Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6078/2021 14.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Şahbazov Xanəmir İsmayıl oğlu və Cavabdeh2 qarşı bağ evinin boşaldılması və yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Şahbazov Xanəmir İsmayıl oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi 57,8 kv.m, yardımçı sahəsi 102,7 kv.m, ümumi sahəsi 160,5 kv.m olan B-3112 A nömrəli bağ evindən istifadənin dayandırılması (boşaldılması), Cavabdeh1 və Cavabdeh2 qızının yaşayış sahəsindən istifadə hüquqlarına xitam verərək həmin evdən çıxarılmaları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən B-3112 A nömrəli bağ evinin boşaldılması və Cavabdeh1 və Cavabdeh2 qızının bağ evindən çıxarılmaları və evin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 25 aprel 2014-cü il tarixində AZBA-009817 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə verilmiş kreditin təminatı kimi Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi 57,8 kv.m, yardımçı sahəsi 102,7, ümumi sahəsi 160,5 kv.m olan B-3112A nömrəli bağ evinin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit öhdəliklərini vaxtlı vaxtında yerinə yetirmədiyi üçün "xxxx" BOKT MMC borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2814/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 70 573.46 ABŞ dolları kredit borcunun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini, ipoteka predmetinin 87500 ABŞ dolları ilkin satış qiyməti ilə açıq hərracdan satılmasını qət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(1050-396/2018 saylı iş üzrə 18 iyul 2021-ci il tarixli qətnaməsi ilə faiz borcu və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində qətnamə dəyişdirilmiş və yeni faiz borcu 10977,73 ABŞ dolları, ipotekanın ilkin satış qiyməti isə 205 000 manat müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və müvafiq icra qurumu tərəfindən icra edilmişdir. Hazırda Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi 57,8 kv.m, yardımçı sahəsi 102,7 kv.m, ümumi sahəsi 160,5 kv.m olan B-3112 A nömrəli bağ evi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 21.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyətindədir. Lakin bugünə kimi Cavabdeh1 və Cavabdeh2 həmin mənzili tərk etməmişlər. Baxmayaraq ki, cavabdehlər ipoteka müqaviləsi bağlanarkən müvafiq öhdəliyi notarial qaydada öz üzərlərinə götürmüşlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - DİN-nin verdiyi ******* saylı arayışından görünür ki, ünvan 1 ünvanında pasport qeydiyyatında heç bir şəxs yoxdur. - Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 mülkiyyətçisi "xxxx" MMC -dir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2814/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 70573.46 ABŞ dolları kredit borcunun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini, ipoteka predmetinin 87500 ABŞ dolları ilkin satış qiymətilə açıq hərracdan satılmasını qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-396/2018 saylı iş üzrə 18 iyul 2021-ci il tarixli qətnaməsi ilə faiz borcu və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində qətnamə dəyişdirilmiş və yeni faiz borcu 10977.73 ABŞ dolları, ipotekanın ilkin satış qiyməti isə 205 000 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 "xxxx" MMC -nə məxsusdur. Cavabdehlərin evə heç bir hüquqları yoxdur, yəni o, onların həmin evdə qalması mülkiyyətçinin maraqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur.Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununu 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1.) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2.) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin mənzildə qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Məhkəmə hesab edir ki, cavabdehin mənzildə qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən B-3112 A nömrəli bağ evi boşaldılmalı, Cavabdeh1 və Cavabdeh2 qızının bağ evindən çıxarılmalı, ünvan 1 iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən B-3121 A nömrəli bağ evi boşaldılsın. Cavabdeh1 və Cavabdeh2 bağ evindən çıxarılsınlar. ünvan 1 iddiaçıya təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6078/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6078/2021
14.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver