Məhkəmə qərarları › İş №2(060)-6082/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6082/2021

20.08.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6082/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs - Sumqayıt şəhər Qeydiyyat Şöbəsi) şəxsin ölmüş elan edilməsi barədə ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs – Sumqayıt şəhər Qeydiyyat Şöbəsi), 21.09.1982-ci ildə Qubadlı rayonu Dondarlı kəndində anadan olmuş X1 2015-ci ildə Suriya Ərəb Respublikasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, o, 03.06.2011-ci il tarixində X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur və bu nikahdan 3 övladları- 10.06.2011-ci il təvəllüdlü X4, 15.07.2013-cü il təvəllüdlü X2 və 16.08.2014-cü il təvəllüdlü X5 anadan olmuşdur. 2015-ci ilin mart ayında həyat yoldaşı Ramin Nəbiyev ərizəçini və üç övladını işləmək adı ilə Türkiyə Respublikasına aparmışdır. Daha sonra Türkiyənin İstanbul şəhərində beş gün qaldıqdan sonra Suriyə Ərəb Respublikasının Ray şəhərinə getmişlər. Ray şəhərində olduqları vaxt (2015-ci ilin mart ayının sonlarında) orada döyüşlər getməsə də, ətraf şəhərlərdə qızğın döyüşlər gedirdi. Ramin Nəbiyev ərizəçini və uşaqlarını Ray şəhərində yerləşdirərək, özü çıxıb getmişdir. Ray şəhərinə gələndən 10-15 gün sonra Türkiyə vətəndaşı olan bir qadın ərizəçinin yanında gələrək həyat yoldaşının döyüşlərdə həlak olduğunu bildirmişdir. Ərizəçi həyat yoldaşını sonuncu dəfə Ray şəhərində 2015-ci ilin mart ayının sonlarında görmüşdür. Hadisədən 4 il sonra ərizəçi uşaqları ilə birlikdə İraqda yaşasalar da, həyat yoldaşını görməmiş, onunla hər hansı bir əlaqə saxlamamışdır. Məhkəmə iclasında ərizəçi ərizəyə uyğun izahat verdi və həmçinin bildirdi ki, artıq altı ildir ki, onun həyat yoldaşından heç bir xəbər yoxdur. Uşaqları onun himayəsindədirlər və onları maddi ehtiyaclarının qarşılanması onun çiynindədir. Rəsmi sənədlərdə o, evli olaraq görünür. Bu isə ona müəyyən çətinliklər yaradır. Belə ki, uşaqlarının saxlanması üçün zəruri olan müavinətlər ala bilmir. Qeyd edilənlərə əsasən ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1987-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 11, İİ Paralel küçə, məhəllə 9 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnaməyə əsasən ərizəçi ilə Ramin Nəbiyev arasında nikah 03 iyun 2011-ci ildə Sumqayıt Nikah evində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X5 16.08.2014-cü ildə, X2 15.07.2013-cü ildə və X4 10.06.2011-ci ildə anadan olmuşlar. Uşaqların atası X3, anası Ərizəçidır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-915/2020 saylı, 06.03.2020-ci il tarixli qətnaməsi ilə X3 2015-ci ilin aprel ayının 1-dən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(001)- 6158/2018 saylı qətnaməsi ilə 21 sentyabr 1982-ci il tarixdə Qubadlı rayonu Dondarlı kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X1 Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.1.). Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.2.). Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır (41.3.). Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir (158.2.). Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır (193.2.). MPM-ə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi, itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır (315.1). Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır (315.2). Göründüyü kimi X3 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən 2015-ci ilin aprel ayının 1-dən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Onun xəbərsiz itkin düşmüş elan edildiyi vaxtdan 5 ildən artıq vaxt keçmişdir. Eyni zamanda Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(001)-6158/2018 saylı qətnaməsində göstərilmişdir ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən alınmış çıxarışdan görünür ki, X3 15.03.2015-ci il tarixində ölkə ərazisini tərk etmiş və geri qayıtması barədə məlumat qeydə alınmamışdır. Göründüyü kimi X1 barəsində son məlumatların əldə edilməsindən 5 ildən artıq vaxt keçmişdir. Bu səbəbdən ərizə təmin edilməli X3 ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən MM-in 41-ci və MPM-in 315, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 21 sentyabr 1982-ci il təvəllüdlü X3 01 aprel 2015-ci ildə, Suriya Ərəb Respublikasında ölmüş elan edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar