Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6043/2024 28.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti olmaqla) “əmrin ləğvi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 oktyabr 2024-cü il tarixdə, Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı-Cavabdehna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti olmaqla) “əmrin ləğvi və sair” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 113 saylı, X1 işdən azad edilməsi haqqında əmrin ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa edilməsi və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X3 xx.xx.2009-cu ildən xx.xx.2024-cü il tarixinə qədər Sumqayıt şəhəri, 47 saylı uşaq bağçasında dayə-xadimə vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixində işlədiyi bağçanın müdiri Aytən Kərimlinin onun barəsində təşkil etdiyi qanunsuz hərəkətləri və qurduğu oyunlar nəticəsində onun imzaladığı əmrə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Bağça müdirinin onunla ədavət aparmasının əsas səbəbi bağçada uşaqlara verilən yeməklə əlaqədar ona iradını bildirməyi olmuşdur. Bu iraddan qəzəblənən Aytən Kərimli bəhanə taparaq onu susdurmaq məqsədi ilə ona şiddətli töhmət vermiş və həmin gündən bütün əlinə düşən bəhanələrdən istifadə edir, onu gözüm çıxdıya salmışdır. Hətta 2024-cü ilin mart ayında işçiləri Aygün Dadaşova tərəfindən təhqirə məruz qalmağı ilə əlaqədar ona şikayət etdikdə günahkarın əvəzinə onu cəzalandırmış və ona əsassız olaraq töhmət vermişdir. O, 2024-cü ilin may ayının 7-də səhhəti ilə əlaqədar (qızdırması olmuşdur) olaraq yaşadığı H.Z.Tağıyev qəsəbəsində olan poliknikaya getmiş, həkim Şahin Əliyevin qəbulunda olmuşdur. Həmin ona müalicə yazmış və xəstəlik kağızını açmışdır. Bir neçə gün müalicə olunmağını məsləhət bilmişdir. Qan analizlərinə əsasən resept yazmış və bildirmişdir ki, mədə-bağırsaq problemi də ola bilər. xx.xx.2024-cü ildə həyat yoldaşı qızdırmasının düşməməsi ilə əlaqədar həkim Şahin Əliyevlə görüşmüş və vəziyyəti ona danışdıqda, həkim bildirmişdir ki, müalicə davam etdirilsin. Xəstəlik kağızını uzadacağını bildirmiş, o da 13-14 may tarixlərində işə çıxmamış, müalicəsini davam etdirmiş, çünki qızdırması düşməmişdir. xx.xx.2024-cü ildə həkim Şahin Əliyev onu poliknikaya çağırmış və demişdir ki, xəstəlik kağızını uzada bilməyəcəkdir. Çünki müdirləri Aytən Kərimli mesaj göndərərək onun xəstə olmadığını və ona xəstəlik kağızının açılmamasını istəmişdir. O, etiraz edərək demişdir ki, onun qızdırması düşmür. Onu necə bu vəziyyətdə işə yazır. Ona normal temperatur 36.6 olur. Həkim isə onu baş həkimə yönəltmiş, o da bildirmişdir ki, 37.0 temperatur normal sayılır. xx.xx.2024-cü il tarixinə ona arayış versələr də, xx.xx.2024-cü il tarixinə arayış verməmişdirlər. O, artıq başa düşmüşdür ki, bu məsələ onun üçün təşkil olunmuş və başqa poliknikalara müraciət etmişdir. Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən modul tipli xəstəxanada və 3 saylı xəstəxananın poliknika şöbəsində müayinə edilərkən qızdırması olduğunu, qan analizlərinin cavabını gördükdə demişdirlər ki, vəziyyət ciddidir. Müalicə olunmalıdır. Amma xəstəlik kağızını hər iki baş həkim soyadını, adını gördükdən sonra imzalamamışdırlar. Səbəbi isə müdirlərinin göndərdiyi mesaj olmuşdur. Bu fakt onun müdiri üçün fürsət olmuşdur ki, iki gün ərzində bütün formal prosedurları yerinə yetirərək onu işdən azad etmək haqqında əmrini imzalamışdır. Onun etirazlarına, xəstə olmağı ilə əlaqədar işə gəlməməyi barədə izahata heç bir əhəmiyyət verməmişdir. O, evə gəldikdən sonra tədricən ağrıları başlamışdır. O, xx.xx.2024-cü ildə Sumqayıt şəhəri, Təcili Tibbi Yardım Xəstəxanasına qəbul edildikdən sonra məlum olmuşdur ki, qızdırma və ağrılar kor bağırsağın deşilməsi nəticəsində olmuş və o, təcili əməliyyat olunmuşdur. Cərrahiyyə əməliyyatından sonra cərrah Elxan həkim ona demişdir ki, o, real ölüm vəziyyətindən qurtarılmışdır. O, həkiminə təşəkkür etmiş, vəziyyəti ona danışmışdır. O isə bildirmişdir ki, xəstəliyin gedişi xx.xx.2024-cü il tarixdən başlamış, ona vaxtında düzgün diaqnoz qoyulmamışdır. Qeyd olunanlardan açıq-aşkar görünür ki, o, xəstə ola-ola bağça müdirinin tapşırığına əsasən nəinki vaxtında müalicə almamış, işdən də qərəzli şəkildə azad edilmişdir. Bu faktı onun təqdim etdiyi sənədlərdə də təsdiq edir. Həm də o, H.Z.Tağıyev qəsəbəsindəki poliknikadan xəstəlik kağızının surətini, ambulator kitabdan çıxarışı, xx.xx.2024-cü il tarixində verilmiş arayışın surətini ala bilmədiyi üçün, məhkəmənin həmin sənədləri poliknikadan, işdən azad edilməsi barədə sənədləri isə cavabdehdən tələb etməyi xahiş etmişdir. O, aşkar edilmiş pozuntular barədə Əmək Müfəttişliyinə, Abşeron-Xızı regional Təhsil İdarəsinə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir. Cavabdeh mediasiya prosesinə də gəlməmişdir. Bunu ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış təsdiq edir. O, işdən azad olunmağı barədə əmri xx.xx.2024-cü ildə aldıqdan sonra xx.xx.2024-cü ildə mediasiya təklifi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin xəstəliyi ilə əlaqədar və hüquqi savadsızlığından, mediasiya prosessi xx.xx.2024-cü ildən başa çatmış və xx.xx.2024-cü ildə mediasiya arayışını almışdır. Müddət məsələsinə baxılarkən bunun nəzərə alınmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə yazılı izahat təqdim etmiş və bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X1 Cavabdehna qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə müavinətin ödənilməsinə dair məhkəmənin hazırlıq iclası və məhkəmə baxışı zamanı araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı 05 may 2024-cü il tarixində qızdırma və ağrılarla 7 saylı ailə sağlamlıq mərkəzinə müraciət etmiş, ona əmək qabiliyyətinin olmaması barədə xəstəlik kağızı açılmış, xx.xx.2024-cü il tarixində xəstənin xəbəri olmadan kimlərinsə göstərişi ilə bağlanmış, ona heç bir xəbərdarlıq olunmadan işə yazılmışdır. xx.xx.2024-cü il tarixində Kəmalə Mehdiyeva xəstəxanaya həkim Əliyev Şahin tərəfindən çağırılmış, xəstəlik vərəqinin bağlanması barədə ona məlumat verilmiş və xəstəlik kağızı məhz xx.xx.2024-cü ildə ona təqdim edilmişdir. Baş həkim Vüsalə Cavadzadənin qəbulunda baş həkim ona artıq sağaldığını sübut etməyə çalışsa da, Kəmalə Mehdiyeva ona qızdırmasının olduğunu və qarın nahiyəsində ağrıların olduğunu bildirsə də, o, buna əhəmiyyət verməmişdir. Xəstə olduğu halda xəstəlik kağızını xx.xx.2024-cü ildə alan iddiaçı 13 və 14 may 2024-cü il tarixlərində işə yazılmış olduğunu bilməmiş, özündən asılı olmayan səbəblərə görə işdə olmamışdır. Bağlanmış xəstəlik vərəqi həkim tərəfindən ona xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Xəstəlik vərəqi ona təqdim edildiyi günün səhərisi gün işə getmişdir. Həmin gün digər müalicə müəssisələrinə müraciət etsə də bağça müdirəsinin təhriki ilə onun şikayətlərinə məhəl qoyulmamışdır. X9 xəstəlik kağızının verilməməsi barədə müraciətin kim tərəfindən verilməsinin müəyyənləşdirilməsi barədə məhkəməyə müraciət edilsə də vəsatət təmin edilməmişdir. AR MPM-nin 78.2-ci maddəsinə əsasən tərəf sübutların müstəqil əldə edilməsində çətinlik çəkdikdə məhkəməyə vəsatətlə müraciət edə bilər və məhkəmə buna yardım etməlidir. Həm də bu sübut dövlət strukturunun nümayəndələrindədirsə, digər tərəf isə adi vətəndaşdır. Evdə ağrıkəsici iynə və dərmanlardan və digər vasitələrdən istifadə etsə də xx.xx.2024-cü ildə ağırlaşma əlamətləri ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının cərahiyyə şöbəsinə qəbul edilmiş və 2,5 saat əməliyyat olunaraq, həkimlərin səyi ilə ölümün pəncəsindən xilas olmuşdur. Həmin əməliyyatın epikrizi məhkəməyə təqdim edilmişdir və sübut olunur ki, xəstə irinli peritonit diaqnozu ilə əməliyyat olunmuş, əməliyyatdan sonra 5 gün xəstəxanada müalicə olunmuş və xəstəxanadan çıxdıqdan sonra cərrahın nəzarətində olması məsləhət görülmüşdür. Bu xarakterli əməliyyatlar xəstəxanada bir gün də artıq saxlanılmır. Beləliklə, görünür ki, 05 may 2024-cü ildən xəstə olan Kəmalə Mehdiyeva kor bağırsağın iltihablaşması və vaxtında müalicə almaması nəticəsində kor bağırsaq partlamış, həkim səhlənkarlığının nəticəsində həm işdən azad olunmuş, həm də həyatı təhlükədə qalmışdır. Xəstəliyin əlamətlərini isə aşkar etmək o qədər də çətin deyildir. Adi uzi və cərrah müayinəsi ilə bunu aşkar etmək mümkündür. Bu fakta məhkəmə lazımi qiymət verməlidir. Fakt üzrə araşdırma aparılması barədə müvafiq orqanlara təqdimat göndərməlidir. Kəmalə Mehdiyevanın bütün iş günü iş gəlməməsi səbəbi ilə AR Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə işdən azad edilməsi heç bir araşdırma aparılmadan ildırım surəti ilə rəsmiləşdirilmişdir. Lakin onun işdən azad edilməsi haqqında əmrin verilməsi Əmək Məcəlləsinin tələblərinin pozulması ilə müşaiyət olunmuşdur. AR Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə işin hallarından da görünür ki, iddiaçının hərəkətlərində qəsd, səhlənkarlıq və etinasızlıq kimi əlamətlər yoxdur. İşə getməməsi sırf həkimlərin onu vaxtında xəbərdar etməməsi, həm də xəstə olması üzündən olmuşdur. Həmin maddənin 3-cü bəndində isə deyilir ki, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmrdə isə bu əsaslandırmanı müşahidə etmək mümkün deyildir. Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndində işçi tərəfindən özünün xəstəliyi, yaxın qohumlarının xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Müdiriyyət işə işçinin işə gəlməməsinin səbələrini araşdırmadan və yoxlamadan, onun həqiqətən xəstə olmasına baxmadan qərəzli şəkildə əmək müqaviləsinə xitam vermişdir. Kəmalə Mehdiyevanın 17 ildən artıq fasiləsiz həmin bağçada işləməsini, üç uşağının olması, ailədə yeganə işləyərək, ailəni dolandıran tək şəxs olmasını, bağçasının ictimai işlərində və tərtibatında fəal iştirakını da nəzərə almamışdır. Qeyd edilənlərə əsasən, X1 iddiasının təmin edilməsini, 47 saylı uşaq bağçasının müdiriyyətinin onun barəsində işdən azad edilməsi barədə əmrini ləğv edilməsini, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqından ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, həkim qəbulunda olmuş, ayın 14-ünün kağızını da həkim vermişdir. Lakin Aytən xanım kağızı ona verməmişdir. Əgər ayın 14 günü işdə olmalı idisə, iş başlamışdan öncə iş yerində olmuşdur. Xəstəlik vərəqəsini bilməsə idi, iş yerində qalıb işləyərdi. Lakin xəstəlik vərəqəsini bilmişdir. Ayın 11-i, yəni həftənin altıncı günü ona zəng gəlmişdir ki, onun vaxtı uzadılmışdır. Ayın 13-ü evdə olmuş, ayın 14-ü saat səkkizə on beş dəqiqə qalmış iş başlamamış iş yerində olmuşdur. Aytən xanım onu görmüşdür. Onun iş yerində əşyaları vardır. Hal-hazırda da vardır. Onları götürməmişdir. Bülletendə olduğunu demişlər, ona görə də əşyaları götürməmişdir. Həmin zaman otağına da keçməmişdir. 14ü işdə olacağını bilsə idi, qalıb işində işləyərdi. Əşyaları həm götürmək üçün həm də Aytən xanıma bir həftə qalacağını bildirmək üçün getmişdir. Ayın 14-ü saat 07:52-də, heç iş başlamamışdan öncə orada olmuşdur. İşdən çıxarılacağını bilsə idi, işində qalıb işləyərdi. Səhhəti pis olmuş, üstəlik bir həftə sonra ağır əməliyyat da olunmuşdur. Qızdırmalı olmuş, lakin qızdırmasının nədən baş verməsini bilməmişlər. Vüsalə xanımın yanında olanda da onun hərarətini ölçmüş və 37 dərəcə qızdırması olmuşdur. Vüsalə xanım da bunun qızdırma olmadığını demişdir. Ayın 13-ü yox, 14-ü iş yerində olmuşdur. Ağrıları və qızdırması olduğu üçün xəstəlik vərəqəsi açdırmışdır. Hal-hazırda həmin bağçanın əksəriyyəti müdiriyyət ilə yola getmədiyi üçün xəstəlik vərəqəsi açdırmışdır. O isə 17 ildə birinci dəfədir ki, xəstəlik vərəqəsi açdırmışdır. Ayın 14-ü saat 10 yarsı məktəbə getmişdir. Şahin həkim demişdir ki, xəstəxanaya gəl. Ona demişdir ki, baxçada nə işi vardır. Həkim dedi ki, müdir demişdir ki, onunla oyun oynayır. Onlar iddiaçıya bülleten verə bilməyəcəkdirlər. Ayın 7-i bülleten açılmış, 11-i yoldaşı xəstəxanaya getmişdir. Ona demişdirlər ki, uzadılacaqdır. Qızdırması da düşməmişdir. Ayın 11-də demişdir ki, uzadır. Uzadılmanı isə özü yox, yoldaşı görmüşdür. Əgər uzadılmamışdırsa ayın 14-ü Şahin həkim nə üçün ona zəng etmişdir. Həmin halla bağlı səs yazıları vardır. Səs yazıları da onun qızındadır. Onun üç uşağı vardır. Məhkəməyə müraciət etməmişdən öncə bütün dövlət orqanlarına müraciət etmişdir. Daha sonra ədalət üçün də məhkəməyə müraciət etmişdir. Onun uşaqları da orada böyümü, xeyiri-şəri də orada olmuşdur. 17 il qanuni iş stahjı olmasına baxmayaraq, anasının yerinə də işlədiyi müddət faktiki olaraq 26 il təşkil edir. Bağçanın bütün işlərində iştirak etmişdir. On bir nəfər valideynin onun işə qayıtması barədə ərizəsi vardır. Abşeron Regional Təhsil Şöbəsində də olmuşdur. Ona demişdirlər ki, heyif ki, onun kimi bir işçini itirmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçının iş yerində başqa bir xanımla aralarında mübahisə olmuşdur. İddiaçıya təhqiredici mesajlar göndərmişdir. Xanım da müdiriyyətə yazılı şəkildə şikayət etmişdir ki, həmin adam onu təhqir edir. Həmin adam kənarda qalmış, iddiaçıya töhmət verilmişdir. İddiaçının 37 dərəcə qızdırması olmuş və ona bunun qızdırma olmadığını demişlər. Əslində isə bu qızdırmadır. Həm də ki, evdə ola ola dərman içmiş və dərmanları qəbul etmişdir. Ayın 5-dən xəstəlik başlamışdır. Lakin həkim səhlənkarlığı ucbatından xəstəliyin səbəbini tam olaraq müəyyən edə bilməmişlər. Baş həkim yazır ki, 11-i bağlanmışdır. Kitabda isə yazılır ki, ayın 9-u və 11-i həkim qəbulunda olmuşdur. Xəstənin qarın boşluğunda olan ağrını da həkim müəyyən edə bilməmişdir. Ayın 14-ü iş yerinə gəlsə də bu o demək deyildir ki, o, xəstə olmamışdır. Xəstəlik kağızı da o vaxt verilir ki, bağlananda kitaba imza edib götürməlidir. Aytən xanım görüşəndən sonra küsüb getmişdir. Xəstəlik kağızının bağlanması ona ayın 14-ü təqdim edilmişdir. Əgər ayın 11-i olubsa ona da xəstəlik kağızı həmin gün bağlanıb verilməli idi. İddiaçı ayın 7-i qəbulda olmuş və orada da qəbul vaxtları ayın 9-u və 11-i yazılmışdır. Ayın 11-i iddiaçı qəbulda olsa da, baş həkim iddiaçının qəbula gəlmədiyini yazmışdır. Xanım ayın 11-i xəstəlik vərəqəsinin bağlandığını bilməmişdir. Ayın 11-i yoldaşı həkimin qəbuluna getmiş və həkimə demişdir ki, qızdırması düşmür. Həkim də demişdir ki, müalicəsini davam etdirsin. Xəstəlik vərəqəsinin müddətini uzadacaqdırlar. Əgər bağlıyırdısa həkimin borcu idi ki, həmin vərəqi iddiaçıya təqdim etsin. 11 –i yox, ayın 14-ü təqdim etmişdir. İddiaçı 7 saylı Sağlamlıq Mərkəzinə müraciət etmişdir. Ayın 5-i ona xəstəlik vərəqəsi açılmışdır. Baş həkimin sorğuya cavabı da vardır. Yazmışdır ki, Mehdiyeva Kəmalə həkim konsultasiyasına gəlmədiyi üçün onun xəstəlik vərəqəsi bağlanır. Orada sağaldığı üçün bağlandığı yazılmamışdır. Ayın 14-ü də Şahin həkim Kəmalə xanıma zəng edərək onu xəstəxanaya çağırmışdır. Həmin vaxtı da demişdir ki, onun xəstəlik kağızının vaxtını uzada bilmirlər. Çünki onların müdiriyyəti zəng etmiş, onlara da sms gəlmişdir. Oradan da müəyyən olunur ki, xəstəlik kağızının verilməməsi barədə yuxarı təşkilatlardan sifariş daxil olmuşdur. Ona görə də ayın 11-i xəstəlik kağızının bağlanması iddiaçıya məlum olmamışdır. Xəstəlik kağızının bağlanması barədə xüsusi jurnal da vardır. Həmin jurnal təqdim olunsa oradan müəyyən oluna bilər ki, xəstəlik kağızı iddiaçıya nə zaman təqdim olunmuşdur. Hesab etmirlər ki, Kəmalə xanımın həmin zaman xəstəliyi bitmişdir. Daha sonra Kəmalə xanım güclü ağrılarla və tempraturla Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işçini işdən azad etmək üçün əsaslı səbəblər olmalıdır. Həmin əsaslı səbəblər də əmrdə öz əksini tapmalıdır. Mehdiyeva Kəmalə qəsdən, səhlənkarlıq nəticəsində işdən qalmamışdır. Xəstəlik səbəbi ilə işdən qalmışdır. Bunu da təkcə xəstəlik kağızı sübut etmir. 37 qızdırması ola-ola ona xəstəlik kağızı açmamışdırlar. Ona görə də Kəmalə xanımın işdən qalması əmək funksiyasının kobud surətdə pozulması demək deyildir. İzahatında da qeyd etmişdir ki, ayın 13-ü işə ona görə gəlməmişdir ki, həkim ona demişdir ki, onun xəstəlik kağızının vaxtı 14-nə kimi uzanmışdır. 17 il fasiləsiz, qüsursuz, bağçanın ictimai işlərində fəal iştirak edən işçini xəstə olduqlarını bilə-bilə işə gəlmədiyi üçün tez bir zamanda işdən çıxarmışlar. Kəmalə xanım direktoru heç nəyə məcbur etməmişdir. Səs yazılarını da direktora göstərmişdir ki, onun barəsində tədbir görülsün. Burada heç bir formal mülahizə yoxdur. Xanıma xəstəlik vərəqəsi 14-ü verilmişdir. Xanım qərəzli şəkildə işdən çıxarılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, vəsatət məhkəmənin hazırlıq iclasında verilmədiyi üçün gecikmiş vəsatət hesab olunmalıdır. Baş həkiminin və müalicə həkiminin dəvət olunaraq dindirilməsinin heç bir əhəmiyyəti yoxdur. Xanım ayın 13 və 14-ü həkim qəbulunda olmuşdur. Öz xətti ilə yazdığı ərizə vardır ki, qəbulda olmuşdur. Xanım özü bilirdi ki, ayın 14-ü işdə olmalıdır. Çünki, özü bildirmişdir ki, 13-ü həkimin qəbulunda olmuşdur. 14-ü də eyni qaydada qəbulda olmuş və demişdir ki, həkim bildirmişdir ki, işdə olmalıdır. Hesab edir ki, vəsatət təmin olunmamalıdır. Video-disk xanımın ayın 13-ü və 14-ü baxçaya gəlməsinin video-görüntüləridir. Heç də xanım əşya üçün gələnə oxşamır. Orada rəfiqələri ilə söhbət edir. Əmlak götürməsi ilə bağlı heç bir görüntü yoxdur. Gəlir, iştirak edir və gedir. İddiaçıya 07 may 2024-cü il tarixdən 11 may 2024-cü il tarixə qədər xəstəlik vərəqəsi açılmışdır. Həmin xəstəlik vərəqəsində 12 may 2024-cü il tarix işə başlama tarixi kimi qeyd edilmişdir. Xanım da əvvəlcədən məlumatlı olmuşdur. Mülki işin araşdırılan hallarına əsasən də müəyyən edilir ki, xanım əmək qabiliyyətinin olmaması barədə vərəq ilə tanış olmuşdur. Həmin vərəqədə də ayın 12-i işə çıxma tarixi qeyd edilmişdir. Ayın 13-ü və 14-ü tarixlərində heç bir sənəd və mötəbər sübut olmadan xanım iki gün ard-arda heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. Xanımın 14-ü işə gəlməməsinin səbəbi də odur ki, xanım gələrək məlumat vermişdir ki, sağalmış və hər şey yaxşıdır. Sadəcə ürəyi belə istədiyi üçün gəlmir. Səs yazılarından da görünür ki, dəfələrlə müdirlə mübahisə etmiş və onun səlahiyyətlərinə müdaxilə etmişdir. Töhmət verməli, vermədiyi təqdirdə müdirə kimi qalmayacağı barədə ifadələr işlətmişdir. Digər bir işçi barəsində inzibati aktın müdir tərəfinən qəbul edilməsinin göstəriş verilməsi əmək funksiyalarının layiqincə yerinə yetirilməməsinin göstəricisidir. Çünki, başqa şəxsə töhmət verilməsini iddiaçı özü təsdiq etmişdir. X6 müraciət etmişdir. Orada da xanımın əmək müqaviləsinə xitam verilməsinin Əmək Qanunvericiliyin tələbləri gözlənilməklə xitam verildiyi bildirilmişdir. Hesab edir ki, iddiaçının ərizəsi əsassızdır. Söylənilən bütün fikirlər formal mülahizələrə əsaslanır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞS/MT030/2024-01674 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya təşkilatında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Cavabdeh nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərci onun tərəfindən ödənilmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt Şəhər 47 nömrəli körpələr evi-uşaq bağçası tərəfindən verilmiş “işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında” 16 may 2024-cü il tarixli, 113 nömrəli əmrindən görünür ki, İddiaçı – bağçanın xadimə-dayəsi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu məcəllənin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xx.xx.2024-cü il tarixindən xitam verilməsi, istifadə etmədiyi 16.5 təqvim günü məzuniyyət pulunun – çalışdığı günlərə görə əmək haqqının ödənilməsinin Aşberon-Xızı Regional Təhsil İdarəsinin Maliyyət İqtisadiyyat sektoruna həvalə edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Sumqayıt Tibb Mərkəzi X15 Təcili Tibbi Yardım Xəstəxanası” tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1064 nömrəli sorğuya cavabdan görünür ki, X3, xx.xx.2024-cü il tarixdə, saat 14.50-də cərrahiyə şöbəsinə stasionar müalicəyə daxil olmuşdur. Xəstənin təcili və təxirəsalınmaz Tibbi Yardım şöbəsinə verdiyi məlumata görə, bir həftədir ki, şikayətləri başlamışdır. Bir gün ağrılar dözülməz olmuşdur. Epiqastral nahiyyədə olan kəskin ağrılardan şikayət edir, ağrıların intesivliyi şiddətləndikdən sonra TTYX-na müraciət etmişdir. Xəstənin halı orta ağırdır, huşu aydındır. xx.xx.2024-cü il tarixdə, saat 20.50-də appendoktomiya əməliyyatı icra olunmuş, saat 22.00-da sona çatmışdır. xx.xx.2024-cü il tarixdə, saat 11.00-da kafi vəziyyətdə ambulator müalicəyə yazılmışdır. Cərrahın nəzarəti məsləhət verilmişdir. X1 əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixdə 47 nömrəli uşaq baxçasına dayə-xadimə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə üzrlü səbəb olmadan işə gəlmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, iddiaçının xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X5 adlı üç övladı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron Xızı Regional Şöbəsi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli, 3-17- 5/2-M-56911/2024 nömrəli X2 ünvanlanmış müraciətə cavabdan görünür ki, Sumqayıt Şəhər Abşeron-Xızı regional təhsil idarəsinin və Sumqayıt şəhər 47 nömrəli körpələr evi – uşaq bağçasının rəhbərliyinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-29-36/2-1017/2024 nömrəli rəsmi məktuba və təsdiqedici sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, onunla xx.xx.2009-cu il tarixində müddətsiz əmək müqaviləsi bağlanılaraq Sumqayıt Şəhər 47 nömrəli körpələr evi uşaq bağçasına iş üzrə xadimə-dayə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-il tarixdə əmək müqaviləsinə 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, 72-ci maddənin “a” bəndinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) ilə xitam verilmişdir. Səhhəti ilə əlaqədar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi açılmış və işə başlama tarixi xx.xx.2024-cü il tarixli qeyd olunmuşdur. Onlar xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixində üzrsüz səbəbdən işə gəlməmişdir. Ona son haqq-hesabları (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) cəmi: 343,76 manat işdən çıxdığı sonuncu iş günü, xx.xx.2024-cü il tarixində əmək haqqı kartına köçürülmüşdür. Onlar xx.xx.2024-cü il tarixində X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim etdikləri izahatında xx.xx.2024-cü il tarixdə əsassız olaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini bildirmişdir. Həmçinin həkim tərəfindən “əmək qabiliyyətinin olmaması vərəqəsi” açılacağı bildirilsə də xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə “əmək qabiliyyəti olmaması vərəqəsi” açılmadığı, tələbinin xitam əmrinin ləğv olunması və işinə bərpa olunmağı ilə bağlı olduğunu qeyd etmişdir. İşəgötürən tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli aktlar, xx.xx.2024-11 may 2024-cü il tarixli, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi, 15 may 2024-cü il tarixli izahatı, Həmkarlar Təşkilatına 15 may 2024-cü il tarixli, 52 nömrəli təqdimatı, 16 may tarixli imtina aktı və davamiyyət jurnalından çıxarışa əsasən müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. Məlumat üçün bildirilmişdir ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarına aid olduğundan yenidən işlə təmin olunmağı ilə bağlı müəssisə rəhbərliyinə müraciət etməyi məqsədə uyğun hesab olunmuşdur. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X13 Şəxs “Sumqayıt Tibb Mərkəzi” X15 1 nömrəli Şəhər Xəstəxanasının poliknika şöbəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 09 oktyabr 2024-cü il tarixli, 471 nömrəli sorğuya cavabdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliknika şöbəsinə “ürəkdöyünmə, ürəyin hipertenziv xəstəliyi” diaqnozu ilə həkim-kardioloqa müraciət etmişdir. Vətəndaş İddiaçı müraciəti əsasında əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsinin verilməsinə heç bir əsas olmadığı üçün açılmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Sumqayıt Tibb Mərkəzi PHŞ 3 nömrəli Xəstəxana tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 15 oktyabr 2024-cü il tarixli, 294 nömrəli sorğuya cavabdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində Sumqayıt Şəhər 3 nömrəli xəstəxananın poliknika şöbəsinin həkim kardioloq qəbulunda olmamışdır. İddiaçı tərəfindən Cavabdeh müdirinə ünvanlanmış izahatdan görünür ki, o, xəstə olan müddətdə həkim onun xəstəlik vərəqəsinin uzadılmasına qərar vermişdir. Bu səbəbdən də o, xx.xx.2024-cü il tarixdə işə gəlməmişdir. Bu barədə də müdiriyyətə xəbər vermişdir. Sonra ona həkim tərəfindən zəng gəlmişdir. O, xx.xx.2024-cü il tarixdə həkimin qəbulunda olduğu üçün işə yenə getməmişdir. Sonra ona həkim demişdir ki, işdə olmalıdır. Səbəbini soruşduqda isə ona müdiriyyətindən zəng olduğunu bildirmişdir. Bu səbəbdən o, işə getməmişdir. 20 il ərzində xoşagəlməz hadisəyə yol verməmişdir. Bu hadisənin səbəbi müdiriyyət Kərimli Aytən xanımın öz zəngi ilə ona və həkimə hədə-qorxu edərək onun işə gəlməməyinə səbəb olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatlarla müəyyən olunmuşdur ki, dayə-xadimə vəzifəsinə işə qəbul edilmişdir. Sonra Cavabdeh müdirinin xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı da işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsinin ləğv olunması ilə əlaqədar fərdi əmək mübahisəsi yaranmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı işdən çıxarılmasının qanunsuz və əsassız olduğunu, cavabdeh isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunduğunu bildirmişdir. Məhkəmə əmək müqaviləsinin ləğv olunması ilə bağlı tərəflər arasında yaranan mübahisəli hüquq münasibəti ilə əlaqədar aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə sübut etmə yükü məhz cavabdeh tərəfin üzərinə düşür. Belə ki, hazırki mülki iş üzrə mübahisənin predmetini işəgötürən qismində çıxış edən Sumqayıt Şəhəri 47 saylı Uşaq Bağçasının müdiri tərəfindən iddiaçı barəsində verilmiş müvafiq əmrin ləğv edilməsi təşkil edir. Bu halda məhkəmə hesab edir ki, müvafiq əmrin qəbul edilməsinə əsas olan halları sübut etmək öhdəliyi məhz həmin əmri qəbul etmiş cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı–işçi ilə əmək münasibətlərinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmuş, həmkarlar ittifaqına təqdimatla müraciət olunmuş (Həmkarlar Təşkilatına 15 may 2024-cü il tarixli, 52 nömrəli təqdimatı), müvafiq əmr imzalanmış, işçiyə bu barədə məlumat verilməklə, onunla son haqq-hesab aparılmışdır. İddiaçı məhkəməyə əmək münasibətlərinə qanunsuz xitam verilməsi əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də qeyd edilən əmrin ləğv və iddiaçının işə bərpa edilməsi üçün heç bir əsas yoxdur. O cümlədən, əmək münasibətlərinə xitam verilməsində heç bir qanunsuzluq aşkarlanmadığından, iddiaçı işburaxmaya görə əmək haqqı hesablanmasını və ya digər zərərin əvəzini tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsassızdır. Belə ki, iddiaçı heç bir üzrlü səbəb olmadan xx.xx.2024,xx.xx.2024-cü il tarixlərdə işə gəlməmiş və bununla da əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı sənədləşdirmə qanunamüvafiq qaydada aparılmış, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuşdur. Cavabdeh işəgötürən tərəfindən həmkarlar ittifaqının razılığının alınması üçün təqdimat göndərilmiş və həmin təqdimata dair həmkarlar ittifaqı tərəfindən işçinin bu əsasla əmək müqaviləsinə xitam verilməsinə razılığı ifadə edən protokol-qərardan çıxarış təqdim olunmuşdur. Beləliklə, iddiaçı tərəfindən Sumqayıt Şəhəri 47 saylı Uşaq Bağçasının müdirinin onu işdən çıxarmaqda maraqlı olması barədə irəli sürülən həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, yalnız iddiaçının öz şəxsi mülahizələrinə əsaslanmışdır. İddiaçının özünün izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, AR MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi,adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrəişçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş ƏM-nin müvafiq maddəsi göstərilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -71.2-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. -72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati- sərəncamverici səlahiyyətlərə malik olur. Əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquqbərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar AR ƏM-nin 70-ci maddəsinin yalnız «ç» bəndində nəzərdə tutulan əsasa aiddir. Bu zaman qanunvericilik işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün aşağıdakı şərtləri müəyyən etmişdir: -işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; -işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır; -işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır. Nəzərə almaq lazımdır ki, əgər işçinin öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamışsa və ya işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin(onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişsə, həmin işçi ilə əmək müqaviləsinin AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Həmçinin 71.3-cü maddəsinə əsasən işəgötürən üçün bu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt müəyyən edilmişdir ki, o, hər bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır. Hüquqi dövlətdə insan hüquqlarının məhdudlaşdırılması yalnız qanun əsasında mümkündür. Bu prinsip “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Konstitusiya Qanununun 3.1 və 3.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsas tələbdən törəmə tələb olub, işə bərpa barəsində iddia tələbindən yaranmışdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə hissəsində də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödənilməsindən azad edildiyindən və iddia rədd edildiyindən dövlət rüsumu tərəflərdən tutulmamalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti olmaqla) “əmrin ləğvi və sair” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6043/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6043/2024
28.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver