Məhkəmə qərarları › İş №2(060)-6009/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6009/2024

04.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6009/2024 04.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçılar İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil, İddiaçı2 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 2 saylı Sumqayıt Ərazi İdarəsi olmaqla) “əqdin etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh2 və Cavabdeh1nə qarşı “əqdin etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı1 və İddiaçı3 atası, İddiaçı2 isə keçmiş həyat yoldaşıdır. Cavabdeh2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/45, 4 saylı (yeni qaydalarla AZ 5002, Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsi, giriş 17, M1, m 4) mənzil, 30 aprel 1992-ci il tarixli, 24/33 nömrəli order əsasında, ailə üzvləri də nəzərə alınmaqla verilmişdir. Ailə üzvlərinin nəzərə alınmasını həmin orderə əlavə edilən siyahıdan görmək olur. Orderə əlavə edilən siyahıda adları sadalanan şəxslərin, yəni onlar – İddiaçı1, İddiaçı2 və İddiaçı3 sözügedən mənzildə həm istifadə, həm də mənzil özəlləşdirilərkən həmin mənzildən pay hüquqları olmuşdur. Bu ilin mart ayında Cavabdeh2 onlara təklif etmişdir ki, onlar Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Sverdlov (İlyas Əfəndiyev) küçəsi, ev 10/45, mənzil 4-ün onun adına özəlləşdirilməsinə razılıq versinlər. Əvəzində isə o, həmin mənzili öz adına özəlləşdirib, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra mənzili satıb, pulunu onlar, özü və digər qardaşı olan X6 arasında 5 bərabər hissəyə bölüb ödəyəcəkdir. Onlar da Cavabdeh2 inanıb, onun bu təklifini qəbul edərək, xx.xx.2024-cü il tarixdə 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə gedib, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Sverdlov (İlyas Əfəndiyev) küçəsi, ev 10/45, mənzil 4-ün Cavabdeh2 adına özəlləşdirilməsinə etiraz etmədikləri barədə ərizə yazmışlar. Lakin bu hadisədən bir müddət sonra atası – Cavabdeh2 onlara bildirmişdir ki, o, evi öz adına özəlləşdirmiş, çıxarış almışdır. Lakin evi satıb onlara heç bir ödəniş etməyəcək, bu azmış kimi hələ onları həmin mənzildən də çıxaracaqdır. Daha sonra Cavabdeh2 İddiaçı1 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 3954/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh2 iddiası təmin edilərək, İddiaçı1 7200 (yeddi min iki yüz) manat kompensasiya ödənilməklə mənzildən yaşayış hüququna xitam verilməsi və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/45, 4 saylı (yeni qaydalarla AZ 5002, Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsi, giriş 17, M1, m4) mənzildən çıxarılması qət edilmişdir. Bu hadisədən sonra əmin olmuşlar ki, Cavabdeh2 onları aldadaraq, sözügedən mənzilin özəlləşdirilməsinə etiraz etmədikləri barədə onlara ərizə yazdırmaqla həmin mənzili öz adına sənədləşdirmiş, onun məqsədi onları həmin mənzildən çıxarmaq olmuşdur. Hal-hazırda onlara qarşı elə bir vəziyyət yaranmışdır ki, Cavabdeh2 onlarla danışmaq, görüşmək belə istəmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edilər ki, onları 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində, xx.xx.2024-cü il tarixdə yazdıqları, ünvan 2, mənzil 4-ün Cavabdeh2 adına özəlləşdirilməsinə etiraz etmədikləri barədə ərizələri etibarsız hesab edilməlidir. Çünki onlar həmin ərizələri yazmaq üçün aldadılmışlar. Əks təqdirdə heç vaxt belə bir ərizə yazaraq, faktiki olaraq yaşadıqları və pay hüquqları olan mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə razılıq verməzdilər. Qeyd olunanlara əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində ünvan 2, mənzil 4-ün Cavabdeh2 adına özəlləşdirilməsinə etiraz etmədiyi barədə yazdığı xx.xx.2024-cü il tarixli, 4685, 4719 və 4717 reyestr nömrəli ərizələrin tam olaraq etibarsız hesab edilməsi və ünvan 1 (yeni qaydalarla AZ 5002, Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsi, giriş 17, M1, m4) üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair aparılmış qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, söz vermişdir. Ailə üzvləri də inamışdır ki, ataları payları bölərək verəcəkdir. Lakin yalan vəd verərək aldatmışdır. Cavabdeh polis orqanlarında verdiyi izahatında da bildirmişdir ki, evi sataraq pulun böləcəyini vəd vermişdir. Sonradan cüzi kompensasiya verməklə onların mənzildən çıxarılması barədə iddia verilmişdir. Bundan sonra məlum olmuşdur ki, cavabdeh onları aldatmışdır. Yoxsa razılıq verməzdilər. Məhkəmə iclasında İddiaçı1 izahatında bildirdi ki, onun özünə vaxt vermişdir ki, evi bölərək pay versin. Rayona qayıtdıqdan sonra da onu aldatmışdır. Daha sonra kompenssasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi barədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı2 izahatında bildirdi ki, oğlu düz deyir. Onu aldadaraq evdən çıxartmış və yalan vəd vermişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, o kimdir ki, təzyiq göstərsin. Evdən gedərkən açarları və orderi oğluna vermişdir. Onun ekiz övladlarına görə əlavə mənzil də verilmişdir. İkinci mərtəbədə bir otaq onların olsun, birinci mənzili də ona versinlər. O, onlara deməmişdir ki, satacaqdır. Onun digər oğlu 12 ildir ki, kirayədə yaşayır. Bu məsələ ilə əlaqədar o gələndə sabiq yoldaşı zəng edib, heç bir münaqişə olmamamışdır. Lakin dördüncü bölmənin rəisi demişdir ki, onun xətrinə razılaşsın. Nə o, nə də ekiz oğlu heç bir zaman şikayət etməmişlər. 30 min manat bir, 150 min manat isə bir pul vermişdir. O, heç bir müdaxilə etməmişdir. Elşənin əkiz qardaşı 10 ildir ki, kirayədə yaşayır. İddia tələbini qəbul etməyək onun təmin edilməməsini xahiş etdi. Cavabdeh1 notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işlərin sıxlığını nəzərə alaraq məhkəmə iclasının onların iştiraklı olmadan keçirilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından mülki işə Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə prosess iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. X1 ifadəsində bildirdi ki, tərəfləri tanıyır. 1979-cu il tarixdən qonşudurlar. Onlar münaqişəli ailədir. Kamal çoxdandır ki, evdə yaşamır. Bu ilin mart ayının əvvəllərində görmüşdür ki, Yaqut həyətdə ağlayır. Nə olduğunu soruşmuşdur. Bildirmişdir ki, Kamal evə gəlmiş və ev üstündə münaqişə yaranmışdır. Onlara getməyi təklif etmiş, o isə getməmişdir. Kamal çıxarkən Yaqut da ona demişdir ki, evi satacaqdır. Ev də həmişə dava-dalaş olmuşdur. Evdə yaşamaq üçün şərait də yoxdur. X2 ifadəsində bildirdi ki, bir həyətdə yaşayırlar. Tərəflər qonşudurlar. Kamal dayı 30 ildir ki, orada yaşamır. O, səs-küyə çıxmışdır. Görmüşdür ki, xalanı çölə atmışlar. Oğlu ilə özü evdə olmuşdur. Mübahisə ev üstündə olmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı1 11 iyul 2005ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 da həmin ünvanda qeydiyyatdadır. İşin materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən əldə edilmiş notarial qaydada təsdiq edilmiş çıxarışlardan görünür ki, İddiaçı3, İddiaçı1, İddiaçı2 ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Reyestrindən” “çıxarış”ın surətindən görünür ki, ünvan 1, (Yeni qaydalarla: Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsi, giriş 17, M1 m 14) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İşin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3954/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh İddiaçı1 7200 (yeddi min iki yüz) manat kompensasiya ödənilməklə mənzildən yaşayış hüququna xitam verilməsi və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/45, 4 saylı (Yeni Qaydalarla AZ 5002, Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsi, Giriş 17, M1, m4) mənzildən çıxarılması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 06 avqust 2024-cü il tarixli, 3-21-3- 31/2-Q-0041-8/2024 nömrəli İddiaçı1 ünvanlanmış müraciətə baxılması barədə məlumatdan görünür ki, ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil üzərində mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, sözügedən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn ləğvi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. ünvan 3 ünvanında yerləşən 9 saylı mənzil isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X4 13 mart 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, müraciət müəllifi İddiaçı2 və Cavabdeh2 mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olmalarının izah edilməsi qərara alınmışdır. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/45, 4 saylı (yeni qaydalarla AZ 5002, Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsi, giriş 17, M1, m4) mənzil, 30 aprel 1992-ci il tarixli, 24/33 nömrəli order əsasında, ailə üzvləri də nəzərə alınmaqla verilmişdir. Daha sonra İddiaçı3, İddiaçı1, İddiaçı2 xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Daha sonra həmin ünvan Cavabdeh2 adına xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında təsdiqlənərək çıxarış verilmişdir. Bundan sonra həmin evdə İddiaçı1 qeydiyyatı olduğundan, cavabdeh də iddia ərizə ilə məhkəməyə müraciət edərək, X7 7200 manat məbləğində kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılma barədə idda tələbi barədə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Hazırda isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “əqdin etibarsız hesab edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələr). Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 157.5 – 157.7-ci maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürülməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarında xüsusi qeyd etmişdir ki, “əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Qanunverici MM-in 157.5 – 157.7-ci maddələrində zəruri şərtlərin mövcudluğu halında əmlakın, onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə edildiyi təqdirdə əldə edənin vicdanlı sahib kimi prezumpsiyasını tanıyaraq vindikasiyanın qeyrimümkünlüyünü müəyyənləşdirmişdir. Bu cür yanaşma isə əmlakın faktiki hüquqi vəziyyəti baxımından deyil, əldə edənin (vicdanlı sahibin) həmin əmlakla bağlı əşya hüququna malik olmasını tanımaqla onun müdafiəsinin təmin olunması məqsədindən irəli gəlir. Əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Digər tərəfdən, restitusiya etibarsız hesab olunmuş əqdlə əlaqədar əmlakın, onun iştirakçısına (tərəfə) verilməsini nəzərdə tutursa, vindikasiya özgəsinin qanunsuz sahibliyindəki əmlakın belə şəxslə əqd bağlılığı olmayan üçüncü şəxsə - mülkiyyətçiyə geri qaytarılmasını müəyyənləşdirir. Bu baxımdan əqdin etibarsız hesab edilməsilə bağlı qaydaların MM-in 157.5 – 157.7ci maddələrinin tələblərinin nəzərə alınmadan tətbiqi vicdanlılıq faktorunun hüquqi təyinatını və əhəmiyyətini heçə endirərək mülkiyyətçiyə bu müdafiə vasitəsindən məhdudiyyətsiz istifadə etməklə nəinki ilk əqdin, habelə sonradan bağlanmış bütün əqdlərin etibarsız hesab olunması və əmlakın naturada qaytarılmasını (o, cümlədən vicdanlı sahibdən) tələb etmək imkanı yaradardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması çox ciddi hüquqi nəticələr yaradır. Buna görə də, dövlət qeydiyyatının aparıldığı daşınmaz əmlakın dövlət reyestrinin dəqiq və düzgün tərtib edilməsinin son dərəcə böyük əhəmiyyəti vardır. Təsadüfi deyildir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Belə yüksək tələblər şəraitində aparılan dövlət reyestrinin məlumatlarının etibarlılığına inam da olmalıdır. Məhz bu baxımdan göstərilən maddədə daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının həqiqiliyi və tamamlığı prezumpsiyası müəyyən edilmişdir. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdə aparılmış qeyd bir qayda olaraq həqiqi hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçılar kifayət qədər düşünərək, ailə münasibətlərindən çıxış edərək mənzilin cavabdehin adına rəsmiləşdirilməsinə razılıq vermişlər.Sonradan iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və həmin qərara əlavə edilmiş tərəflərin izahatları, məhkəmə qətnaməsinə əsasən müəyyən edilir ki, aralarında olan ailə münasibətlərinin pozulması və sair hallar nəticəsində mənzilin cavabdehin adına rəsmiləşdirilməsinə etiraz edərək, hazırki iddia tələbi irəli sürmüşlər. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, əqdin etibarsızlığı o hallarda mübahisə predmeti yaradır ki, həmin əqd mübahisəlidir və ya öz-özlüyündə etibarsızdır. İşin araşdırılan halları məhkəməni o qənaətə gəlməyə imkan verir ki, hazırki mübahisədə qeyd olunan xüsusatlar yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 2 saylı Sumqayıt Ərazi İdarəsi olmaqla) “əqdin etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 2 saylı Sumqayıt Ərazi İdarəsi olmaqla) “əqdin etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar