Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-597/2022 30.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (üçüncü şəxs – X7 Xidmətinin 7 saylı region üzrə X7) peşə xəstəliyi ilə əlaqədar ödəncin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə 2009cu ildən 2021-ci ilin iyul ayına qədər ümumilikdə 58358,8 manatın və hər ay 638,8 manat aylıq ödəncin ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X4 1973-cü ilin fevral ayından "Çinar" istehsalat Birliyinin Sumqayıt Kompressorlar Zavodunda işləyib. Onun işlədiyi sex zərərli iş sahəsinə aid olub. F.Ağasiyev zərərli sahədə işlədiyinə görə peşə xəstəliyinə tutulub və sol ayağı kəsilib. 2008-ci ilin fevral ayına qədər peşə xəstəliyi ilə əlaqədar ona kompensasiya hesablanaraq ödənilib. 2008-ci ildən sonra kompensasiya ödənişi dayandırılıb. Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi mərkəzi tərəfindən həyat yoldaşına 2009-cu ildə xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixə kimi 3130 manat birdəfəlik müavinət ödənilib. Çinar istehsalat Birliyinin Sumqayıt Kompressorlar Zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılıb və səhmlər tam özəlləşdirilərək mülkiyyətçisi dəyişib. Müəssisə özəlləşdirildikdən sonra müəssisə tərəfindən hər hansı kompensasiya ödənilməyib. Həyat yoldaşı sağlığında dəfələrlə aidiyyəti qurumlara müraciət edərək kompensasiyanın alınmasına köməklik etmələrini xahiş edib. Lakin həmin qurumlar müəssisənin özəlləşdirildiyini əsas gətirərək kompensasiyanın alınmasına köməklik edə bilməyəcəklərini qeyd ediblər. Belə ki, daxil olan məktublarda qeyd edilib ki, xx.xx.2008-ci il tarixdən indiyə qədər cəmiyyət fəaliyyətini tam dayandırıldığından F.Ağasiyevə xəsarətə görə ödəncin alınması mümkün deyil. Bu müddət ərzində yalnız xx.xx.2016-cı ildə həyat yoldaşına 200 manat xəsarətə görə ödənc ödənilib. Firulla Ağasiyev 18 sentyabr 2019-cu ildə vəfat edib. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, ekspert rəyi ilə razı deyil. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək bildirdi ki, istehsalatda peşə xəstəliyinə və zərərə görə ödəncin verilməsi qaydasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı var. Qeyd edilənlərə əsasən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1951-ci ildə, Qusar rayonu, Əvəcük kəndində anadan olmuşdur. O, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş əmək kitabçası ilə müəyyən edilir ki, Firulla Ağasiyev xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilədək "Çinar" istehsalat Birliyinin Sumqayıt Kompressorlar Zavodunda müxtəlif peşələr üzrə işləyib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının 344446 saylı arayışına əsasən 1950-ci il təvəllüdlü X4 ikinci dərəcəli əlildir. Əlilliyinin səbəbi peşə xəstəliyidir. İş materialına əlavə edilmiş 480 nömrəli müaynə aktından çıxarışa əsasən X4 peşə xəstəliyi nəticəsində 2-ci dərəcəli əlildir. O, əmək qabiliyyətini itirib. İşdə olan Firulla Ağasiyevin xəstəlik tarixininin surətində onun peşə xəstəliyi “hər iki aşağı ətrafın aterosksol bud-dizaltı arterial seqmentin okklyuziyası, sağ baldır arterianın okkulyuziyası” kimi qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2019-cu ildə vəfat etmişdir. Ölümün səbəbi kimi “ürəyin hipertenziv xəstəliyi” qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə göndərilmiş vəkil sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqına dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan və istifadəçilərə təqdim edilən rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrıayrı peşələr (vəzifələr) üzrə orta aylıq nominal əməkhaqqına dair məlumatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən “fəhlə” peşəsi üzrə orta aylıq nominal əməkhaqqı barədə məlumatların tərəflərindən təqdim edilməsi mümkün deyil. xx.xx.2021-ci il tarixli, 06/1-108 nömrəli məktuba Sumqayıt şəhəri üzrə 2009-2020-ci illərdə və 2021-ci ilin yanvar-mart aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasında Dövlət əmlakının özəllləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakınln Özəlləşdirilməsi Departamentinin 20 dekabr 2001 -ci il tarixli 283 saylı sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Çinar” İstehsalat Birliyinin Sumqayıt kompressorlar zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Firulla Ağasiyevə məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidmətinin xx.xx.2016-cı il tarixli məktubunda bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi xx.xx.2008-ci ildə başa çatmışdır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyində göstərilmişdir ki, iş materiallarında X1 "Çinar İstehsalat” Birliyinin Sumqayıt kompressorlar zavodunda 4-cü dərəcəli tornaçı vəzifəsində işlədiyi nəzərə alınmaqla həmin vəzifə ilə müəssisənin hazırki hüquqi varisi olan müəssisədə eynilik təşkil edən vəzifənin əmək haqqısının hansı məbləğdə olmasının öz əksini tapmadığı müəyyən edildi. Lakin, məhkəmənin ekspertiza təyini haqqında xx.xx.2022-ci il tarixli qərardadında göstərilənlər, həmçinin X2 əmək qabiliyyətinin 80 faiz itirilməsi nəzərə alınmaqla 01 yanvar 2009-cu ildən 18 sentyabr 2019-cu ilə qədər X1 əmək qabiliyyətinin 80 faiz itirilməsinə (aldığı aylıq əmək haqqının 80 faizi həcmində ödənc hesablanmaqla) görə "xxxx" ASC tərəfindən iddiaçıya ödənilməli olan vəsaitin dəyəri 35.677.76 manat, 18 sentyabr 2019-cu ildən sonra X3 hər ay olmaqla 2019-cu ilin oktyabr-noyabr-dekabr ayları üzrə 429,60 manat, 2020- ci ilin ayları üzrə 500 manat, 2021-ci ildən sonrakı aylar üzrə 511,04 manat aylıq ödəniş verilməsi müəyyən edildi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra – Əmək Məcəlləsi) əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir (239.1). İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir (239.2). İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir (239.3). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”na əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır (1.1). Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir (1.2.). İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir (2.1.). Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir (5.1). Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir (5.6.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi özəlləşdirmə prosesində olan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə müəssisənin özəlləşdirilməsi başa çatanadək ödənc müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Müəssisənin özəlləşdirilməsi başa çatdıqdan sonra isə həmin ödənc müəssisənin özü tərəfindən verilməlidir. İş materialları ilə müəyyən edilir ki, Firulla Ağasiyev cavabdeh müəssisədə işləyərkən peşə xəstəliyinə tutulmuş və əmək qabiliyyətinin 80 faizini itirərək 2-ci qrup əlil olmuşdur. Cavabdeh müəssisənin özəlləşdirilməsi xx.xx.2008-ci ildə başa çatmışdır. Belə olan halda həmin tarixdən etibarən Firulla Ağasiyevə peşə xəstəliyi ilə əlaqədar ödəncin verilməsi cavabdeh tərəfindən həyata keçirilməli idi. Lakin, cavabdeh tərəfindən Firulla Ağasiyevə heç bir ödəniş edilməmişdir. Mülki Məcəlləyə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür (1126.1.). Eyni zamanda qeyd edilməlidir ki, Firulla Ağasiyev xx.xx.2019-cu ildə “ürəyin hipertenziv xəstəliyi”ndən vəfat etmişdir. Onun ölümünün peşə xəstəliyi nəticəsində baş verməsi iş materialları ilə sübut edilmir. Bu səbəbdən iddiaçı Firulla Ağasiyevin ailə üzvü olaraq onun vəfatına qədər ödənilməli olan aylıq ödəncin verilməsini tələb etməkdə haqlı olmuşdur. İş materiallarında olan ekspert rəyində Firulla Ağasiyevə iddiaçının tələb etdiyi xx.xx.2009-cu ildən, xx.xx.2019-cu ilədək (Firulla Ağasiyevin vəfatı tarixinə qədər) ödənilməli olan ödəncin ümumi məbləği 35677,76 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, 01 yanvar 2009-cu ildən 18 sentyabr 2019-cu ilə qədər X1 əmək qabiliyyətinin 80 faiz itirilməsinə görə 35677,76 manat əmək şikəstliyi ilə əlaqədar ödənilməmiş ödənc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 yanvar 2009-cu ildən 18 sentyabr 2019-cu il tarixinədək olan dövrə ödənilməmiş 35677 (otuz beş min altı yüz yetmiş yeddi) manat 76 (yetmiş altı) qəpik peşə xəstəliyi ilə əlaqədar müavinət cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-597/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-597/2022
30.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver