlarının qeyri-mümkün olduğunu nəzərə alaraq iddiaçı boşanma üçün məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən tərəflərə 3 ay müddət verilməsinə baxmayaraq, barışıq olmamış və məhkəmənin 02 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək aralarındakı nikah ləğv edilmişdir. Cavabdeh qətnamədən apellyasiya, sonra isə kassasiya şikayətləri versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədi, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıldı. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməni əldə etmişdir. İddiaçı öz vəsaiti hesabına cavabdehlə nikaha daxil olmamışdan əvvəl, 22 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1də yerləşən bir otaqlı mənzili alaraq əldə etdi və mənzilə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsindən ********** qediyyat nömrəli xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarış iddiaçının adına verilmişdir. Nikahda olduğu müddətdə həmin çıxarış cavabdeh tərəfindən itirilmişdir. Odur ki, iddiaçı Asan Xidmətə müraciət edərək xx.xx.2023-cü il tarixli yeni elektron çıxarış almışdır. Eyni zamanda, 2 saylı Sumqayıt Ərazi İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli cavabda xx.xx.2014-cü il tarixli çıxarışın iddiaçının adına verilməsi qeyd olunaraq göstərilmişdir. Tərəflər arasında nikahın ləğv olunmasına və iddiaçının tələblərinə baxmayaraq, cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən çıxmaqdan əsassız olaraq imtina etmişdir. Bu isə mülkiyyətçi olaraq iddiaçının hüquqlarının pozulması deməkdir. Odur ki, pozulmuş hüquqları bərpa edilməli, cavabdeh mülkiyyətində olan mənzildən çıxarılmalı və bununla da iddiası təmin olunmalıdır. Göstərilənlərə əsasən iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 34-cü məhəllə, 16/14 nömrəli evin 48 nömrəli mənzilindən cavabdeh İsmayılova (Həsənova) Ceyhunə İldırım qızının çıxarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan övladları olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. İddiaçı iddia ərizəsində mənzili öz vəsaiti hesabına alması iddiası tam əsassız və yalandır. Tərəflər xx.xx.2014-cü il tarixdə nişanlanmışlar. Nişan günü anası keçmiş qaynatasından soruşdu ki, bu gənclər harada yaşayacaqlar? O da bildirdi ki, 18.000 manat pulları var, yataqxanada bir otaq almaq niyyətindədir ki, gənclər orada yaşasınlar. Anası da hamının yanında bildirdi ki, onun qonşuluğunda mənzil satılır. 20.000 manat da o versin birdəfəlik ev alınsın. İddiaçı və onun atası dərhal razılaşdılar, anası da həmin məbləği İddiaçı verdi ki, adına mənzil alsın. Mənzili aldıqdan sonra həmin mənzildə onun və valideynlərinin tərəfindən əsaslı və tam şəkildə təmir edildi. Təmir xərcləri də 8000-10.000 manat arasında vəsaitə başa gəldi. Həmin məbləği də tam şəkildə onlar ödəmişlər. Mənzil təmir olunub başa çatdıqdan sonra ilkin iddia üzrə iddiaçı nikaha girdiyi gündən çox hissəsi onun vəsaiti hesabına alınmış mənzilə köçmüş, qeydiyyata düşmüş və artıq 9 ildən çoxdur ki, mənzildə öz mənzili kimi yaşayır. İddiaçı iddiası tam əsassızdır. Onun bu mənzilin alınmasına və təmirinə çəkdiyi xərc onun çəkdiyi xərcdən azdır. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 16/14-də yerləşən, 48 saylı mənzil üzərində ½ hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, xahiş etdi hissəsində “paylı mülkiyyət hüququnun tanınması” yazmaq əvəzinə texniki səhv olaraq “mülkiyyət hüququnun tanınması” kimi qeyd etmişdir. Odur ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 16/14-də yerləşən, 48 saylı mənzil üzərində payının ½ hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə edərək bildirmişdir ki, mübahisələndirilən ev tərəflər evlənməmişdən əvvəl alınmışdır. Belə ki, tərəflər 7-8 il əvvəl nikaha daxil olmuşlar. 2022-ci ildə isə aralarında olan birgə nikaha xitam verilmişdir. Mübahisələndirilən evi 2014-cü ildə almışdır və daha sonra təmir etdirmişdir. Bunlardan sonra isə tərəflər arasında toy şənliyi baş tutmuşdur. Tərəflərin birgə nikahlarından uşaqları yoxdur. Ev 2014-cü ildə alınmışdır, lakin evin sənədlərini ilkin iddia üzrə cavabdeh götürdüyü üçün evlə bağlı yenidən çıxarış alınmışdır. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, onun nümayəndəsi X3 ilkin iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

9. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində mənzili öz vəsaiti hesabına alması iddiası tam əsassız və yalandır. Tərəflər xx.xx.2014-cü il tarixdə nişanlanmışlar. Nişandan sonra Ceyhunənin anasının da 20.000 manat yardımı ilə ev alınmışdır. Mənzili aldıqdan sonra həmin mənzildə onun və valideynlərinin tərəfindən əsaslı və tam şəkildə təmir işləri aparılmışdır. Təmir xərcləri də 8000-10.000 manat arasında vəsaitə başa gəldi. Həmin məbləği də tam şəkildə onlar ödəmişlər. Mənzil təmir olunub başa çatdıqdan sonra Ceyhunə mənzilə köçmüş, qeydiyyata düşmüş və artıq 9 ildən çoxdur ki, mənzildə öz mənzili kimi yaşayır. Qeyd olunanlara əsasən, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddia tələbi rədd edilməli, qarşılıqlı iddia üzrə iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək, bildirmişdir ki, o, evlərin alqı-satqısı ilə məşğul olmuşdur. Sözügedən mənzilin alqı-satqı işləri və beh alınması məsələsi ilə bağlı Həsənova Təranə xanımla danışmışdır. Qeyd edir ki, həmin evi əvvəl 45.000 manata təklif etsə də, sonda 40.000 manat məbləğdə razılaşmışlar. Bundan əlavə qeyd edir ki, alqı-satqı müqaviləsi bağlanan zaman müqavilədə qeyd olunan məbləğ valyuta olaraq manat məzənnəsi ilə hesablanmışdır, lakin tərəfdən aldığı məbləğ isə ABŞ dolları ilə olmuşdur. Bundan başqa əmlakla bağlı behi Təranə xanım ona təqdim etmişdir. Həmçinin keçən danışıqlar zamanı Təranə xanım yarı məbləği ödədiyini bildirmişdir. Hətta hüquqşünas olmasından dolayı mənzil satılarkən gələcəkdə problemin yaranmaması məqsədilə Təranə xanıma həmin mənzilin qızına adına qeydiyyata alınmasını da məsləhət etmişdir.

12. İş materiallarında olan 22 aprel 2014-cü il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat kontorunun notariusu X1 tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,8 kv.metr, yaşayış sahəsi 15,9 kv.metr olan 1 otaqlı mənzil X5 tərəfindən İddiaçı 29784,40 manat məbləğinə satılmışdır.

13. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, ölçüsü 28,80 kv.metr olan ünvan 1 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

14. İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4798/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh İsmayılova (Həsənova) Ceyhunə İldırım qızı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-498/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

15. Həmin qərardan görünür ki, xx.xx.2018-ci il tarixli “Nikah haqqında çıxarış”dan müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Sumqayıt şəhər Qeydiyyat şöbəsində 27 iyun 2014-cü il tarixdə bağlanmış və 638 nömrə ilə qeyd olunmaqla sonuncuya “İsmayılova” soyadı verilmişdir.

16. İş materiallarında olan Sumqayıt şəhəri Qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2023-cü il tarixində verilmiş AZ-İ № 446029 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə İsmayılova Ceyhunə İldırım qızı arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01 fevral 2023-cü il tarixdə 45 № ilə qeydiyyat aparılmışdır.

17. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 15 may 2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 16/14 ünvanında yerləşən 48 saylı mənzil ünvan 2ü il tarixli 4Ə-03/878 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan İddiaçı **********88-05101-093014 reyestr nömrəli, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 16/14 ünvanında yerləşən 48 saylı mənzilə dair çıxarışın itirilməsi ilə bağlı müraciət etmiş və ********** qeydiyyat nömrəli xx.xx.2023cü tarixli dövlət reyestrindən elektron çıxarış verilmişdir.

18. İş materiallarında olan “Elektron Məhkəmə” sistemi vasitəsilə əldə edilmiş sorğu məlumatından görünür ki, Cavabdeh ünvan 1 ünvanı üzrə qeydiyyatdadır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 27 iyun 2014-cü il tarixdə nikahlarını bağlamışlar, birgə nikahdan övladları olmamış, tərəflərin rəsmi nikahları xx.xx.2022-ci il tarixdə pozulmuşdur. İddiaçı 22 aprel 2014-cü il tarixdə mübahisəli əmlakı- ünvan 1-i alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Tərəflər həmin ünvanda qeydiyyatdadırlar. Hazırda ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin mənzildən çıxarılmasını, qarşılıqlı iddia üzrə iddiaçı isə həmin mənzilə payının müəyyən edilməsini məhkəmədən tələb edir.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

20. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə müvafiq olaraq bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququ yalnız qəbul olunacaq məhkəmə qərarının hüquq və qanunla qorunan maraqlarına təsir edə biləcək şəxslərə aiddir. Bu cür hüquq iddia ərizəsinin məhkəməyə verilməsi yolu ilə həyata keçirilir. İddia ərizəsinin verilməsinin şərtlərindən biri isə şəxsin mübahisənin həll olunmasında hüquqi marağının mövcud olmasıdır. Bu o deməkdir ki, iddia ərizəsi şəxsin yalnız özünün hüquq və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə verilməlidir. İddianın başqa şəxsin hüquq və maraqlarının müdafiəsi və yaxud cavabdeh tərəfindən iddiaçı üçün heç bir hüquqi nəticəyə səbəb ola bilməyəcək hərəkətlərin yerinə yetirilməsi məqsədilə verilməsi şəxsin həmin mübahisənin həll olunmasında hüquqi marağının olmamasına dəlalət edir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

23. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

24. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

25. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ona məxsus mənzildə qeydiyyatda olan ilkin iddia üzrə cavabdehin istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürülmədiyindən (cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi əsas, mənzildən çıxarılması törəmə tələb olmaqla, törəmə tələbin təmin edilməsi əsas tələbin təmin edilməsindən asılıdır) ilkin iddia üzrə cavabdeh həmin mənzildən çıxarıla bilməz.

26. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir.

27. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvad ümumi əmlakın onlardan hər hansı birinin qazancı hesabına əldə olunmasından asılı olmayaraq həmin əmlak barəsində sahiblik, ondan istifadə və ona dair sərəncam vermə üzrə bərabər hüquqları vardır. Bununla əlaqədar qanunverici tərəfindən müəyyən edilmişdir ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir (Ailə Məcəlləsinin 33.1, 33.2-ci maddələri).

29. Eyni Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

31. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli əmlak xx.xx.2014-cü il tarixdə tərəflərin xx.xx.2014-cü il tarixdə keçirilmiş nişan mərasimindən sonra qarşılıqlı iddia üzrə cavabdehin adına qeydiyyata alınmışdır. Yəni birgə nikah dövründə əldə edilməmişdir.

33. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı həmin əmlakın dəyərinin yarısının onun anası tərəfindən ödənildiyini iddia edərək, həmin əmlaka payının müəyyən edilməsini tələb edir.

34. Bununla əlaqədar məhkəməyə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı atası ilə bağlı çəkilmiş video görüntü olan flaşkart təqdim etmişdir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz».

36. Məhkəmə qeyd edir ki, qeyd olunan Konstitusiya Məhkəməsinin qərarında əsasən danışıqlar mübahisəli əqdin hər iki tərəfinin danışıqlarından söhbət gedir. Səs və video yazısında isə qarşılıqlı iddia üzrə iddiaçı əqdin bir tərəfi olsa da, digər tərəf isə başqa bir şəxs (qarşılıqlı iddia üzrə cavabdehin atası) olmuşdur. Bu halda isə əldə edilmiş səs və video yazısı (qanuna zidd əldə edilmiş olmaqla Mülki Prosessual Məcəllənin 76.3cü maddəsinin təsir dairə düşür.

37. Buna baxmayaraq, məhkəmə şahid ifadəsinə qiymət verərək, habelə daxili inamını əsas götürərək hesab edir ki, sözügedən mənzilin dəyəri birgə nikah dövründə tərəflərin ümumi gəlirləri hesabına deyil, onlar nikaha daxil olanadək, yəni 22 aprel 2014-cü il tarixində qarşılıqlı iddia üzrə iddiaçının anası tərəfindən məbləğin yarısı ödənilərək əldə edilmiş və tərəflər sonra rəsmi nikaha daxil olmuşlar.

38. Bu səbəbdən qarşılıqlı iddia tələbi təmin edilməli, ünvan 1 üzərində Cavabdeh ½ pay hüququ və İddiaçı ½ pay hüququ üzrə mülkiyyət hüquqları tanınmalıdır.

39. Məhkəmə bu qənaətə gələrkən məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olmasını və məhkəmənin də prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olmasını da nəzərə almışdır.

40. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).

42. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır.

43. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

44. Azərbaycan Respublikası MPM-nin 76.1-ci madəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3).

45. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

46. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

47. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

48. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, ünvan 1 üzərində Cavabdeh ½ pay hüququ və İddiaçı ½ pay hüququ üzrə mülkiyyət hüquqları tanınmalıdır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi:

53. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «mənzildən çıxarılma tələbi»nə dair ilkin iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. ünvan 1 üzərində Cavabdeh ½ pay hüququ və İddiaçı ½ pay hüququ üzrə mülkiyyət hüquqları tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar