Məhkəmə qərarları › İş №2(060)-60/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-60/2024

24.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-60/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "yaşayış sahəsinin naturada bölünməsi və mənzilə köçürülmə tələbi"nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsini cəlb etməklə qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı "qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi"nə dair qarşılıqlı ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin naturada bölünməsi və mənzilə köçürülmə tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 442 saylı ev paylı mülkiyyət hüququ ilə İddiaçı və Cavabdeh məxsusdur. Cavabdeh iddiaçının əmisidir. Mənzilin 1/2 hissəsi də iddiaçıya məxsusdur. Lakin o, vərəsə kimi payının alınması üçün notariat kontoruna müraciət etməmişdir. Pay açıq qalmışdır. İddiaçının həmin mənzil üzərində payı 1/2 hissədədir. Hazırda cavabdeh öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Mənzil 3 otaqdan ibarətdir. Hazırda iddiaçı mənzilə köçüb orada yaşamaq istəyir. Lakin cavabdeh iddiaçının həmin mənzildə yaşamağına maneçilik yaradır. Ona görə də İddiaçı hazırkı ərizə ilə məhkəmə müraciət edir. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 442 saylı evin naturada bölünməsi, bölgü zamanı 2 otağın iddiaçının, 1 otağın isə cavabdehin istifadəsinə verilməsi və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 442 saylı evin naturada bölünməsi zamanı sahəsi 32 kv.m otağın iddiaçının, sahəsi 24 kv.m olan sahəsi olan otağın cavabdehin, sahəsi 32 kv.m olan otağın qarşısında olan sahəsi 8,4 kv.m olan dəhlizin də iddiaçının, sahəsi 24 kv.m olan sahəsi olan otağın qarşısında olan sahəsi 16,4 kv.m olan dəhlizin isə cavabdehin istifadəsinə verilməsi və iddiaçının ona aid olan hissəyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Öz növbəsində, Cavabdeh İddiaçı və Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh anası X13 xx.xx.2022-ci ildə dünyasını dəyişdikdən sonra onun qanun üzrə “birinci növbə vərəsəsi” kimi cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinə müraciət etmiş və oradan həmin evin 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və şəhadətnamə əsasında ev üzərində pay hüququnu təsdiqləyən çıxarış götürmüşdür. Cavabdehin miras qoyanın vərəsəsi olmasından məlumatsız olmuş və yalnız hazırki iddia ərizəsinin surətini aldıqdan sonra ona məlum olmuşdur ki, bu ev üzərində ½ pay hüququ ilə çıxış edən məhz İddiaçıdır. Halbuki, o miras qoyanın nəvəsi olmaqla 1-ci növbə vərəsələr dairəsinə aid olmayan şəxsdir. İddiaçı onun mərhum qardaşı X9 övladıdır, lakin onun qardaşı İsmayıl xx.xx.2016-cı ildə dünyasını dəyişmiş və ondan 6 il sonra isə miras qoyan anası dünyasını dəyişmişdir. Lakin cavabdehin atasının miras qoyandan əvvəl dünyasını dəyişməsi səbəbindən irsi transmissiyaya yol verilmədiyi halda cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzi onu miras qoyanın vərəsəsi kimi tanımış və cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, bununla da qanun tələbini pozmuşdur. Cavabdeh anasının vəfatından sonra vərəsələr arasında o, miras qoyanın 1-ci növbə vərəsəsi kimi həm faktiki, həm də rəsmi olaraq bu miras əmlakı qəbul etmiş və ha-hazırda da bu evdə də yaşayır. Evin bütün kommunal xidmət haqlarını o ödəyir, cavabdeh bu evdə yaşamır, onun qeydiyyatı və faktiki yaşayış ünvanı başqa mənzillərdir. Belə hesab edir ki, cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunsuz olaraq verilmiş, bu səbəbdən də həmin şəhadətnamə etibarsız hesab olunmalı və onun əsasında verilmiş çıxarış da ləğv edilməlidir. Göstərilənlərə əsasən miras kütləsinə daxil olan və mərhum anası X1 miras qalan ünvan 2-yə dair cavabdeh İddiaçı adına verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində qeyd olunanların izahatı olaraq qəbul edilməsini və qeyd olunanlara əsasən ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Qarşılıqlı iddia üzrə cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən məhkəməyə ərizə göndərilərək, işin onların iştirakı olmadan keçirilməsi məhkəmədən xahiş edilmişdir.

9. Məhkəmə işə qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə bildiriş göndərilmiş, lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

13. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ № 837305 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2016-cı il tarixdə ağciyər ödemi xəstəliyindən ölmüşdür.

14. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 88,10 kv.m olan ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə qeydiyyata alınmışdır.

15. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 254682 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə essensial hipertenziya xəstəliyindən ölmüşdür.

16. İş materiallarında olan Cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanladığı **********183 saylı, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci ildə onun ünvan 2 ünvanında qeydiyyatda olmuş anası X14 ölmüşdür. Ondan irs qalmış mirası qəbul edir. Ondan başqa vərəsələr yoxdur.

17. İş materiallarında olan İddiaçı Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanladığı **********946 saylı, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci ildə onun ünvan 2 ünvanında qeydiyyatda olmuş nənəsi X10 ölmüşdür. Ondan irs qalmış mirası qəbul edir. Ondan başqa vərəsə vardır. Oğlu Cavabdehdur.

18. İş materiallarında olan İddiaçı 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanladığı **********572 saylı, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X4 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 88,1 kv/m olan fərdi yaşayış evinə və torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir.

19. İş materiallarında olan Cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanladığı **********701 saylı, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2022-ci ildə vəfat etmiş X11 miras qalmış əmlakın açıq qalmış 1/2 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

20. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş- X2 vərəsələri: xx.xx.2016-cı il tarixdə vəfat etmiş oğlu X9 vərəsəsi qızı İddiaçı və o miras əmlakdan 1/2 hissədə pay almaldır. Şəhadətnamə verilən miras əmlak ƏMDKnin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X5 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 88,1 kv/m olan fərdi yaşayış evindən, ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X6 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0709 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********HN32006 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********HN32006 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən torpaq sahəsi ipoteka edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Mirasın 1/2 hissəsi açıq saxlanılmışdır.

21. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 19 noyabr 2022-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş- X2 vərəsələri: Cavabdeh və o miras əmlakdan 1/2 hissədə pay almaldır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X7 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 88,1 kv/m olan fərdi yaşayış evindən və 0,0709 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********HN32006 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0709 ha olan torpaq sahəsi ipoteka edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Miras əmlakın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

22. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, ünvan 2 paylı mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2022-ci il tarixdə 1/2 hissədə ********** nömrə ilə qeydiyyata alınmışdır.

23. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/7575 nömrəli ekspertiza rəyinə əsasən ünvan 2 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin ½ hissədə natura bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X12 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. Ekspert tətqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

24. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X1 miras qalan əmlak ünvan 2-dir. Onun vərəsələri: xx.xx.2016-cı il tarixdə vəfat etmiş oğlu X9 vərəsəsi qızı İddiaçı və Cavabdehdur. Hazırda ilkin iddia üzrə iddiaçının tələbi sözügedən əmlakın naturada bölünməsi və həmin bölünmüş hissəyə köçürülməsi, qarşılıqlı iddia üzrə iddiaçının tələbi isə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi ilə bağlıdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

25. Beləliklə, göründüyü kimi mülki iş iki iddia tələbindən – ilkin və qarşılıqlı iddia tələblərindən ibarətdir.

26. Hazırki iddia tələbləri ilə (həm ilkin, həm də qarşılıqlı) bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

28. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

29. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

30. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

31. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

32. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

33. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

34. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

35. Göstərilən Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1243.1, 1243.2, 1243.3, 1246).

37. Belə ki, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Mirasdan imtina şəxsin konstitusiya ilə təmin olunan vərəsəlik hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada - notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.

38. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir.

39. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır.

41. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

43. Göründüyü kimi ünvan 2-in mülkiyyətçisi X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun oğlu mərhum X9 qızı İddiaçı birinci növbə vərəsə kimi sözügedən əmlakın qəbulu ilə bağlı xx.xx.2022-ci il tarixdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə notariat ofisinə müraciət etmişdir.

44. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbində haqlı olmuşdur.

45. Bununla əlaqədar məhkəmə qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edildiyindən, onun əsasında verilmiş çıxarış da ləğv edilməlidir.

46. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının “İddiaçı atası X9 nənəsi X1 əvvəl vəfat etdiyi üçün irsi transmissiya yolu ilə mirasın qəbulunun yolverilməzliyi ilə bağlı” izahatı ilə əlaqədar qeyd edir ki, vərəsə miras açıldığı vaxt sağ deyildirsə, onun vərəsələri mirası qəbul etmək hüququ əldə edərək öz valideynlərinin yerinə keçir. Mülki qanunvericilikdə bu hal, yəni vərəsənin miras qoyandan əvvəl ölməsi qanun üzrə vərəsəliyin tərkib hissəsinə daxil hesab olunur.

47. Məhkəmə hesab edir ki, ilkin iddianın təmin edilib-edilməməsi qarşılıqlı iddianın mahiyyəti üzrə həllindən asılı olduğundan və qarşılıqlı iddia təmin edildiyindən ilkin iddia rədd edilməlidir.

48. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir.

49. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat ilkin iddia üzrə İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.

Nəticə hissəsi:

57. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "yaşayış sahəsinin naturada bölünməsi və mənzilə köçürülmə tələbi"nə dair ilkin iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat ilkin iddia üzrə İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qarşılıqlı iddia tələbi təmin edilsin. X1 miras qalan əmlak ünvan 2-yə dair İddiaçı adına verilmiş 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-1880 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilsin. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-1880 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında ünvan 2-ə dair (İddiaçı adına olan) verilmiş çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar