Məhkəmə qərarları › İş №2(060)-5975/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5975/2021

01.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5975/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının vəkili X5 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 nömrəli evin 37 nömrəli mənzilinə tanınmış istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək məhkəmədən azyaşlı övladları ilə birlikdə mülkiyyətində olan, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 №-li evin 37 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə məhkəmədə baxılmış və təmin edilmişdir. Qəbul edilmiş qətnamə yuxarı məhkəmə instansiyalarında mübahisələndirilsə də, birinci instansiya məhkəməsinin qətnamnəsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 2017-ci ilin 27 dekabrında mənzili könüllü olaraq tərk edib və iddia ərizəsində göstərdiyi kimi, valideynlərinin yanında, Nefçala rayonun Bankə qəsəbəsində yox, özünə aldığı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli D yaşayış massivi ərazisində, “Xəzər İnşaat” tərəfindən inşa edilmiş bina 9Anın ikinci girişinin, birinci mərtəbəsində yerləşən 76 saylı, iki yaşayış otağından ibarət mənzilində yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının oğlu ilə cavabdehin nikahları pozulub. Nikah pozulandan bir müddət sonra da cavabdeh iddiaçının mənzilində olan əşyalarını özü çıxarıb və yaşadığı mənzilə aparıb. Hazırda mənzildə ona məxsus heç bir əşya yoxdur. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasları barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. 14 saylı Mənzil-Kommunal Sahəsinin 58 saylı arayışına əsasən iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 52, mənzil 37 (bundan sonra – mübahisəli mənzil) iddiaçının adına xüsusi mülkiyyət kimi ******* saylı qeydiyyat nömrəsi ilə 17.07.2014-cü il tarixində qeydə alınmışdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(060)-8661/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və işin apellyasiya baxışı zamanı iddiaçı iddiadan imtina etdiyi üçün Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 1354/2020 saylı, 26 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7561/2019 saylı qətnaməsi ilə cavabdehin iddiaçıya qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş cavabdehin uşaqları 17.11.2015-ci il təvəllüdlü X3 və 31.10.2013-cü il təvəllüdlü X2 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 saylı evin 37 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmış və qanuni qüvvəsini almışdır. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin 05.10.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri 24 saylı notariat kontorunun 4Ə-31 reyestr nömrəli, 05 fevral 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35K, mənzil 92 üzərində 11.02.2020-ci il tarixli çıxarış ilə cavabdehin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məktuba bağışlama müqaviləsinin və çıxarışın surətləri əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Müəyyən edilmişdir ki, mübahisəli mənzil 11.08.2009-cu il tarixli order əsasında iddiaçıya verilmişdir. Cavabdeh 2012-ci ildə iddiaçının oğlu ilə nikaha daxil olaraq həmin mənzilə köçmüşdür. Mənzil 2014-cü ildə özəlləşdirilmişdir. Yəni, cavabdeh mübahisəli mənzilə köçən zaman mənzil dövlət fonduna aid olmuşdur. Bu səbəbdən mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun qiymət verilməlidir. Həmin Məcəlləyə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər (68.1.). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar (68.2.). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər (68.3.). Göründüyü kimi cavabdeh 2012-ci ildə iddiaçının ailə üzvü kimi mübahisəli mənzilə köçmüş və mənzildən istifadə hüququ əldə etmişdir. İddiaçı əvvəllər kompensasiya verilməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, lakin sonradan iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən həmin tələblə hazırkı iddianın eyni predmet və əsas təşkil edib-etməməsinin müəyyən edilməsi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddiaçının əvvəlki iddia tələbi ilə hazırkı tələbi predmet baxımından eyniyyət təşkil edir. Belə ki, hər iki tələbdə idiaçı cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Lakin, iddiaçının birinci iddiasının əsasının onun mülkiyyətçi kimi üstün mənafeyinin müdafiəsi təşkil etmişdir. Yəni, iddiaçı cavabdehin mübahisəli mənzildə yaşamasına və həmin mənzilə yaşayış sahəsi kimi ehtiyacının olmasına baxmayaraq kompensasiya müqabilində onun mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Hazırkı iddiada isə iddiaçı cavabdehin mübahisəli mənzildə yaşamadığına və onun həmin mənzilə yaşayış sahəsi kimi ehtiyacının aradan qalxmasına əsaslanmışdır. Yəni, iddiaçının birinci iddiası ilə hazırkı iddiası söykəndiyi əsaslar baxımından fərqlidir. Bu səbəbdən əvvəlki iş üzrə icraata xitam verilməsi hazırkı işə baxılmasına maneə yaratmır. Müəyyən edilmişdir ki, mübahisəli mənzil 2014-cü ildə özəlləşdirilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edilməlidir ki, mübahisəli mənzil artıq xüsusi mülkiyyətə çevrildiyindən mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı Mənzil Məcəlləsinin mülkiyyət münasibətlərini tənzimləyən müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə ailə münasibətlərinə xitam verilmişdir. Cavabdeh artıq mübahisəli mənzildə yaşamır və onun başqa yaşayış yeri vardır. Cavabdehin mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacı aradan qalxmışdır. Bu səbəbdən iddia təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 52 nömrəli evin 37 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilsin. Hazırkı qətnamə göstərilən şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar