Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6003/2025 18.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X13, X11, X20, X14 və Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisini maraqlı şəxs qismində cəlb etməklə "mirasın qəbul edilməsi faktı tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X13, X11, X20, X14 və Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisini maraqlı şəxs qismində cəlb etməklə "mirasın qəbul edilməsi faktı tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Göylər kəndində olan yaşayış evi və ərizəçinin atasına məxsus torpaq sahəsi, həmin kənddə yaşayan mərhum atası X12 mülkiyyətində olmuşdur. xx.xx.2010-cu ildə atam vəfat etdikdən sonra həmin yaşayış evini və atasına məxsus torpaq sahəsini faktiki olaraq ərizəçi qəbul etmiş və bütün qohumları da həmin evin ərizəçiyə qalmasına heç bir etirazları olmamışdır. Hal-hazırda da atasından qalmış miras əmlakı ərizəçi faktiki olaraq idarə edir. Yaşayış evində istifadə olunan elektrik enerjisi və qaza görə pulları ərizəçi ödəyir. Eləcə də atasına məxsus olan torpaq sahənində görülməli olan işləri ərizəçi görür. 10 iyul 2025-ci il tarixdə Şamaxı regiolnal “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notarial ofisinə müraciət etdikdə ərizəçiyə bildirdilər ki, miras əmlakın faktiki olaraq qəbul edilməsi barədə vaxtında ərizə verməmiş, ona görə miras əmlakın faktiki olaraq qəbul edilməsi barədə məhkəmə qətnaməsi lazımdır. Göstərilənlərə əsasən ərizəçinin atası X7 miras qalmış Şamaxı rayonu Göylər kəndində yerləşən yaşayış evini və atasına məxsus torpaq sahəsini faktiki olaraq qəbul etməsi faktı barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər və maraqlı şəxs Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
6. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. X2r. O, xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Atasından Şamaxı rayonunda torpaq sahəsi miras qalmışdır. Mirasa faktiki sahibliyi qardaşı edir. Miras əmlakdan imtina etmişdir. Bu barədə ərizəsi vardır.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. X2r. O, xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Atasından Şamaxı rayonunda torpaq sahəsi miras qalmışdır. Mirasa faktiki sahibliyi qardaşı edir.
9. İş materiallarında olan xx.xx.1956-cı il tarixdə verilmiş İ-İE № 139675 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1956-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, atası X21, anası isə X22r.
10. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın surətindən görünür ki, Şamaxı rayonu, Göylər kəndi (yeni qaydalarla: AZ5615, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X15 məxsus olmuşdur və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qeydiyyatdan keçirilmişdir.
11. İş materiallarında olan Şamaxı rayonunun Göylər kəndi inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İ № 426556 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2010-cu il tarixdə beynə qan sızması xəstəliyindən ölmüşdür.
12. İş materiallarında olan Şamaxı rayon İHB-nin Göylər kənd İƏD-si üzrə nümayəndəsi İ.Ş.Xəlilov, X35, X36, X23 və X32 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X28 və onun mərhum atası X10 yaxşı tanıyırlar. Onlar Göylər kəndində qonşu yaşayıblar. Ərizəçi valideynlərinin vəfatından sonra yəni 2010-cu ildən atasından miras qalan yaşayış evini və torpaq sahəsini idarə etmişdir. Ərizəçi vaxtlıvaxtında miras qalan yaşayış evinin kommunal xərclərini ödəməklə həmçinin onlarla birlikdə mərhum atasına məxsus olan torpaq sahəsinidə əkib-becərmə işlərini aparırdı.
13. İş materiallarında olan Şamaxı rayon İHB-nin Göylər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X24 atası X16 vəfat etdiyi günə kimi, yəni xx.xx.2010-cu il tarixə kimi Şamaxı rayonunun Göylər kəndində qeydiyyatda olmuşdur və yaşamışdır. Mərhumun vəfatından sonra Göylər kənd ərazisində ona məxsus yaşayış evi və torpaq sahəsi miras qalmışdır. Atasının vəfatından sonra həmin torpaq sahəsini və yaşayış evini oğlu Ərizəçi faktiki olaraq idarə etmiş, evin bütün kommunal xərclərini vaxtlı-vaxtında ödəmiş və torpaq sahəsini əkib-becərmişdir.
14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli notariat əməliyyatı aparmaqdan imtina haqqında qərardan görünür ki, miras qoyan X17 məxsus olmuş daşınmaz əmlaklara dair Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qərara alınmışdır.
15. İş materiallarında olan Şamaxı rayon İHB-nin Göylər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-75-26/2-126/2025 saylı arayışın surətindən görünür ki, anası X29 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə kimi Şamaxı rayonunun Göylər kəndində qeydiyyatda olmuşdur və yaşamışdır. Mərhumənin vəfatından sonra varisləri qalmışdır: Ərizəçi, X25, X19, X30, X26, X18, X4r.
16. İş materiallarında olan X18 tərəfindən Notariat Ofisinə ünvanlanan ərizədən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş atası X6 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyildir.
17. İş materiallarında olan X9 tərəfindən Notariat Ofisinə ünvanlanan ərizədən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş atası X6 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyildir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şamaxı rayonu Göylər kəndində yerləşən sözügedən miras əmlak xüsusi mülkiyyət hüququ üzrə mərhum X15 məxsus olmuş, o, xx.xx.2010-cu il tarixdə ölmüşdür. Həmin vaxtdan onun oğlu X16 miras qalmış evdə ailə üzvləri ilə yaşamaqla miras əmlakı faktiki olaraq, idarə etməklə, onu birmənalı şəkildə qəbul etmişdir. X3 ölümündən sonra oğlu X16 miras qoyanın birinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi ərizəçinin izahatı, şahid ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur.
20. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
22. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək uşaqları X1 miras qalmış əmlakdan heç bir pay tələbləri yoxdur. Ərizəçi mərhum X6 ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlak hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakı o idarə edir.
23. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 miras qalmış Şamaxı rayonu Göylər kəndində yerləşən yaşayış evi və torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.
Nəticə hissəsi:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış Şamaxı rayonu Göylər kəndində yerləşən yaşayış evi və torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva